Şahin Həsənliyə 2 il həbs qərarı qüvvədə qaldı
“Bizi həbs edənlər övladlarına xərclədikləri pulları cibimizə narkotik, silah-sursat qoymaqla əldə edirlər”
Gəncə Şəhər Apelyasiya Məhkəməsində ötən gün 2 aprel mitinqinə görə həbs edilən AXCP təşkilat şöbəsinin müdiri Şahin Həsənlinin apelyasiya şikayətinə baxıldı. Xatırladaq ki, Ş.Həsənli Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi mühakimə olunub və 2 il azadlıqdan məhrum edilib.
Məhkəmə prosesinə AXCP sədrinin müavini Gözəl Bayramlı, Rəyasət heyətinin üzvi Nemət Əliyev, Təşkilat şöbəsinin üzvü Təhməz Təhməzov, partiyanın Gəncə, Samux, Tovuz, Kəlbəcər, Ağstafa, Şəmkir rayon şöbələrinin rəhbər və fəalları, ATƏT-nin nümayəndələri gəlmişdilər.
Hakim Elşad Bayramovun sədrliyi ilə keçən prosesdə dövlət ittihamçısı qismində Nəsib Nəcəfov çıxış edirdi.
Cavabsız sullar
Məhkəmə Şahin Həsənlinin vəsatətinin müzakirəsi ilə başladı. AXCP funksioneri siyasi sifarişlə həbs olunduğunu bildirdi: “Məni haqsız yerə həbs ediblər. Həbs olunmazdan bir neçə gün öncə izlənmişəm. Odur ki, 2 aprel mitinqindən əvvəl Şəmkirə getdim. Yatdığım yerdə dörd mülkü geyimli şəxs məni oyadıb, qandallayıb apardılar. Bu necə ola bilər? Guya məndə patron olub. Niyə o patronları mənə göstərmirlər? Patronların hansı quruma məxsus olduğu ekspertiza zamanı niyə məlum olmayıb? Niyə “cibimdə” olan patronların nömrələri silinib? Bu suallar cavabını axtarır. Açıq-aydın hiss olunur ki, siyasi sifarişlə həbs olunmuşam. Qondarma ittiham olduğu üçün azad edilməyimi tələb edirəm”.
Dövlət ittihamçısı vəsatətin əsassız olduğunu dilə gətirərək qeyd etdi ki, istintaq prosesi düzgün aparılmış, vəsatətdə göstərilən hallar həqiqəti əks etdirmir.
Məhkəmə də dövlət ittihamçısının mövqeyini bölüşərək vəsatəti təmin etmədi.
Vəkil Əlayif Həsənov çıxış edərək Şahin Həsənlinin cibinə atılan patronların məhkəməyə gətirilməsini xahiş etdi: “Patronlar məhkəməyə gətirilsin. Şahidlər dindirilsin. Şahidlər məhkəməyə ifadəsində 18:30-da yoldan tutulduqlarını deyirlər. Protokol tərtib olunanda şahidlər 18:30-da “şahidlik” ediblər. Bu necə ola bilər? Onlar nə vaxt polis idarəsinə gətirildilər və nə vaxt şahid oldular? Heç olmasa Şahin Həsənliyə “cibindən” hansı patronların çıxdığını göstərin. Mən məhkəmədən ədalətli olmağı tələb etmirəm. İşin nə yerdə olduğu hamıya məlumdur. Yaxşı olar ki, ədalətə oxşar məhkəmə qurub şahidləri gətirin. And içəməyə də bir şey olsun. Şahidlərdən biri məhkəməyə ifadə verən zaman hakimə “naçalnik daha nə deyim?” söyləyirsə məhkəmənin necə keçirildiyini sübut etməyə ehtiyac yoxdur”.
“Demokratik, sivil cəmiyyət qurulmayana qədər mübrizədə varam”
Məhkəmə prosesi gedə-gedə hakimlər mürgüləyirdi. Yalnız zalda gülüşmə, replikalar onları oyada bilirdi. Ancaq az keçmədən yenə yuxulayırdılar.
Əlayif Həsənov çıxışında bildirdi ki, Şahin Həsənlinin həbsi məqsədli şəkildə olub: “Şahin Həsənlidə patron var məlumatını alan əməliyyatçılar onun qaldığı ünvana silahsız gediblər. Bu sübut etmirmi ki, müdafiə etdiyim şəxs siyasi motivlərlə həbs edilib? Axı əməliyyat keçirən orqan əvvəlcədən lazımı tədbirlər gördükdən sonra sözügedən ünvanda əməliyyat axtarış tədbirləri aparmalıdırlar. Ancaq bu olmayıb. Əgər həqiqətən Şahin Həsənli silah gəzdirirsə niyə onun ətrafı müəyyənləşdirənə qədər güdülməsi üçün əvvəlcədən məhkəmə qərarı olmayıb? Əməliyyat nöqteyi nəzərindən bu işlər Şahin Həsənlinin sırf siyasi fəaliyyəti ilə bağlı olmasını sübut etmirmi?”.
Şahin Həsənli son sözündə birinci instansiya məhkəməsində, eləcə də Şəmkir rayon polis şöbəsinin istintaq bölməsində istintaqın qərəzli aparılmasının Gəncə apelyasiya məhkəməsində bir daha sübut olunduğunu dedi: “Azərbaycanda demokratik, sivil cəmiyyət qurulmayana qədər mən bu mübrizədən geri çəkilməyəcəm. Hətta 10 il iş versəniz belə, mübarizəmiz davam edəcək. Bu sifarişi yerinə yetirənlər isə komfort şəraitdə yaşamaları uğrunda mübarizə aparırlar. Onlar övladlarına xərclədikləri pulları bizlərin cibinə narkotik, silah-sursat qoymaqla əldə edirlər”.
Məhkəmə müşavirə otağına getdi. Bir neçə dəqiqədən sonra Elşad Bayramov apelyasiya şikayətinin təmin olunmadığını, birinci instansiya məhkəməsinin çıxartdığı qərarın qüvvədə saxladığını bəyan etdi.
Ramin DEKO


