Qurban Dağlı: “İstanbuldakı foruma yaradılan əngəllər unudulmayıb”
“Azadlıq”ın baş redaktoru FACE təşkilat komitəsinin işinə qatılıb
3 il bundan əvvəl Avropada yaşayan bir qrup gənc inzibati nəzarətdən kənar, tam demokratik və plüralistik əsasda yeni bir təşkilatlanma prosesinin əsasını qoydular. Bu təşkilat (bunu, bəlkə də, proses adlandırmaq daha doğru olardı) Azərbaycan diaspor mədəniyyətinin yeni mərhələsidir. FACE (Forum Azerbaijani Sivil in Europe¬ – Avropa Azərbaycanlılarının Vətəndaş Forumu¬) adlandırılan bu təşkilat oktyabrın 21-24-də özünün üçüncü toplantısını keçirir. Təşkilatın bu ilki toplantısı Berlində keçirilir. FACE təşkilat Komitəsinin rəhbəri, Almaniyada yaşayan azərbaycanlı Qurban Dağlı “Azadlıq”ın suallarına cavab verir.
-FACE artıq bir ənənə halını alır. İlk vaxtdan indiyə qədər forumun irəliləyişi, yüksəlişi hiss olunurmu? Bu foruma marağın artdığını hansı dəlillərlə təsdiq edə bilərsiniz? Bu forumun əsas qayəsi nədir?
-FACE, yəni Avropadakı Azərbaycanlı Vətəndaşlar Forumu artıq öz üçüncü toplantısını təşkil edir. Təşkilatın belə adlandırılması təsadüfi deyil. Aramızda kifayət qədər mənşə etibarilə azərbaycanlı, lakin Azərbaycan vətəndaşı olmayan şəxslər də var. Belə hesab etmək olar ki, FACE həm də Avropadakı gənc, enerjili azərbaycanlıları bir yerə toplamağa cəhd edən bir diaspora qurumudur. İndiyədək iki toplantımız uğurla həyata keçirilib, 2010-cu ilin mayında Fransanın Strasburq şəhərində və eyni ilin dekabr ayında, Türkiyədə, İstanbul şəhərində. Bu say etibarilə üçüncü toplantımızdır. İlk toplantılara nisbətən mütəşəkkillik artmış və bu özünü qurumun fəaliyyətində də əks etdirir. Hazırda forumda iştirak üçün Azərbaycan, Avropanın müxtəlif ölkələri, eləcə də Rusiya və Türkiyədən 90-a yaxın müraciət daxil olub. Nəzərə alsaq ki, bununla bağlı bütün xərcləri iştirakçılar özləri daşıyır, bu həqiqətən böyük rəqəmdir. Berlin forumu ümumilikdə Azərbaycanın müstəqilliyinin 20 illik yubileyinə həsr olunub. Forum vətənimizdəki ictimai-siyasi durum barədə məlumatlandırmağa, müzakirələrə xidmət edəcək. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən proseslərin müzakirəsinə də geniş yer ayrılıb.
– Bu dəfəki Forumun təşkil edilməsində bir qədər fərqli adamlar görünür. Bu, sadəcə fərqli görünmək naminədir, ya hansısa başqa səbəblər var?
-Fərqli adamların görünməsində qeyri-adi bir şey yoxdur əslində. Təşkilatı işlər üzrə öhdəlik bir qayda olaraq həmişə müvafiq ölkələrdə yaşayan FACE fəallarının üzərinə düşür. Bu Strasburqda da belə idi, İstanbulda da. Berlində də eyni ənənə davam edəcək. FACE-in mərkəzi strukturları və onun fəaliyyətini əlaqələndirən qurumlara bunun aidiyyəti yoxdur. Berlin forumunun işinə müvafiq təşkilat komitəsi rəhbərlik edir. Ona da mən başçılıq edirəm.
-FACE Avropa azərbaycanlılarının ideoloji mərkəzinə çevrilə bilirmi? Bunun üçün daha nələr etmək lazımdır?
-FACE-in Avropa azərbaycanlılarının ideoloji mərkəzinə çevrilməsi istiqamətində addımların atılması nəzərdə tutulub. Biz forum iştirakçıları və ya FACE üzvləri arasında siyasi mənsubiyyətinə görə fərq qoymuruq. Başlıca məqsədimiz sərbəst fikir mübadiləsini təşviq edə biləcək müstəqil düşüncə və fəaliyyət platformasının yaradılmasıdır. Bu da Avropada olan intellektual potensialımızın yaradıcı imkanlarının tam mənasında inkişafına yol açmalıdır. Kimdənsə və ya da hansısa dövlətin qurumlarından göstəriş alaraq fəaliyyət göstərməyə son qoymağın zamanı gəlib, fikrimcə. Fəaliyyət qabiliyyətli mərkəzə çevrilməyin yolu isə təşkilatlanmadan keçir və bu istiqamətdə Berlində önəmli addımların atılması gözlənilir.
