Baxıb telinə bəzək vurması üçün yox.
ÖZünü, MƏNini görməsi üçün güzgü gərəkdir.
Adamı “Azadlıq” radiosuna çıxarıb danışdırırlar. Açıqca görünür ki, təlimat-filan almayıb, sadəcə, onu o Milli Məclisdə oturdanlara xoş gəlsin deyə ÖZünü unudub müxalifətin ünvanına ağzına gələni danışır. Ya da Mərkəzi Sinir Sistemində (MSS) patoloji dəyişiklik start verib. Ilkin diaqnozumuz belədir. Allah ikincisindən hifz etsin, MSS-dəki patoloji proses şiddətlənsə, Bərdə camaatı yaman günə qalar.
YAP funksionerlərini – Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzov triosunu hərdən tənqid edirəm və buna haqqım çatır. Nədən ki, YAP iqtidardır və mən də o iqtidara müxalif olduğumdan tənqidə tuş olurlar o zatlar.Bəs bu Zahid Oruc kimdir?
Özündən xəbər alsaq, güman ki, iqtidaryönümlü deyəcək. Iqtidaryönümlü də iqtidara meyl edən, onu sevən anlamındadır. Bu zatın mətbuata verdiyi açıqlamalara diqqət edəndə isə aşkar olur ki, adam iqtidaryönümlü-filan deyil, yüzdəyüz YAPçıdır və hətta mən deyərdim ki, 550 min YAP üzvünün böyük əksəriyyətindən də qatı YAPçıdır. Belə olmasaydı, WikiLeaks-in Ilham Əliyev barədə açıqlamalarından sonra “mən Ilham Əliyevin obrazını daha güclü, peşəkar, güzəştsiz, Azərbaycanın maraqları adına bağlı bir insan kimi görməkdəyəm” cümləsini dilinə gətirməzdi. Bütün parametrlərinə rəğmən Zahiddən qat-qat üstün YAPçılar tanıyıram ki, WikiLeaks-in yazdıqlarından sonra xəyal qırıqlığına uğrayıb, bu partiyanı tərk etmənin yollarını arayırlar. Zahid Oruc isə YAP sədrini səcdələşdirir, ona bu əməllərinə görə sitayiş edir.
Düşünürəm ki, işdir Zahid Orucun yolu Dubaya düşsə və ona Ilham Əliyevin uşaqları üçün aldığı 74 milyon dollarlıq villaları göstərsələr, sevincindən bayılıb yerə yıxılacaq. Gedəcəksə, məsləhətim odur ki, Dubaya qışda getsin, indi orada havanın istiliyi 45 dərəcədən çoxdur, 45 dərəcə istidə bayılmağı ağır fəsadlarla nəticələnə bilər.
“Azərbaycanda qarşıdakı ən azı onillik dövr üçün müxalifət hakimiyyət uğrunda mübarizədən imtina etməlidir”. Zahid Orucun müxalifətə tövsiyəsidir bu. Allah BAXCP sədri Qüdrət Həsənquliyevin ölənlərinə rəhmət etsin. O, “Eurovizion-2012″ ilə ilgili müxalifətin bir il aksiya keçirməməsini istəyirdi. Zahid müəllim 10 ildən dəm vurur və ona görə də məcbur olub ona bəzi nəsnələri xatırlatmaq zorundayıq.
Birincisi, Zahid, sən öz mövqeni bəyan et bilək ki, sağdasan, soldasan, mərkəzdəsən, yoxsa… Birdən çaşıb özünü millət vəkili kimi qələmə verərsən, ayıbdır, Bərdə camaatından. Seçilməyinin necəliyini cümlə Azərbaycan bilir. Ikincisi, artıq böyüyübsən, uşaq deyilsən, məgər bilmirsən ki, adamın danışdıqlarına görə ağlı ilə bərabər şəxsiyyətinə də qiymət verirlər. Üçüncüsü, müxalifət adı gələndə səndə nə baş verir ki, tez hoppanıb ortaya düşürsən və başlayırsan korrupsioner bir rejimi öyməyə. Kimə göstərirsən özünü? Əgər YAP sənin kimi iqtidaryönümlülərin dəstəyinə möhtacdırsa, vay o zaman onun halına.
Sənə bir məsləhətim var, Zahid Oruc. Iqtidar-müxalifət münasibətlərinə qarışmasan yaxşıdır. Allah evini tiksin, xoşbəxtlik quşudur qonub çiyninə, başını sal aşağı çörəyini ye. Nədən özünü hörmətdən salırsan?Məsləhət qəbul etmədiyin halda güzgüdə mütləq ÖZünə və MƏNinə diqqət yetir. Işdir özün haqqında yüksək fikirdə qalmalı olsan, o zaman sənə də məşhuri-caiz YAP triosuna etdiyim təklifi aid sayıram. Facebook-dakı səhifənə “Zahid Oruca münasibətiniz” sualını yerləşdir və cavabları diqqətlə oxu. Əminəm ki, o zaman mənə heç bir iradın olmayacaq.