Türkiyə və İsrail müharibə astanasındadı

Elxan Şahinoğlu: «Israil öz addımlarına göz gəzdirməsə, bölgədə ciddi təlaşın şahidi ola bilərik»

Razi Nurullayev: «Belə bir məsələnin həlli birbaşa Israil və Türkiyənin əlində deyil»
Türkiyə ilə Israil arasında münasibətlərdəki gərginlik artmaqdadır. Növbəti gərginliyə səbəb Israilə məxsus “F-15” tipli iki qırıcı təyyarənin Kipr adasında həm Cənubi Kipr, həm də Şimali Kipr Türk Cümhuriyyətinin ərazisi üzərindən uçması olub. Türkiyə Hərbi Hava Qüvvələri Israil qırıcılarına Şimali Kiprin hava sərhədini pozmamaqla bağlı xəbərdarlıq etsə də, israillilər buna reaksiya verməyiblər. Buna cavab olaraq Türkiyə Hərbi Hava Qüvvələri Israil qırıcılarını yaxalamaq üçün ”F-16” tipli iki qırıcı təyyarəni havaya qaldırıb. Bundan sonra Israilə məxsus “F-15”-lər geri dönüb. Iki ölkə arasında münasibətlərin bu həddə çatması nə vəd edir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb Israilin öz siyasətindən vaz keçməməsidir: “Əslində ”Mavi Mərmərə” gəmisinə görə Israil üzr istəsəydi, vəziyyət bu həddə çatmazdı. Ancaq Tel-Əviv yaxın müttəfiqini sürətlə itirmək üzrədir”.
Ekspert vəziyyətin bu həddə çatmasının Türkiyədən çox, Israilə problemlər yaratdığını deyir. Lakin Israil də öz növbəsində Türkiyə üçün əlavə problemlər yaratmağa səy göstərir: “Israilin xarici işlər naziri Türkiyənin acığına erməni lobbisi ilə əlaqələri sıxlaşdıracağını deyib. Doğrudur, sonradan Israil hökuməti bunu təkzib etdi. Amma nazir təkzib etmədi. Indi də Kipr yunanları ilə birgə enerji resurslarından istifadə ilə bağlı müqavilə bağlayırlar. Bütün istiqamətlərdə Türkiyəyə problemlər yaratmağa çalışırlar. Ancaq Türkiyə də bunu cavabsız qoymur və adekvat addımlar atır. Artıq Aralıq dənizində hərbi gəmiləri fəallaşdırmaq qərarı verib”.
Ekspertin sözlərinə görə, bölgənin iki böyük gücü olan Türkiyə və Israil toqquşsa, bu bütövlükdə Yaxın Şərqi əhatə edə bilər: “Barıt çəlləyi partlaya bilər. Israilin yenə də təxribatlara baş vurması əslində lokal toqquşmalardan geniş miqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər. Ona görə də Israil öz addımlarına göz gəzdirməsə, həqiqətən də bölgədə ciddi təlaşın şahidi ola bilərik”.
Politoloq Razi Nurullayev müharibə ssenarisini istisna etsə də, Türkiyə ilə Israil arasında münasibətlərin daha da gərginləşəcəyinin gözlənilən olduğunu deyir.
Ekspertin sözlərinə görə, Türkiyə müəyyən məsələləri gündəmə gətirə bilər: “Qəzzanın blokadasının aradan qaldırılması üçün yenidən ora bir səfər təşkil edər. Israilə məxsus sulara hərbi gəmilərini göndərər. Bütün bunların hamısı Israilə təzyiq vasitəsi kimi nəzərdən keçiriləcək. Amma bunun insan tələfatı və dağıntılarla müşahidə olunacaq müharibəyə gətirib çıxaracağını gözləmirəm. Çünki belə bir məsələnin həlli birbaşa Israil və Türkiyənin əlində deyil”.
R.Nurullayevin fikrincə, belə bir addım atmazdan öncə Türkiyə ərəb dövlətlərinin bu məsələdə münasibətinə birmənalı əmin olmalıdır. Eyni zamanda ABŞ bu məsələləri müəyyən mənada koordinasiya etməlidir. Əgər bu baş verməzsə, Israillə Türkiyə arasında başlayan müharibə Ankaranın hazırda regionda oynadığı lider rolunu zəiflədə bilər. Eyni zamanda Israilə Türkiyəni günahlandırmağa və yendən silahlanmağa fürsət verə bilər.
Ekspertin sözlərinə görə, hətta ABŞ-ı bu münaqişəyə cəlb etmək istəyən Israilin Sinay adalarını işğal edəcəyi də mümkündür. Bu baxımdan hazırkı vəziyyət Türkiyənin xeyrinə işləməkdədir. Çünki Türkiyə ciddi düşünülmüş xarici siyasət yürüdür. Bu səbəbdən də, o, yaxın vaxtlarda münaqişəyə cəlb olunmayacaq.

Fizzə