Azərbaycan uğrunda savaş tablosu – Lənkəran xanlığı

Lənkəran xanlarının böyük şəcərəsi

Lənkəran xanlığı XVIII əsrin ortalarında yaranmış, mərkəzi əvvəlcə Qızılağac kəndi, sonra Astara şəhəri, daha sonra isə Lənkəran şəhəri olmuşdur. Xanlığın ərazisi, demək olar, Azərbaycan Respulikasının Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı rayonlarının ərazilərini və indiki Iranın Gilan vilayətinin Astara və Həştpər (hazırda Taleş adlanır) bölgələrini əhatə edirdi. Sərhədləri təxminən şimaldan Bolqarçayın mənsəbinədək, şərqdən Kür çayının mənsəbinədək Xəzər dənizinə, cənubdan və qərbdən Iran sərhədlərinə qədər bir ərazini əhatə edirdi. Belə ki, Lənkəran xanlığı şimal-şərqdə Quba xanlığına tabe olan Salyan sultanlığı ilə, şimalda ərazisi sonradan Şamaxı xanlığı ilə Qarabağ xanlığı arasında bölüşdürülmüş Cavad xanlığı ilə, şimali-qərbdə Qaradağ xanlığı ilə, qərbdə Ərdəbil xanlığı ilə, cənubda isə Gilan xanlığı ilə həmsərhəd idi.Lənkəran xanları sülaləsi mənşəyi haqqında məlumat Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun müəllifi olduğu “Əxbərnamə” əsərində və Azərbaycan tarixçisi Seyid Əli Kazımbəy oğlunun “Cəvahirnameyi Lənkəran” əsərində verilmişdir. Mirzə Əhməd Mirzə Xudaverdi oğlu “Əxbarnamə” (1882) əsərində qeyd edir ki, Lənkəran xanları sülaləsinin banisi Seyid Abbas bəyin nəsli Güney Azərbaycanın Xalxal mahalının Hir kəndindəndir və Seyid Abbas bəy ağır maliyyə vəziyyətindən dolayı XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Şirvan Bəylərbəyliyinin Talış mahalına – Xarxatan kəndinə köçmüşdür. Seyid Abbas bəyin Səfəvi nəslindən gəldiyi bilinir (yüksək ehtimalla ana xətti üzrə).

Seyid Əli Kazımbəy oğlu 1869-cu ildə yazdığı “Cəvahirnameyi Lənkəran” əsərində II Şah Abbas Səfəvinin (1642-1666) 1654-cü ildə verdiyi fərmana istinad edərək Seyid Abbasın 12-ci nəsildə babasının Seyid Müntəsir Billah olduğunu yazır, bu şəxsin də 20-ci nəsildən babası Həzrəti Məhəmməd peyğəmbərdir. Yəni Seyid Abbas Həzrəti Məhəmməd peyğəmbərin 32-ci nəsil şəcərəsidir, dolayısı ilə mənşəcə ərəb olmuşdur.

Yuxarıda qeyd edildiyi kimi Seyid Abbas bəy XVII əsrin sonu XVIII əvvəllərində Cənubi Azərbaycandan Talış mahalına – Xarxatan kəndinə köçüb məskunlaşmışdır. Bu kənddə yaşayarkən yerli feodallarla yaxınlaşan Seyid Abbas bu kəndin sahibi Boradigahlı Əsəd bəy Hüseyn bəy oğlunun bacısı Ahu xanımla evləndi. Onunla izdivcdan Seyid Abbas bəyin Seyid Cəmaləddin adlı oğlu dünyaya gəldi. Seyid Abbas bəy və Əsəd bəy 1736 – cı ildə Muğan qurultayında iştirak etmiş, Nadir şah Əfşarın hakimiyyətini tanıyaraq oğulları Seyid Cəmaləddin bəyi və Əli bəyi Nadir şahın hərbi qulluğuna göndərmiş, orada isə onlara (Seyid Cəmaləddin bəyə və Əli bəyə yüzbaşı rütbəsi verilmişdi. Nadir şahın məmurları Seyid Cəmaləddin bəyə dərisinin rəngindən dolayı Qara bəy (o, 1749-cu ildən 1786-cı ilədək Lənkəran xanı olub) deyirdilər. Qara bəy Nadir şahın Dağıstana hərbi səfərləri zamanı xüsusi olaraq fərqlənmişdi və buna görə hicri tarixi ilə 1154-cü ildə (miladi tarixi ilə 1741/2-ci ildə) o, Nadir şah tərəfindən irsi xan titulu ilə mükafatlandırıldı.

