Iş adamı hesab edir ki, onun Rusiyadakı mövqelərini Putinin dostu darmadağın edib
“AST Telman” kimi tanınan iş adamı Telman Ismayılov Rusiyada “qara siyahı”ya düşməsinə görə başqa bir azərbaycanlı iş adamı, Rusiyanın baş naziri Vladimir Putinin dostu olan Ilham Rəhimovu təqsirkar bilir. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, Telman Ismayılov apardığı araşdırmalardan sonra bu qənaətə gəlib. “AST Telman”ın bəzi ortaqlarının sonradan Ilham Rəhimovla işbirliyi yapması bu qənaətin daha da güclənməsinə səbəb olub.
Məlumatlara görə, Telman Ismayılov bu barədə bütün yaxın ətrafını və digər iş ortaqlarını məlumatlandırıb. Elə bu səbəbdəndir ki, “AST Telman”la ortaq biznesi olan Azərbaycanın məmur-oliqarxları nəqliyyat naziri Ziya Məmmədov, “Azəryolservis”in rəhbəri Cavid Qurbanov, həmçinin baş nazirin sabiq müavini Abbas Abbasovun Ilham Rəhimovu görməyə gözü yoxdur. Vəziyyət o həddədir ki, adıçəkilən şəxslər, hətta Ilham Rəhimovun da dəvət olunduğu məclislərə getmirlər. Daha doğrusu, onu hansı məclisdə görürlərsə, dərhal oranı tərk edirlər.
Bildirilir ki, Ilham Rəhimovun “AST Telman”a qarşı bu addımı onun Rusiyadakı ortaqlarını öz tərəfinə çəkmək məqsədi daşıyıb.
Informasiya şöbəsi