«Forbes»in iqtisadi azad ölkələr reytinqi cədvəlində Azərbaycan 78-ci yerdədi
Nemət Əliyev: «Azərbaycanda real sosial-iqtisadi vəziyyət jurnalın açıqladığı rəqəmlə müqayisədə daha ağırdır»
ABŞ-ın “Forbes” jurnalı növbəti dəfə iqtisadi cəhətdən azad ölkələrin reytinqini dərc edib. Bu dəfə Azərbaycan siyahıda 78-ci yerdə qərarlaşıb. Ölkəmizin qonşuları isə Mozambik (77) və Şri-Lankadır (79). Bundan əlavə, Qazaxıstan, Salvador, Indoneziya kimi ölkələr siyahıda Azərbaycana yaxın pillələrdə yer alıb. Bu reytinq göstəricisi hökumətin iqtisadi inkişafla bağlı dedikləri ilə qətiyyən üst-üstə düşmür. Əksinə, neft ölkəsi Azərbaycanın dünyanın kasıb ölkələri ilə bir sırada dayanması nə hökumətə, nə də dövlətin adına baş ucalığı gətirir. Bəs Azərbaycanın bu reytinqdə belə acınacaqlı nəticə göstərməsi nədən xəbər verir?
Iqtisadçı-ekspert Nemət Əliyevin fikrincə, “Forbes” Azərbaycanı 78-ci yerə çıxarmaqla ölkəmizə güzəşt edib. Əslində real vəziyyət daha da acınacaqlıdır: “Görünür, onlar Azərbaycandakı real vəziyyətin bir o qədər fərqində deyillər. Azərbaycanda real sosial-iqtisadi vəziyyət jurnalın açıqladığı rəqəmlə müqayisədə daha ağırdır. Çünki ölkə iqtisadiyyatında, sözün əsl mənasında, çox ağır dövr yaşanır. Monopoliya, rüşvətxorluq və korrupsiya görünməmiş dərəcədə yüksəlib”.
Ekspertin sözlərinə görə, bütün bu amillər insanların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına imkan vermir. Eyni zamanda bazar iqtisadiyyatının inkişafına mane olur. Bu da ölkədə sosial vəziyyəti kritik dərəcədə ağırlaşdırır. Ona görə hökumətin iqtisadi və sosial inkişafa doğru irəliyə addım atması ilə bağlı verdiyi bəyanatlar gerçəkliyi əks etdirmir.
N.Əliyev hesab edir ki, Azərbaycan hökumətinin iqtisadi siyasəti yalnız neft hasilatına yönəlib. Buna, hətta bütövlükdə neft sənayesi də demək mümkün deyil: “Azərbaycan hökuməti, sadəcə olaraq, Tanrının bizə verdiyi böyük sərvətləri yerin altından çıxarıb satmağa əsaslanan bir iqtisadiyyat qurub. Baxmayaraq ki, başqa ölkələr neft hasil etməklə yanaşı sonrakı mərhələlərdə də geniş diversifikasiyanı nəzərdə tutan iqtisadi strukturlar formalaşdıra biliblər. Bizdə isə hökumət bunun da öhdəsindən gələ bilmir. Azərbaycanda, sadəcə olaraq, neft iqtisadiyyatı vardır demək real gerçəkliyi daha düzgün ifadə edir”.
Ölkənin iqtisadi sisteminin, dövlətin büdcəsinin, əhalinin sosial-iqtisadi vəziyyətinin neftdən asılı duruma gətirildiyini deyən ekspert hökumətin uğurlu iqtisadi siyasətindən danışmasını mənasız və yersiz fikir kimi qiymətləndirdi.
Fizzə