Xanlıq Fətəli xanın birlik siyasətini dəstəklədi

Qara xan Lənkəranın iqtisadi və siyasi qüdrətini möhkəmlətmək məqsədilə bir sıra tədbirlər həyata keçirdi,  daimi qoşun təşkil etdi. O zaman Talışda torpaq sahələrinin əksəriyyəti xan nəslindən olmayan yerli feodalların əlində idi. Qara xan həmin feodalların iqtisadi və siyasi qüdrətini qırmaq üçün mərkəzi hakimiyyətlə hesablaşmayanların torpaqlarını müsadirə etdi. Iran təhlükəsindən qorunmaq məqsədilə (1747-ci ildə) paytaxtı Astaradan Lənkərana köçürdü, geniş abadlıq işləri apardı. Bu tədbirlər şəhərin ticarət və mədəniyyət mərkəzinə çevrilməsinə şərait yaratdı.

Bu dövrdə Lənkəran Xəzər dənizi sahilində artıq əhəmiyyətli bir liman şəhərinə çevrilməkdə idi və Dərbənd, Niyazabad və Bakı şəhərləri ilə birlikdə Azərbaycanın həm daxili, həm də xarici ticarətində mühüm rol oynayırdı. Məhz bu səbəbdən Qara xan paytaxtı Astaradan Lənkərana köçürdü. Bu zaman Lənkəran xanlığına 6 nahiyyə: Lənkəran, Astara, Zuvand, Sebican, Vəryadüz və Biləsuvar daxil idi. Lənkəran xanlığında Astara, Lənkəran, Muranqul, Ərkivan, Dəştvənd (Masallıdan Nefçalaya kimi), Ucarud, Dırıq, Sırıq, Zuvand, Pirand, Orand mahalları mövcud idi.

Qara xan Lənkərana müxtəlif yerlərdən sənətkar və ustalar gətirtmişdi. O, şəhərdə qala divarları, xan sarayı, məscid, hamam, bazar, karvansaray inşa etdirdi. Bu dövrdə şəhərdə iki bazar var idi: Yuxarı (mərkəzi) və Aşağı bazar. Bu dövr tikililəri arasında gözəllik və memarlıq baxımından Xan sarayı diqqəti daha çox cəlb edirdi. Iki mərtəbədən olan saray başdan-başa şəbəkəli olub, rəngarəng şüşələrlə bəzədilmişdi. Lənkəranın Xəzər dənizi vasitəsilə tranzit ticarətdə iştirak etməsi, onun iqtisadi bir mərkəz kimi təşəkkül tapmasında görkəmli rol oynamışdı.

Qara xan xarici siyasətdə Rusiyaya meyl göstərirdi. Bu bəzi Iran hakimlərini, xüsusilə, gilanlı Hidayət xanı narahat edirdi. 1768-ci ildə Hidayət xan 12 min nəfərlik qoşunla Talışa soxuldu, Şindan qalasına çəkilən Qara xan bir müddət müqavimət göstərsə də, Hidayət xan çoxlu xərac alaraq Qara xanı azad etdi. Qara xan Gilan təcavüzünə qarşı yardım almaq məqsədilə qardaşı Kərbalayı Sultanı kiçik silahlı dəstə ilə Qubaya, Fətəli xanın hüzuruna göndərdi. 1785-ci ildə Lənkəran xanlığı Qubalı Fətəli xanın Azərbaycanın xeyli hissəsini birləşdirdiyi torpaqlara qatıldı. Fətəli xan bütün Azərbaycan xanlıqlarını birləşdirib güclü bir dövlət yaratmaq istəyirdi. 1789-cu ildə Fətəli xanın ölümündən sonra xanlıq yenidən müstəqil siyasət yürütməyə başladı.

