Adnan Menderesdən Məhəmməd Məcidliyədək…

Düz 50 il bundan öncə, 1961-ci ilin sentyabr ayında (tarixin ironiyasına baxın!) Türkiyə tarixinin ən şərəfli hökumət üzvlərinə edam hökmü oxundu. Baş nazir Adnan Menderesin, daxili işlər naziri Rüştü Zorlunun, maliyyə naziri Hasan Polatkanın məhkəmədəki davranışları, edamı necə mətanətlə qarşılamaları belə, hamını heyrətə gətirirdi. Hətta onları “mühakimə” edən hakimlər əfv haqqında bir ricada bulunacaqları ilə bağlı soruya belə, cürət etmədilər…Menderes edam kürsüsünə qalxmamışdan əvvəl sakitcə bu sözləri dedi: “Həyatla vidalaşmaqda olduğum bir vaxtda dövlətim və millətimə əbədi səadət diləyirəm. Həyat yoldaşımı və uşaqlarımı şəfqətlə anıram… Allah millətimizə zaval verməsin”.

Və onun gözlərindən nə bir dəhşət, nə də qorxu sezmək mümkün oldu. Sanki bu böyük türk ölüm kürsüsünə yox, nitq söyləmək üçün tribunaya qalxırdı…Edama məhkum daxili işlər naziri Fatin Rüştü Zorlu isə, cəsarəti ilə hamını heyrətə gətirdi, ipi onun boynuna keçirəcək cəlladın əsən əllərinə baxaraq: “…Oğlum, nə titrəyib durursan? Ilgək mənim boynuma keçəcək, sənin yox” dedi və “Allah məmləkəti qorusun, haydı Allaha ismarladıq!” deyərək ayağının altındakı stulu itələməyi də kimsəyə buraxmadı…

Edam günü görünməmiş leysan yağdı, sanki təbiət bu ləkəni özü yumağa qərar vermişdı…

Əlli ildən sonra bu yağışlar digər türk dövləti Azərbaycanda da yağmağa başladı. Oxşar ittihamlarla bu dəfə qardaş ölkənin ləyaqətli oğulları üzləşmişdilər. Oxşar mühakimə,  şahidlər, 50 il əvvəlki hakim tərəddüdləri, eyni heyrət doğuran mətanət və səbr, qardaşın qardaşa qorxu içində üzünə durması…

2 aprel məhbusları bütün məhkəmələrdə ittiham olunanlardan ittihamçıya çevrildilər, yalançı şahidlərin dilləri topuq çaldı, hakimlərin gah əlləri əsdi, gah onları soyuq tər basdı, sanki hər kəs öz günahını beləcə sığortalamaq istəyirdi… Polislərdən bəzilərı məhbuslar üçün alınan dərmanları qoynunda gizlədərək (!), xəlvətcə, digərləri görməsin deyə, onlara ötürməklə, ətrafa “əlimizdən yalnız bu gəlir!” demək istəməsi bu prosesdə ən yaddaqalan məqamlardan idi.

2003 və ona qədərki illərdəki mühakimələrdən fərqli olaraq, heç bir vicdan məhbusu sınmadı, öz iradəsi, dözümlülüyü ilə sanki əqidə dostlarına “mübarızəni sonadək aparın!”  mesajını verdilər. Hər dəfə məhkəmədən çıxarkən onlara dəstək verməyə gələn mübarizə dostlarına gülümsəyərək, “möhkəm olun!” deməyi də unutmadılar.

…Tarixdə elə bir rejim yoxdur ki, əməllərinə görə cavab verməsin, varsa, buyurub, desinlər. Tarixdə elə bir ölkə yoxdur ki, öz xalqına zülm edən başqa ölkə diktatorlarını  himayə etməyə cürət etsin. Menderesləri, Mandelaları, Vatslav Havelləri, Elçibəyləri mühakimə edənlərin heykəlləri  indi haralardadır?

Artıq elə bir çağa qədəm qoymuşuq ki, diktatorları nə milyardları, nə qurduqları amansız cəza mexanizmləri xilas edə bilir. 73 milyardlıq sərvəti, 4 milyonluq polisi olan Mübarək indi dəmir barmaqlıqlar arxasından ifadə verir. Qəzzafini qəbul edəcək ölkə tapılmır. Milyardların və Suriyanın sahibi Bəşər Əsədin başına hava gəlib…

…Bu gün 2 aprel məhbuslarının yaxınları ata həsrəti, oğul həsrəti, ər həsrəti çəkirlər. Bu gün təbiət yağdığı yağış ilə, sabah isə xalq böyük bir izdihamla sizdən hesab soracaq. Buna qətiyyən şübhəniz olmasın…