Iş adamı Zülfüqarlı ilə müsahibəyə əlavə

“Zülfüqarlı qardaşları”nın gerçək dramını əks etdirən müsahibə ilə bağlı müxtəlif reaksiyalar almaqdayam. Çox sayda oxucu təşəkkürlərindən tutmuş, hədələrəcən… Amma əsas odur ki, hamının onu maraqla oxuduğunu gördüm. Çünki bu müsahibə ciddi qanunsuzluqları açır. Onu alarkən əsas məqsəd mülkiyyət hüququnun toxunulmazlığı kimi fundamental dəyərə ölkəmizdəki münasibəti göstərmək idi. Məsələ yalnız Nurəddin Zülfüqarlının problemləri deyil, amansız tendensiya alan özəl və şəxsi mülkiyyətin qəsb edilməsi cəhdləri ölkəmizə yalnız uğursuzluq və ədalətsizlik mühiti vəd edir. Bunun arxasında dövlətin ən yüksək vəzifəliləri durursa, bu, əsl faciədir…

Digər həqiqət budur ki, iki dükanın şüşəsini qırmaq ittihamı ilə “Azadlıq!” qışqıran adamları şərləyib tuturlar, amma milyonlarla mülkü əlindən alınan adamın şikayətinə baxmırlar…

Müsahibə dərc edildikdən bu yana Nurəddin Zülfüqarlının özü barədə də xeyli reaksiyalarla üzləşdim, özləri və yaxınları onunla işləyən xeyli adam Nurəddin bəy haqqında çox yüksək sözlər deyir, onun bacarıq və yaxşılıqlarını yazır. Amma ona qarşı iradı olanlar da var. Əsasən bir irad var: niyə Ilham Əliyev haqda heç nə demir. Qorxurmu? Həmkarım Anar Mahmudoğlu da “Zülfüqarlı qardaşlarına haqq olur” adlı bir yazı ilə çıxış etdi. Orada da həmin irad var.Bu iradları mən gözəl anlayıram, amma nə etməli, Ilham Əliyev haqda danışmaq bu ölkədə çoxlarına qorxulu görünür. Hətta özünü müxalifətçi sayan partiya sədrləri, deputatlar belə, bu haqda danışmır. Hətta Ramiz Mehdiyevin adını çəkə bilmirlər. Bir çox oxucular bu problemin əhatəsini bilməsə də, Anar bəy bunları bilir.

“Sizə qarşı basqıların və əmlak qəsbinin arxasında Ilham Əliyev dururmu?” sualına cavabında, Nurəddin Zülfüqarlı belə deyir: “Mənə onun iştirakı barədə heç kim heç nə deməyib, onun adından heç nə söyləməyiblər, nə eşitmişəmsə, kimlər nə deyibsə, kimlərin adından mənə hədə olubsa, kimlər üstümə gəlibsə, onu da danışıram. Eşitmədiyimi danışa bilmərəm. Amma prezidentin də borcudur bu cinayətlərin qabağını alsın. Almırsa, deməli, iştirakçıdır”.

Bu sözləri onun dilindən canlı – “Azadlıq” radiosunun “Işdən sonra” verilişində də eşitmək olar. Kifayət qədər cəsarətli fikirlərdir. Üstəlik, bu iş adamı haqları uğrunda axıracan mübarizə aparacağını deyir. Üstəlik, əvvəllər də susmadığını deyir, halal pulla biznes qurduğunu, heç kimin himayəsində olmadığını, heç vaxt rüşvət vermədiyini söyləyir. Hətta yuxarıların yalançı müxalifət rolunu oynayan bir partiyanın mitinqinə adam yollamaq tələbindən imtina etdiyini deyir. Amma ola bilsin, iş adamı bundan artıq deməyə doğrudan da qorxur. Bunu da istisna etmirəm. Çünki çox yaxınları Bakıdadır, özü isə hətta Türkiyədə hədələrlə üzləşir. Hətta mən bu müsahibəni alarkən, onu yazarkən, hansısa hissələrini kəsərkən müsahibimin durumunu ağırlaşdırıb-ağırlaşdırmadığımı düşünürdüm. Çünki jurnalist etikası bu barədə qayğılanmağı tələb edirdi. 
Axı bu müsahibə mənim də ilk dəfə söhbət etdiyim Nurəddin Zülfüqarlının qəhrəmanlığı haqda deyil. Nə də onun cəsarəti haqda. Nə də onun yaxşı adam olması haqdadır. Onun üzləşdiyi haqsızlıqlar barədədir. Onun və ölkənin zərərləri barədədir. Hüquq barədədir. Iqtisadiyyat barədədir. Uzağı, uğurlu bir istehsalın acı taleyi barədədir. Nəhayət, bizim özümüz haqdadır – hansı ölkədə yaşamağımız barədə.

Mən razıyam ki, bu ölkənin qayğısını, gələcəyini hamı düşünməlidir. Amma bu da əsas vermir ki, biz kiməsə qarşı cinayətlərə haqq qazandıraq. Nurəddin Zülfüqarlını, ya başqasını sevmək bizim borcumuz deyil, amma onun mülkiyyət hüquqlarına və digər hüquqlarına hörmət etmək hər kəsin, xüsusən də hakimiyyət orqanlarının vazkeçilməz borcudur. Ona və başqasına qarşı edilən cinayətlərə isə haqq qazandıra bilmərik. Həmin adamların müxalifətə maddi dəstək vermədiyinə görə isə, onları heç qınaya bilmərik – bunlar hər kəsin azad seçimidir. Onda biz əks tərəfə oxşayarıq. Biz hər kəsin hüququnun qorunacağı bir cəmiyyət qurmaq üçün dava aparırıq. Hüquqlara gəldikdə, pislər və yaxşılar, qorxaqlar və cəsurlar, bizimkilər və bizimki olmayanlar cəmiyyəti qura bilmərik, biz elə məhz bu cür toplumun ağrılarını yaşayırıq. Bu mənada, heç kəsə qarşı cinayətə haqq qazandırıla bilməz.

Nəhayət bilməliyik ki, Ilham Əliyev öz siyasətini təkcə həyata keçirmir. Onun məsuliyyəti həmin siyasətin icraçılarını məsuliyyətdən azad etmir və onları tənqid etməməyə əsas vermir. Yalandan Cabbar Savalanlıya pis xasiyyətnamə yazan dekanın da məsuliyyəti var. Mülkləri alıb bir ələ toplayanların da… Növbəti saylarımızda iş üçün Istanbulun hambal bazarlarında duran soydaşlarımız barədə yazacağam, onda iş yerlərinin bağlanmasının nə demək olduğu daha yaxşı anlaşılacaq.