Başlarına gətirilən qovğalarla ictimaiyyətə yaxşı tanış olan müsbət imicli “Zülfüqarlı qardaşları”nın böyüyü, ölkədən qovulan və hazırda Türkiyədə məskunlaşan Nurəddin Zülfüqarlının “Azadlıq”a müsahibəsini çox maraqla oxuyuram. Çünki Azərbaycan hakimiyyətinin sahibkarlara tutduğu divandan xəbərim var, prosesin istiqamətinə bələdəm və başqa bir sahibkarın başına açılan oyunu və onun çərlədib öldürülməsini şəxsən müşahidə etmək imkanım olub. Nurəddin bəyin söylədiklərinə, bu qovğa barədə topladığım informasiyalara və öz təcrübəmə əsasən əminliklə deyirəm: Zülfüqarlı qardaşlarına nə edilibsə, haqq edilib, onlara hələ bu da azdır!
Adam artıq 5 səhifədir ki, danışır, bircə dəfə də olsun var-dövlətlərini əlindən alan, onları türməyə soxan, ölkədən didərgin salan şəxsin kimliyini nişan vermir. Gah Ramiz Mehdiyevi suçlayır, gah Bəylər Əyyubovun adını çəkir, gah Kərəm Həsənovdan danışır… Axı, bunlar yalandır! Axı, cəsarətsiz açıqlamalardır!
Nurəddin bəy 2004-cü ildə Ilham Əliyevlə sahibkarların görüşündən və bu görüşdəki tənqidi çıxışından söz açır, “bəzilərinin qıcıqlanmasından” bəhs edir və bundan sonra “prezidentlə sahibkarların görüşünə dəvət edilməməsini” əsas gətirib məmurların onu nüfuzdan salma əməliyyatına toxunur. Guya prezidentin iş adamları ilə görüşünə çağırılmamasının səbəbkarı başqalarıdır – Ramiz Mehdiyevdir, Bəylər Əyyubovdur və s. Guya bu görüşlərə qatılsaydı, prezidentlə təmasa girsəydi, tamam başqa mənzərə olacaqdı.
Bu ölkədə Ilham Əliyevlə razılaşdırmadan və onun qərarı olmadan heç bir addım atılmır! Nurəddin bəy çox gözəl bilir ki, onun tənqidi çıxışından sonra iş adamları ilə görüşə çağırılmaması birbaşa Ilham Əliyevin qərarıdır. Başqa kim Bakının ən iri iş adamı və Sahibkarlar Konfederasiyası sədrinin adını prezidentin görüşünə dəvət edilənlərin siyahısından çıxara bilər? Kim buna cəsarət edər?
Bakının göbəyində sahibkar həbs edilir, ictimaiyyətdə hay-küy başlayır, qanunsuzluq kəllə-çarxa çıxır, dünya xəbər tutur, amma Ilham Əliyevin tükü də tərpənmir. Çünki Heydər Əliyev prospektindəki “Əzizbəyov” metrosuna qədər olan, ərazisi on hektarlarla ölçülən zavod-fabriklərin sahibkarlardan zorla alınması və həmin sahənin boşaldılması dövlətin “strateji” planlarına daxil edilən əməliyyat idi. Indi Zülfüqarlı qardaşlarına məxsus olan həmin zavodların ətrafında bir dənə azad ASC qalmayıb – hamısını alıblar və Ilham Əliyevin razılığı ilə Kəmaləddin Heydərovun (sənədlə sübut edə bilərəm!) “Gilan Holdinq”inə veriblər. Nə Kərəm, nə Ramiz, nə Bəylər? Heç Kəmaləddin Heydərova da dəxli yoxdur o zavodların – nə olsun ki, “Gilan”ın balansındadır?!Bu kampaniyanın başında birbaşa Ilham Əliyev dayanır və bunu Zülfüqarlı qardaşları çox gözəl bilir. Amma tutulandan, şərlənəndən, mülkləri, sərmayələri əllərindən alınandan, hətta ölkədən qovulandan sonra da nəinki bunu etiraf edirlər, hətta yenidən bu hakimiyyətlə iş qururlar, yenidən iqtidarın bir məmurunun çətiri altına girirlər, yenidən Butada zavod inşa edirlər…Sahibkar qardaşlar nə deyib bu hakimiyyətlə yenidən iş qurublar? Əgər and içsələr ki, inanıb, etibar etmişik, ağıllarını şübhə altına qoyarlar. Ancaq bu boyda işlər bacaran qardaşların ağıllı olmadığını düşünmək sadəlövhlükdür. Bəs, nəyə “inanıblar?”. Necə sığortalanıblar?
“Sığorta” demişkən, bir faktı da deyim, yəqin ki, Zülfüqarlıların yaddaşı pozulmayıbsa, bunu xatırlayarlar: 2004-cü ildə Zülfüqarlı qardaşlarından biri ilə söhbət edən Iş Adamı (adını yazmağa ehtiyac yoxdur) onlara əmlaklarını sığortalamağı təklif etmişdi. “Güclü müxalifəti olmayan ölkədə azad sahibkarların mal və can güvəncliyi ola bilməz” arqumenti ilə həmin Adam hakimiyyətə milyonlarla rüşvət verən bu qardaşların müxalifətə də maddi dəstək göstərməsi zəruriliyini demişdi. Zülfüqarlılar nə cavab vermişdilər? Etika çərçivəsinə sığmayan hansı ifadələr işlətmişdilər müxalifətin ünvanına?Nəticə nə oldu? Bilmirdilərmi ki, alternativ siyasi qüvvəni zərərsizləşdirməklə ölkədə diktatura qurulacaq? Bu diktaturanın onları da udacağını nəzərə almırdılarmı?
Bu sıraya təkcə Zülfüqarlılar aid deyil ki! Abdulla Abdullayev, Hüseyn Abdullayev… hətta müxalifətin əzilməsi prosesində birbaşa öz qoçu dəstələriylə iştirak etmişdilər. Sıra onlara da çatdımı?!Əgər əziləndən sonra da bunlarla iş qururlarsa, hələ də əsl səbəbkarın adını çəkməyə cəsarət etmirlərsə, haqq olur Zülfüqarlılara, Abdullayevlərə…


