Bakıda dünya çempionuna 20 bıçaq vurdular

Bəhruz Çıraqovun qardaşı və yaxınları «Azadlıq»a nələri danışdı?

Qaydasız döyüş üzrə Bakı çempionu Elnur Mehtiyev müəllimi Vilayət Quliyevlə birgə kikboks üzrə dünya çempionunu ölümcül hala saldı

Biləcəri qəsəbəsi R.Ismayılov küçəsində qəsəbə sakini Elnur Mehtiyev şəxsi münaqişə zəminində Abşeron rayon sakini Bəhruz Çıraqova oktyabrın 3-də çoxsaylı bıçaq xəsarəti yetirib. Bəhruz Çıraqov xəstəxanaya yerləşdirilib. Binəqədi Rayon Polis Idarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Mehtiyev yaxalanıb.

 

“Hadisə söyüş üstündə olmayıb”

Ilkin məlumatlarda bildirilir ki, hər iki şəxs əlbəyaxa döyüş üzrə tanınmış idmançılardır. Belə ki, B.Çıraqov “Məhəmməd Əli” idman klubunun baş məşqçisi, əlbəyaxa döyüş üzrə dünya çempionudur. Olayın baş verməsinə səbəb isə söyüş olub. B.Çıraqova 20-yə yaxın bıçaq xəsarəti yetirilsə də, həyatı üçün təhlükə yoxdur.
Ötən gün hadisənin təfərrüatlarını öyrənmək üçün B.Çıraqovun yatdığı “Semaşko”ya (1 saylı Mərkəzi Kliniki Xəstəxana – red.) getdik. Çünki Binəqədi Rayon Polis Idarəsindən bildirdilər ki, zərərçəkən sözügedən ünvanda yerləşdirilib. Ancaq 1 saylı Mərkəzi Kliniki Xəstəxanadan dünya çempionunun orada olmadığını dedilər. Bəhruz Çıraqovun harada yatdığını bir neçə xəstəxananın qəbul və qeydiyyat şöbələrindən soruşsaq da axtardığımızı tapa bilmədik. Yalnız bu söylənildi: “Bəhruz adlı şəxs burada yoxdur”. “Semaşko”da olan Təcili Tibbi Yardım maşınının sürücülərindən biri bizimlə söhbətində olayın gizli saxlanıldığını dedi: “Hadisə haqda məlumatlar yayılıb. Ancaq daha dərindən araşdırılmasında kimlərsə maraqlı deyil”.
Bu məlumatdan sonra yenidən qəbul otağına getdik. Bir neçə cəhddən sonra məlum oldu ki, Bəhruz Çıraqov Musa Nağıyev adına Respublika Mərkəzi Kliniki Xəstəxanadadır. Adıçəkilən ünvana getdik. Xəstə cərrahiyyə şöbəsində olduğundan bizi içəri buraxmadılar. Qohumlarını axtarıb tapdıq. Qardaşı Mahir Çıraqov bizimlə söhbətində yayılan məlumatların həqiqəti əks etdirmədiyini söylədi. Onun sözlərinə görə, qardaşı söyüşcül adam deyil: “Indiyə kimi onun dilindən söyüş çıxmayıb. Axı normal insan qaldığı yerdə kimisə söyməz”.

Müəllim şagirdiylə hadisə yerindən qaçıb

Yaxınlarının dediyinə görə, bir qrup idmançıyla Bəhruz Çıraqov oktyabrın 3-də Ağcabədidən gəlirmiş. Dünya çempionu Binəqdi rayonunda “Biləcəri dairəsi” deyilən yerdə avtobusdan düşəndə Elnur Mehtiyev “səninlə söhbətim var” deyərək onu kənara çəkib. Bu zaman Elnurun müəllimi Vilayət Quliyev də onunla gəlib. V.Quliyev B.Çıraqovu arxadan tutub, E.Mehtiyev isə müəlliminə məxsus bıçaqla ona 20-yə yaxın zərbə endirib.
Bizimlə söhbət edən şəxslərin dediklərinə görə, Vilayət Quliyev ifadəsində onları barışdırmaq üçün hadisə yerində olub. Ancaq onlar bu fikirlə razılaşmırlar: “Əgər barışdırmaq istəyirdisə, niyə Bəhruzu arxadan tuturdu? Bıçağı Elnura niyə verirdi? Onlar Bəhruza xəsarət yetirib hadisə yerindən qaçıblar”.
Sən demə, Elnurun yaxınları ötən gün Bəhruza baş çəkməyə gəliblər: “Gəlib bizi görmədilər. Xəstəxanadan öyrəndilər ki, Bəhruz ölümcül vəziyyətdədir, çıxıb getdilər”.
Yaxınları hazırda Bəhruz Çıraqovla görüşə bilmir: “Bizi içəri buraxmırlar. Deyirlər ki, palataya köçürüləndən sonra onunla görüşəcəyik. Onların sözlərinə görə, hazırda vəziyyəti ağırdır. Danışa bilmir, halı özündə deyil.
1981-ci il təvəllüdlü Bəhruz Çıraqov kikboks üzrə dünya çempionudur. Elnur Mehtiyev isə qaydasız döyüş üzrə Bakı çempionu titulunu qazanıb.

Ramin DEKO