Vicdan məhbuslarına vicdansızcasına cəza kəsildi

Hökmə «İstefa», «Azadlıq» şüarlarıyla cavab verildi (VİDEO/FOTOLAR)

 

 

Səbail məhkəməsinin önündə etiraz aksiyası keçirildi

 

Ictimai Palatanın 2 aprel mitinqinin təşkilatçılğında ittiham edilənlər – Arif Hacılı, Fuad Qəhrəmanlı, Məhəmməd Məcidli və Tural Abbaslının məhkəmə prosesi dünən yekunlaşdı. Səbail rayon məhkəməsinin hakimi Famil Nəsibov Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılını, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslını və AXCP-də şöbə müdiri Məhəmməd Məcidlini 2 il 6 ay müddətinə azadlıqdan məhrum etdi. AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya isə 2 il şərti cəza verildi.

 

Yüzlərin gözü önündə

Dünənki prosesi IP liderləri AXCP sədri Əli Kərimli və Müsavat başqanı Isa Qəmbər, IP-in çoxsaylı üzvləri, QHT nümayəndələri, gənclər hərəkatının təmsilçiləri və ABŞ səfirliyindən əməkdaşlar izləyirdi.

 

Qara ləkəli 3 oktyabr

Məhkəmədə hökmdən öncə AXCP ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidli son söz dedi. O, çıxışına hökm oxunacaq tarixə – 3 oktyabra diqqət çəkməklə başladı. O dedi ki, 1993-cü ildə Heydər Əliyevin bu tarixdə siyasi hakimiyyəti ələ keçirməsiylə 3 oktyabr qara günə çevrilib, çox güman, məhkəmə də bu qara rəngi bir daha təqvimdə təzələyəcək: “3 oktyabr 1993-cü ildən üzü bəri vətəndaşlarımıza verilən bütün hüquqlar tapdalanmaqdadır, bu hüquqlar uğrunda mübarizə aparan insanlar təqib və təzyiq altındadırlar”. Məhəmməd Məcidlinin bu fikrinə dərhal hakimdən reaksiya gəldi. O, son sözü mahiyyət üzrə davam etməyi tələb etdi. Məcidlinin çıxışı boyunca belə hal bir neçə dəfə yaşandı, o, hər dəfə Əliyev soyadını səsləndirəndə hakim xəbərdarlıq edirdi. Məcidli isə bu xəbərdarlığın hüquqi olmadığını, yalnız hakimin “yuxarılara” izahat verməsi üçün atdığı addımlar olduğunu dedi.

“Azadlıq” demək cinayət məsuliyyəti yaradır

“Bizim hökmümüz bu gün verilməyəcək, bu məhkəmə başlayandan, avqust ayından onu yazıb sizə veriblər. Ona görə sizdən heç bir ədalət ummuram, lakin prosessual qayda olduğundan 2 apreldə həbs olunan yoldaşlarımıza bəraət tələb edirəm” – deyən Məcidli həbsinin motivinin siyasi olduğunu bildirdi. “Azadlıq”, “Istefa” şüarları səsləndirdiyinə görə cəzalandırıldığını, lakin qolları qandallansa da köləyə çevrilməyəcəyini də Məcidli bəyan etdi.

Siz yalançı alqış aşıqlarısınız

Ötən prosesdə Arif Hacılının Məhəmməd Əmin Rəsulzadədən iqtibas gətirib “Azərbaycan” şeirini səsləndirdiyini və bu zaman zaldakı alqışları hakimin zorla dayandırdığını Məhəmməd Məcidli təsadüfi hal saymadığını dedi. O, bunu Azərbaycan hakimiyyətinin mahiyyəti ilə uzlaşdırdı: “Azərbaycan hakimiyyəti də Rəsulzadənin ucaltdığı bayrağın altında, qurduğu dövlətdə fəaliyyət göstərsə də AXC qurucusunu unutdurmaq üçün əlindən gələni edir. Azərbaycan adı gələndə qəzəblənən, Azərbaycan adına görə çalınan alqışları dayandıran şəxs, paradoksa bax ki, bir azdan bizə Azərbaycan dövləti adından hökm oxuyacaq. Lakin bu hökm daha çox Ermənistan dövlətinin maraqlarına uyğun gələcək. Boğduğunuz o alqışlar xalqın içindən gələn alqışlar idi, siz isə 1969-cu ildən sifarişli, yarınma üçün edilən alqışlara öyrəncəlisiniz”.

Cinayəti hakimiyyət edib

2 aprel aksiyası barədə Məcidlinin fikirləri belə oldu: “Həmin gün Azərbaycan xalqının mübarizə tarixinə önəmli bir gün kimi düşəcək. Həmin gün IP tərəfdarları nəinki cinayət, heç inzibati xəta da törətməyiblər. IP-in çağırışı ilə insanlar konstitusiyanın verdiyi imkanlardan istifadə edərək meydanlara çıxıb. Bu zaman isə ”ərəb baharı”nın təkrarlanacağından ehtiyatlanan hakimiyyət özü cinayətə əl atıb. Öyrədilmiş təxribatçılarla bəzi mülkiyyətlərə ziyan vurulub, polislər qeyri-adekvat şəkildə onu və aksiyaçıları vəhşicəsinə döyüb, işgəncə verib.

