Dünyanın ən çoxbilmiş insanları

Biganəlik haqda çox yazmışam. Amma yenə də bu mövzudan yapışmaq, bir az onun ətrafında gəzişmək istəyirəm. Aprel məhbuslarının çıxışı, mənə belə gəlir ki, son dövrün ən maraqlı çıxışlarından biri idi. Belə çıxışların bir vaxt insanlar üzünü köçürür və bir-birinə ötürürdülər. Düzdür, indi meyarlar və ölçülər də dəyişib. Amma insan ürəyi və hissiyyatı bu qədər etinasızlaşıbmı? Çox qəribədir. Bir vaxt insanlar lap səhər tezdən qəzet köşklərinin qarşısını kəsdirirdilər. Təbii ki, belə informasiya eyforiyası həmişə olmur, bunu bizlər də başa düşmək iqtidarındayıq. Amma müəyyən subyektiv detallar da var. O ölkələrdə ki, güclü elektron informasiya vasitələri olur, oralarda yazılı dərgi və orqanlar çətinliklə qarşılaşırlar. Amma Azərbaycanda vəziyyət bir qədər başqa cür olmalıdır. Elektron informasiya vasitələri necə işləyir və hansı informasiyaları verir, bunlar hamımıza yaxşı bəllidir. Məsələn, onların aprel məhbusları və onların prosesi haqda hər hansı bir məlumat verməsini görməmişəm. Özü də təkcə aprel məhbuslarından söhbət getmir, elə o biri proseslərə də münasibət belədir. Belə olan təqdirdə biganə olmayan, ölkəni və onun gələcəyini düşünən vətəndaş nə etməlidir? Bəli, o, daha ətraflı, elə dəqiq informasiya almaq üçün də qəzetlərə müraciət etməlidir. Amma bunu müşahidə etmirik. Bəlkə indilər soruşsan ki, aprel aksiyaları ilə bağlı hansı proses gedir, çoxu bu suala cavab verməyə çətinlik çəkər. Bunun haqqında da çox düşünmüşəm. Bəlkə doğrudan da insanları yağış və qar, onların biz adi bəndələr üçün yaratdığı problemlər, gündəlik məişət qayğıları, ətin və digər məhsulların qiyməti daha çox maraqlandırır? Bunu istisna etmirəm və buna, hətta normal yanaşıram. Amma məsələ bundadır ki, mənim nəzərdəcə tutduğum qəzetlər bu haqda da yazır, özü də çox ətraflı və yaxşı yazırlar! Bu detal bir daha göstərir ki, yazılı mətbuata marağın azalması heç də normal hal deyil, biz sadəcə, çox biganələşmişik. Unutmayaq ki, “ərəb baharı” həm də adi bir satıcıya qarşı edilmiş zorakılıqdan başlandı. Amma Azərbaycanda hər gün nə qədər insanın hüququ pozulur, nə qədər insanın haqqı tapdanır? Bu haqda düşünmüşükmü? Düşünmürük. Bizə elə gəlir ki, bir müxalifət və etiraz “kontoru” var, yalnız oradakı insanlar bu haqda düşünməlidir! Bizim isə həmişə “daha vacib işlərimiz” olur, biz xroniki olaraq vaxt tapa bilmirik! Bəlkə bu da düşüncə mövzusu olmalıdır? Qoşqu atları kimi sutkanın üçdən iki hissəsini bir parça çörəkdən ötrü ora-bura “çapırıq”! Bu, normal hal və normal həyat hesab oluna bilərmi? Hətta ondan da xəbərimiz yoxdur ki, indi ölkədə normal ədəbiyyat yaranır, bu ədəbiyyat indki insanı inikas etdirməyə, onun axtarışlarını, düşüncələrini əks etdirməyə cəhd edir. Biz bu prosesi də görmürük. Tamaşaların birindəki personaj qəzetdə başlıqları oxuyub və çox qəribə tərzdə buna reaksiya verirdi: “noolsun?”. Amma heç olmasa həmin personaj əlində qəzet tuturdu, onu nəzərdən keçirirdi, heç olmasa başlıqları oxuyurdu! Biz hətta bunu da etmirik! Özümüzü elə aparırıq ki, sanki ölkədə nə qəzet var, nə kitab! Bir az qism də belə düşünür ki, o, orada olanı, yazılanı bilir, onun qəzet və kitab oxumasına ehtiyac yoxdur! Sanki bizlər o insanlar deyilik ki, hələ sovet vaxtlarında da ən az mütaliə edən cəmiyyət və millətlərin siyahısında olurduq. Indi isə özümüzü elə göstəririk ki, elə bil bu dünyanın ən çoxbilmiş insanlarıyıq!

Biz odunçuyuq?

Deyəsən, Polşadakı sammit başa çatdı. Yekun bəyanatda Avropanın bizimlə enerji sahəsində əməkdaşlıq edəcəyi deyildi. Ixtisasca fizikəm, enerjinin də nə qədər vacib anlayış olduğunu başa düşürəm. Amma kaş siz biləydiniz ki, mən bu enerji sözünə nə qədər nifrət edirəm! Ay qardaş, bizlər odunçuyuq? Əslində Avropa başqa cür düşünür, bizi odunçular timsalında təqdim edən hakimiyyət adamlarıdır. Düşünən kəslər Azərbaycanın neft, qaz ölkəsi olmasından qürur duymur, çünki təbiətin də bölgüsündə bir təsadüfilik var, kiminin ayaqlarının altında nəsə var, kiminin də başında…