Türkiyədən Azərbaycanı utandıran növbəti addım

Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü və Xocalı soyqırımı Böyük Millət Məclisində müzakirə olunacaq

Oktyabrın 20-26-sı aralığında Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş iclasın keçirilməsi planlaşdırılır. APA-nın məlumatına görə, bu barədə TBMM-in üzvü, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Mustafa Kabakçı bildirib.
M.Kabakçının sözlərinə görə, bu məsələ Milli Məclisin spikeri Oqtay Əsədovun Türkiyə səfəri zamanı da müzakirə olunub. Müzakirələrdə, həmçinin parlamentlərarası əlaqələrin daha da sıxlaşdırılması üçün qarşılıqlı səfərlərin təşkili və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
M.Kabakçı əlavə edib ki, artıq TBMM iclaslara başlayıb. Qarşıdakı iclaslarda Xocalı soyqırımının tanınması ilə bağlı məsələnin Türkiyə parlamentində müzakirəyə çıxarılması mümkündür.
Türkiyənin Azərbaycana qarşı isti münasibət bəsləməsinə baxmayaraq, rəsmi Bakı Ankara ilə münasibətlərdə heç də strateji müttəfiqlə layiqli şəkildə davranmır. TBMM-də Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ilə bağlı müzakirənin keçiriləcəyinə baxmayaraq, Azərbaycan heç zaman Türkiyənin dövlət bayramları ilə bağlı analoji addımı atmayıb. Bundan başqa, Türkiyənin özünün dönə-dönə istəməsinə baxmayaraq, sentyabrın 15-i Bakının azad olunması günü dövlət bayramı statusu qazanmayıb. Türkiyə Azərbaycanın Israil ilə münasibətlərinə yenidən baxmasını xahiş etsə də, bu istəyə gözlənilən cavab verilməyib.

AXCP sədrinin müavini Nurəddin Məmmədlinin sözlərinə görə, regionumuzda elə bir problem yoxdur ki, orada Türkiyə ilə Azərbaycanın maraqları üst-üstə düşməsin. Bu baxımdan hər iki dövlətin həm mədəni, həm də siyasi istiqamətdə mövqeləri oxşardır. N.Məmmədlinin fikrincə, Azərbaycanın Türkiyə ilə əlaqələrini ortaq problemlərin çözümü istiqamətində səylərini birləşdirməsi zəruriliyini izah etməyə ehtiyac yoxdur: “Son zamanlar Türkiyə hökumətinin Azərbaycan xalqına və dövlətçiliyinə qarşı münasibəti dəyişib. Ankara Azərbaycana qarşı indi daha diqqətli siyasət aparır. Amma bunun fonunda Azərbaycan tərəfi Türkiyə şəhidliyindəki bayraqları endirir, Məscidi bağlayır. “WikiLeaks” məlumatları Azərbaycan hakimiyyətinin Türkiyəyə qarşı necə nifrət bəslədiyini açıq şəkildə göstərdi”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, iki ölkə arasındakı müttəfiqlik münasibətləri gərək qarşılıqlı olsun. E.Şahinoğlunun sözlərinə görə, bir tərəfin həmişə müttəfiqliyə xələl gətirən addımlar atmasının fonunda, digər tərəfin sadiqlik göstərməsi mümkün deyil. Ekspert hesab edir ki, Azərbaycanın Türkiyəyə qarşı hazırkı etinasız siyasəti davam edəcəyi təqdirdə iki dövlətin müttəfiqlik münasibətləri yalnız sözdə ola bilər: “Türkiyənin Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü, Xocalı soyqırımı ilə bağlı parlamentdə müzakirələr təşkil etməsi müttəfiqliyə yaraşan hərəkətlərdir. Xatırlamıram ki, Türkiyənin müstəqilliyinin 80-ci ildönümü ilə bağlı günü Azərbaycan parlamentində müzakirəyə çıxarılsın. Bundan başqa, Bakının erməni işğalından azad olunması günü – 15 sentyabrla bağlı tədbirlərə həmişə olduğu kimi yalnız Türkiyə səfirliyinin nümayəndələri, müxalifət, QHT təmsilçiləri qatılır. Bunu təkcə biz yox, Türkiyə də diqqətlə izləyir. Türkiyə diplomatları da bu faktlardan narahat olduqlarını və onları qeydə aldıqlarını görüşlərdə vurğulayırlar”.

Xəyal