Işgəncələr

Saxlanmasından danışan M.Məcidli bildirdi ki, polislər tutulanlara təpik atır, yumruq vururdular: “6-7 polis üstümə hücum çəkdi, sifətimə, ağzıma yumruqla vurdular. Məni gətirib avtobusa mindirdilər. Avtobusda sifətimə qaz sıxdılar. Qazın iyindən avtobusda boğuldum. Bu zaman avtobusun şüşəsinin sındığını gördüm. Həmin şüşəni polislərin qırmasına şübhə etmirəm. Polis bölməsində 30 saat ac-susuz saxlanılmışam”.

Polislər haqqında

Cinayət işində adı keçən polislərin yalançı şahidliyi barədə danışan AXCP funksioneri dedi ki, bu adamlar öz məsuliyyətini dərk etməyən, qürurdan məhrum, gözükölgəli adamlardır: “Belə adamları ona görə polis sisteminə cəlb ediblər ki, rahatlıqla Şahin Həsənlinin cibinə güllə, Cabbar Savalanlının cibinə narkotik atsınlar, yalandan üzə dursunlar. Sual verirəm, necə olur ki, aksiyada 30-a yaxın polis xəsarət aldığını deyir, ancaq bu xəsarəti vuranın birini də tuta bilmirlər? Özünü qoruya bilməyən polis vətəndaşları necə qoruyacaq? Mən məhkəməyə rəsmi qəzet təqdim etdim. Həmin qəzetdə burda şahidlik edən polisin müsahibəsi vardı. Məhkəmədə 2 aprel aksiyasında kəllə-beyin travması aldığına görə bir həftə reanimasiyada yatdığını deyən polisin 5 apreldə qəzetdə müsahibəsi çıxmışdı. Çox təəssüf ki, hakim bu aşkar saxtakarlığı araşdırmadı, ona qiymət vermədi. Bütün bunlar deməyə əsas verir ki, bu cinayət işi deyil, qurama bir böhtandır”.

“Bank Standart”ın ört-basdır edilən faktları

M.Məcidli çıxışında həmçinin bildirdi ki, “Bank Standart”ın rəhbəri Bakı şəhər Prokurorluğuna ünvanladığı məktubda bankın şüşəsinin sındırılması ilə bağlı kamera çəkilişlərini təqdim edib: “Bakı şəhər prokurorluğu da həmin şəxsin müəyyən edilib tutulması üçün Bakı şəhər Baş Polis Idarəsinin rəhbər şəxslərinə müraciət edib. Lakin təxribatçını tutmayıblar. Buradan da bir daha görünür ki, bu olayların hamısı hökumətin özünün sifarişidir”.

Demokratiyaya nail olacağıq

Məhəmməd Məcidli onu da qeyd etdi ki, siyasi hakimiyyət demokratiyadan qorxur: “Lakin biz bilirik ki, demokratiya öz-özünə gəlmir. Bunun üçün mübarizə aparılmalıdır. Biz qurban gedəsi olsaq da, qanımız bahasına da olsa demokratik islahatları keçirəcəyik. Bizim bu mübarizəmiz hakimiyyət nümayəndələrinin mənafeyinə toxunan addımlardır”.

Korrupsiya haqqında

“Azərbaycanda ziyalılar adına layiq həyat tərzi keçirmir. Təhsilə zərbə vururlar, bu zərbəni sonda millət dadır. Mən həbs olunana qədər məcburi köçkünlər üçün salınan qəsəbədə yaşayırdım. Ildə dörd dəfə bu qəsəbənin yolları, su xətləri guya yenilənir. Belə adlarla pullar mənimsənilir. Bu faktı Əli Həsənov Enn Dersi ilə söhbətində etiraf etmişdi. Korrupsiya piramidasının başında isə Ilham Əliyev və onun ailəsi durur. Bu gün Əbülfəz Elçibəyə kinayə ilə yanaşan hakimiyyət rəhbərinin məktəbli oğlunun adına Dubayda milyonlarla dəyəri olan villalar var. Əbülfəz Elçibəy isə vəfat edəndə onun bəzi yerlərə borclu olduğu barədə söhbətlər yayılmışdı”.

Diktatorlarla da müqayisədə Əliyevlər uduzur

Tarixdəki qəddar tiranların da rəqiblərə yanaşmada bəzi humanistlik elementləri göstərdiyini Məcidli faktlarla sadaladı. Buna misal kimi o, Makedoniyalı Isgəndərin Daranın ailəsinə, Stalinin Rəsulzadəyə, Mircəfər Bağırovun Üzeyir Hacıbəyliyə münasibətindən söz açdı və dedi ki, analoji hərəkəti nə Heydər Əliyev, nə də oğlu edib.

