Qurban Məmmədov: «Normal dövlətdə belə bir hadisə baş versəydi, dərhal araşdırma aparılmalı idi»
AVP-çi deputat Zahid Oruc “Dövlət sirri haqqında” qanuna yenidən baxılmasını təklif edib. Onun sözlərinə görə, vaxtilə müxtəlif dövlət qurumlarında çalışanlar sonradan “sabiq”ə çevrilərkən məsuliyyətini anlamalıdır. Z.Oruc konkret ad çəkməsə də, deputat çıxışında MTN-nin sabiq müstəntiqi Ramin Nağıyevin “Azadlıq”dakı açıqlamalarına eyham vurub.
Amma məsələ burasındadır ki, R.Nağıyevin qəzetimizdə dərc olunan məqalələri kifayət qədər böyük rezonansa səbəb oldu. Belə ki, hər iki şəxsin qətli ilə bağlı istintaqın müstəntiqi olan R.Nağıyevin sayəsində məlum oldu ki, Afiyəddin Cəlilov, Şəmsi Rəhimovun qətlləri ilə bağlı nə motivlər gerçəkliyi əks etdirir, nə də həbs olunanlar həqiqi qatillərdir. Ictimaiyyətdə böyük rezonans doğuran bu məqalələrlə bağlı dövlət başçısına da müraciət olunmuşdu.
Amma hakimiyyət təmsilçiləri bu cür ciddi informasiyaları araşdırmaq əvəzinə onların yayılmasının qarşısını almaq üçün qanuna əlavə və dəyişikliklər təklif edirlər.
Hüquqşünas Qurban Məmmədovun da fikrincə, bu cür məlumatların qarşısını almaq yox, əksinə bir vətəndaş kimi borcumuzdur ki, bu tip cinayətlər barədə məlumat verək: “Ramin Nağıyev dövlət və istintaq sirləri barədə məlumat verməyib. O, cinayətlər barədə məlumat verib. Normal dövlət olsaydı və bu hadisə baş versəydi, Cinayət Məcəlləsinin 206-cı maddəsinə əsasən dərhal cinayət işi qaldırılmalı idi. Çünki mətbuatda gedən bu tip məlumatlar araşdırma predmeti olmalıdır. Əgər Ramin Nağıyev yalan deməyibsə qanunu pozanlar, cinayət törədənlər məsuliyyətə cəlb olunmalıdırlar”.
Xəyal