1786-cı ildə Qara xanın vəfatından sonra hakimiyyətə onun oğlu Mir Mustafa xan keçdi (1786-1814). Bu dövr xanlıq üçün çox ağır illər idi. Belə ki, xarici hücumlar, əsasən də cənub sərhədlərindən ara vermək bilmirdi. 1794-cü ildə Azərbaycanın cənubunda hakimiyyətə gələn Ağa Məhəmməd şah Qacar, Iranda da öz mövqelərini möhkəmləndirdikdən sonra Cənubi Qafqaza hücuma başladı. Ruslar işğal zamanı 16 minlik əhalini qırdı

O bütün Azərbaycan xanlıqlarından ona tabe olmağı tələb edirdi. Lakin xanlıqların əksəriyyəti bu tələbi rədd etdi. Yaranmış vəziyyətdən istifadə edən Rusiya hökuməti Qafqazda, xüsusilə Azərbaycanda öz mövqelərini gücləndirmək işini daha da sürətləndirməyə çalışırdı. Talış xanı Mir Mustafa xan Rusiya təbəəliyini qəbul etməyə hazır olduğunu bildirmişdi. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın hücumu ərəfəsində Mir Mustafa xan Rusiyaya meyl göstərən Azərbaycan xanlarına məktub yazaraq Irana qarşı birgə mübarizə aparmağa hazır olduğunu bildirdi. Buna baxmayaraq, Qacar öz qoşunlarını 1795-ci ildə həm Irəvan, həm də Lənkəran istiqamətindən Azərbaycana yeritdi. Mir Mustafa xan düşmənə müqavimət göstərmək iqtidarında olmadığından, Lənkəran əhalisini Sarı adasına köçürüb müdafiə mövqeyi tutdu. Iran qoşunları getdikdən sonra Talışa qayıdan Mir Mustafa xan 1795-ci ilin sentyabrında öz nümayəndəsi Zaman bəyi Şimali Qafqaza, rus generalı Qudoviçin yanına, oktyabrda isə Kərbalayi Əsədulla bəyi Peterburqa göndərdi. 1796-cı il martın 12-də Kərbalayi Əsədulla bəy Talış xanlığının Rusiyanın himayəsinə qəbul edilməsi haqqında Mir Mustafa xanın məktubunu II Yekaterinaya təqdim etdi.

Mir Mustafa xanın Rusiyanın himayəçiliyini qəbul etməsi, Xəzərdə üstünlüyü ələ keçirmək istəyən Rusiya üçün çox əhəmiyyətli idi. 1796-cı ildə II Yekatrinanın vəfatı ilə əlaqədar hakimiyyətə gələn I Pavel rus qoşunlarını geri çağırdı. Bundan istifadə edən Qacar yenidən Azərbaycana soxuldu. 1802-ci il dekabr ayının 26-da Georgiyevsk müqaviləsinə görə Talış xanı Rusiyanın ali himayəsinə qəbul olundu.

Iran şahı 1809-cu ildə Fərəculla xanın komandanlığı altında 2 min atlını Lənkərana göndərdi. Əhali Lənkəranı tərk edib, Sarı adasına köçdü. Bu Rusiyanı narahat etməyə bilməzdi. 1813-cü il yanvarın 1-də günəş doğduğu zaman general Kotlyarevskinin komandanlıq etdiyi rus qoşunları hücuma başladılar və 3 saat davam edən qanlı döyüş nəticəsində 350 nəfər itki verərək Lənkərana daxil ola bildilər. Şəhərin müdafiə qüvvələrinə rəhbərlik edən türk oğlu Sadıq xan 4 min əsgəri ilə qəhrəmancasına savaşaraq şəhid oldu. Ruslar şəhərə daxil olduqdan sonra demək olar ki, əsl qətliam edərək şəhərin 16 min sakininin hamısını öldürdülər.

1813-cü il sentyabrın 12-də Rusiya və Iran arasında Gülüstan müqaviləsi imzalandı. Bu müqavilə ilə Azərbaycanın iki hissəyə bölünməsinin əsası qoyuldu və Azərbaycan torpaqları iki işğalçı arasında bölüşdürüldü. Lənkəran xanlığı bir çox digər xanlıqlar kimi Rusiyaya birləşdirildi.
1814-cü ilin 26 iyulunda general-mayor Mir Mustafa xan vərəm  xəstəliyindən vəfat edtikdən sonra onun yerinə oğlu Mirhəsən xan keçdi. 1826-cı ildə Mirhəsən xan vəfat etdikdən sonra xanlıq ləğv edildi…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir