Fuad Qəhrəmanlı: “Mənə qarşı xüsusi münasibət olsaydı, o zaman mən ya azad edilər, ya da inzibati qaydada cəzalandırılardım”
“İlk məhkəmə prosesindən bir daha aydın oldu ki, “2 aprel məhbusları”na qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur. Bu sadəcə siyasi repressiyanın növbəti dalğasıdır”. Bu sözləri “Azadlıq”a İctimai Palatanın 2 aprel aksiyasının təşkilində ittiham olunaraq 2 il şərti cəza alan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. Onun sözlərinə görə, özü və mübarizə yoldaşları barədə çıxarılan məhkəmə hökmü açıq-aşkar qanun pozuntusudur: “Məhkəmədə bizim təqsirimizi sübuta yetirəcək heç bir dəlil ortaya qoyulmadı. Məhkəmə siyasi sifarişi yerinə yetirərək ədalətsiz qərar çıxardı və bir daha sübut olundu ki, Azərbaycanın hüquq-mühafizə orqanları, məhkəmələri repressiya üçün istifadə edilir. Məqsəd cəmiyyətdə xof yaratmaqdır”.
Fuad Qəhrəmanlı mübarzə yoldaşlarından fərqli olaraq ona şərti cəza verilməsinə də aydınlıq gətirib: “Bizimlə birgə xeyli adam həbs olunmuşdu. Onlardan bir çoxu dərhal azad edildi, bir çoxuna inzibati cəza verildi. Mənə qarşı xüsusi münasibət olsaydı, aprelin 2-də mən də ya azad edilər, ya da inzibati qaydada cəzalandırılardım. Haqqımda cinayət işi qaldırılmazdı və kimlərdəsə indiki kimi “Nə üçün Fuad Qəhrəmanlı mübarizə yoldaşları kimi azadlıqdan məhrum edilmədi” sualı da yaranmazdı. Mən məhkəmədən hətta xahiş də etdim ki, yoldaşlarım hansı cəzaya məhkum ediləcəklərsə, mənə də həmin cəza verilsin. Lakin qərarı biz vermirik. Hesab edirəm ki, burada əsas məqsədlərdən biri diqqəti həbslərdən yayındırıb müxalifət daxilində intriqalara nail olmaqdır. Başqa bir məqsəd isə həbslərə obyektiv don geyindirmək ola bilər. Yəni, “baxın biz heç də hamını ucdantutma həbs etmirik”. Lakin hakimiyyət bu məqsədlərinin heç birinə nail ola bilməyəcək”.
AXCP yetkilisi sonda bildirib ki, o, özünün və yoldaşlarının hüquqlarının bərpası uğrunda mübarizəsini davam etdirəcək. “Biz Avropa Məhkəməsinə kimi gedərək qanunsuz olaraq məhkum edildiyimizi sübut edəcəyik”, – deyə Fuad Qəhrəmanlı vurğulayıb.
Xatırladaq ki, Səbayel məhkəməsinin qərarı ilə Fuad Qəhrəmanlı ilə birgə mühakimə edilən Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidli 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fuad Qəhrəmanlının məhkəmə çıxışı (2 hissədə)