Məhəmməd Əmin Rəsulzadə haqqında

“Əvvəl bəhanə edirdilər ki, guya M.Ə.Rəsulzadəyə heykəl qoymağa pulları yoxdur. ”Analoqsuz inkişaf” pul gətirən də isə Rəsulzadə unuduldu, əvəzində Heydər Əliyevin heykəlləri, bütləri hər yeri bürüdü. BDU-nun girişində üzərinə “burda Rəsulzadəyə abidə qoyulacaqdır” yazılan bir postament var. Həmişə onu toz-torpaq içində gördüm. Cibimin dəsmalını çıxardıb o daşı sildiklərim az olmayıb. Bu, Məhəmməd Əminə verilən qiymət deyil, hakimiyyətin özünə verdiyi mənfi qiymətdir”.

Mənəviyyata qarşı savaş

Tarixçi tədqiqatçı kimi 3 il arxivlərdə vaxt keçirdiyini, lakin hələ də müdafiə üçün ona imkan verilmədiyini də Məhəmməd Məcidli hakimiyyətin elmə dırnaqarası münasibəti və korrupsiya faktı kimi dəyərləndirdi: “Bu 3 ildə nəinki arxiv, heç kitabxana üzü görməyənlər alim olub, mənə isə imkan verilmir. Niyə? Çünki mən rüşvət vermirəm, özümü kiməsə tapşırtmağı qüruruma sığışdırmıram. Mənim tədqiqat mövzum Ərəb ölkələri ilə Azərbaycan arasındakı münasibətlər idi. Bu mövzunu tədqiq edərkən, öyrəndim ki, BƏƏ Azərbaycandan Dubaya gedən qadınlara say məhdudiyyəti qoyub, xəcalət çəkdim. Bu, millətimizə, mənəviyyatımıza qarşı aparılan savaşın nəticəsidir”.

Hakimə çağırış: həbsə get

1989-cu ildə Almaniyanın ünlü “Şpigel” dərgisi azərbaycanlıları “ilin xalqı” seçmişdi. Azərbaycanlıları “ilin xalqı” edən insanları Ilham Əliyev hakimiyyəti indi repressiya etməklə məşğuldur. Vaxt gələcək mərhum Ziya Bünyadovun “Qırmızı terror” kitabı kimi bu proseslərlə də bağlı repressiya kitabları çıxacaq. Famil müəllim, sizin də adınız o kitablara düşəcək. Allah eləməsin, mən sizin yerinizə olsaydım, o kitablara material olmaq yerinə burda ədalətli qərar verib həbsə gedərdim.

Üç rəngli bayrağa şan qatacağıq

Çıxışının sonunda Azərbaycanın üç rəngli bayrağında əks olunan dəyərlərin hamısına qarşı hakimiyyətin apardığı gözdən və qiymətdənsalma kampaniyalarının səmərə verməyəcəyini bəyan edən Məhəmməd Məcidli dedi ki, o və onun əqidədaşları çox qısa zamanda Azərbaycan bayrağının formal yox, Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, vüqarla dalğalanmasına nail olacaqlar. Məcidlinin çıxışı zalda gurultulu alqışlar yaratdı. Hakim bu dəfə etiraz etməyə heç səy də göstərmədi.

Məhkəmə zalında “Azadlıq” sədaları

Vicdan məhbsularına hökm oxunduqdan sonra zaldakılar himn oxumağa başladılar. Himndən sonra isə elə məhkəmə zalındaca “Istefa”, “Azadlıq” şüarları səsləndirildi.

***

Vicdan məhbuslarına dünən elan olunan ədalətsiz hökm elə yerindəcə və anındaca etiraz aksiyası ilə qarşılandı. Səbail Rayon Məhkəməsi önündə toplaşan müxalifət tərəfdarları hökmdən xəbərdar olan kimi “Azadlıq”, “Ilham istefa” şüarları səsləndirdilər.
Ərazi həmişə olduğundan artıq polislə əhatəyə alınmışdı. Bu dəfə məhkəmə önünə Səbail rayonunun bütün polis bölmələrinin əməkdaşları və ÇPA-nın qüvvələri gətirilmişdi. Onlar aksiya başlayan kimi müxalifətçiləri məhkəmə önündən qarşıdakı parkadək sıxışdırdılar. Parkda dayanıqlı vəziyyətdə 15 dəqiqəyədək “Azadlıq” və “Istefa” şüarları səsləndirildi. Polis ətrafdan keçən insanların aksiyaya diqqətinin və dəstəyinin artdığını görüb dinc aksiyaya dözümsüzlük etdi. IP tərəfdarları parkdan zorla uzaqlaşdırılanda yürüşə başladılar. Yürüş zamanı da analoji şüarlar səsləndirildi. Yürüşü dağıtmaq üçün sonda polis fiziki güc tətbiq etməli oldu. Polis bir neçə müxalifətçi gəncə yumruq-təpiklə xəsarət yetirdi.

Natiq Güləhmədoğlu