– FACE-nin ciddi təşkilati mərkəz olması üçün hansı ideyalarınız var. Ya bu forumu elə bu statusda saxlamağı daha doğru hesab edirsiz?
-Öncə indiyədək yekunlaşdırılmamış təşkilati məsələlərin tamamlanması vacibdir. Forumun ildə bir və ya da iki dəfə fikir mübadiləsi üçün geniş platforma kimi çağırılması önəmli fəaliyyət növüdür. Lakin yalnız təşkilatlanma bitdikdən sonra cari işləri və gündəlik fəaliyyətimizi nizamlaya, daha məhsuldar işləyə biləcəyik. Bu baxımdan Berlində FACE-in idarə heyəti və rəhbərliyinin seçilməsi əlamətdar və önəmli xarakter daşıyır. Forum proqramında bu bölməyə geniş vaxt ayrılması nəzərdə tutulub.
– Bu dəfəki Foruma qatılmaq üçün hansı şərtlər var? Bu şərtləri daha detallı desəniz iştirak etmək istəyənlər üçün yararlı informasiya ola bilər. Bu dəfəki təşkilatçılar kimlərdir və onların sıralarında yeni insanlar varmı?
-Öncə deyildiyi kimi, forumda iştirak üçün heç bir siyasi mənsubiyyət meyarı yoxdur. İştirak etmək üçün təşkilat komitəsinə tərcümeyi-halla müraciət etmək və müsbət cavab verildikdən sonra 50 avro məbləğində iştirak haqqını ödəmək tələb olunur. Bundan sonra müvafiq iştirakçıya forumda iştirak edə bilmək üçün tələb olunan sənədlər komplekti göndərilir. Təşkilat komitəsinə gəldikdə isə, bura əsasən Almaniyanın müxtəlif şəhərlərində çalışan və təhsil alan dostlar daxildir. Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da forumun təşkilində yaxından iştirak edir. Bu dəfə təşkilat Komitəsinə “Azadlıq”ın oxucularının yaxşı tanıyacağı bir sıra adamlar daxildir. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid FACE təşkilat komitəsinin işinə qatılıb.
-Azərbaycan hökuməti ötən ilki foruma əngəl olmaq üçün əlindən gələni etdi. Bu dəfə hansısa sürprizlər gözləyirsinizmi?
-İstanbuldakı foruma yaradılan əngəllər unudulmayıb hələ. Oradakı Azərbaycan konsulluğunun qeyri-konstruktiv yanaşması və məsələni bilərəkdən qarşıdurma səviyyəsinə gətirib çıxarması, əlbəttə, xoşagəlməz hal idi. Berlində belə problemlərin olacağına inanmıram. Foruma həm Berlində yerləşən Azərbaycan səfirliyinin nümayəndələri, o cümlədən cənab səfir Pərviz Şahbazov və Almaniyada fəaliyyət göstərən Azərbaycan diasporasının koordinasiya mərkəzinin rəhbəri xanım Samirə Patser-İsmayılova dəvət olunacaq. Almaniyanın paytaxtında Azərbaycanlılar arasında hər hansı bir qarşıdurmanın yaranması ürəkaçan hadisə ola bilməz və təşkilat komitəsi hər bir provokasiyanın qarşısını almağa hazırdır. Fikrimcə, biz bir-birimizlə dialoq mədəniyyətini qavramalı və bundan yararlana bilməyi öyrənməliyik. Artıq bunun vaxtı çoxdan çatıb. Önəmli olan da budur.
– İştirak üçün müraciətlər haqqında məlumatlar varmı?
Artıq qeyd etdiyim kimi indiyədək təşkilat komitəsinə 90-a yaxın müraciət daxil olub və kiçik istisnalarla demək olar ki, hamıya müsbət cavab verilib. Ümid edirik ki, Almaniyaya gəliş ilə bağlı proseduralar həll edildikdən sonra bütün iştirakçılar tədbirə qatıla biləcək.
-Qonaqların dəvət edilməsi nəzərdə tutulurmu?
-Təbii, Forumda fəaliyyəti bu və ya digər dərəcədə Azərbaycanla əlaqəli olan Avropalı qonaqlar da iştirak edəcək və həm Azərbaycanda demokratiya məsələrinə, həm də Azərbaycan-Avropa münasibətlərinin vəziyyətinə aid çıxış edəcəklər. Məsələn, Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Ştrasser, Alman Dövlət elmi araşdırmalar Fondundan Uve Halbax, Almaniyanın ombudsmanı Markus Löninq, Sərhədsiz Reportyorlar təşkilatından Gemma Pörzgen və başqaları.
Ayəndə Mürsəliyeva



