Tənha şairlə “Azadlıq”da söhbət

HAMININ TƏK BIR ALLAHI HƏR KƏSIN ÖZ ŞEYTANI VAR

“Içim bomboşdu. Içimdəki boşluğu doldurmaq üçün sözlər axtarıram, tapa bilmirəm. Buna baxmayaraq, içimdə hirs və hikkə adına heç nə yoxdu. Yalqızlığım həbsxana hücrəsinə bənzəyir və o hücrənin kiçik mənzərəsi hər gün daha çox kiçilir… Mən indi anlamışam ki, şairlik təkbaşına vuruşmaq kimi bir şeydir, özünə bənzər bir adam axtarmaqdı. Və sonda onu tapmamaqdı… Və böyük mənada insan olmaq da belədir“. Bu sözlər tənha şair Rüstəm Behrudiyə məxsusdur. Allahın belə Allah olmaq istəmədiyi bir məmləkətdə yenilməyən, satılmayan az adam qalıb.
Bu nə cür məmləkətdi,
Bəndəsi haqq istəmir?
Torpaq da bizdən bezib,
Vətən olmaq istəmir.
– deyən görkəmli şairimiz Rüstəm Behrudilə üz-üzəyəm.

– Rüstəm müəllim! Bir müddət bundan əvvəl “Azadlıq” radiosunda sizin “Azadlıq, Torino kəfəni və zəvvarlar” adlı şeirinizi dinlədim. Mənə elə gəldi ki, azadlıq sizin üçün fərqli bir şeydi.
– Allahın belə, Allah olmaq istəmədiyi bir məmləkətdə insanları fərqli qılan çox şey var. Bu fərq insanların doğulduğu yermi, sevdiklərimi, ata-analarımı, kiminin uşağı olmağımı, sahib olduqları şeylərmi? Yox!
Bu fərq, yaşadıqları ömürdə insanın azadlıq deyilən şeyə münasibət formasıdı əslində.
Ancaq adamlar anlamaq istəmirlər ki, ömür illüziyadan başqa bir şey deyil. Insan yer üzündə deyil, ancaq sevdiklərinin qəlbində, sevdiyi şeylərin mahiyyətində yaşayır. Azad olmadan yaşamağın başqa bir anlamı yox və həyat ona bağlanacağın qədər uzun deyil.
Qadağaların hakim olduğu yerdə azad düşüncə, azadlığın hakim olduğu yerdə azadlıq olmur.
Azadlıq başına tac qoyub, taxta oturub, hökmranlıq edirsə, hansı azadlıqdan danışmaq olar. Ən böyük azadlıq sərbəst düşüncənin azadlığıdır.
Azad olmaq, azadlıq – sabaha inamını itirmiş, Allah, ölüm, əbədiyyət, zaman və məkan haqqında düşüncələrlə qorxu içində yaşayan insanı xilas etməyin, yəni insanın özünü xilas etməyinin ən gözəl yoludu.

– Bilirsiniz ki, bu gün xeyli sayda insanların 2 aprel aksiyası ilə bağlı məhkəmə prosesi gedir. Onların artıq bir qismi barədə məhkəmə hökmü var. Həbs edilənlərin arasında Qarabağ veteranları, müstəqilliyə səs vermiş şəxslər var. Bu prosesi necə qiymətləndirirsiz?
– Mən hələ kimin haqlı, kimin haqsız olduğunu bir kənara qoyub, məhkəmə prosesinin özünün nə qədər biabırçı olduğunu demək istəyirəm.
Sübut yox, dəlil yox. Lap sübut, dəlil olsa belə, fərqli düşünən adamları azadlıqdan məhrum eləmək, ailəsindən, cəmiyyətdən ayırmaq özü bir cinayətdi. Mən sənin kimi düşünmürəm deyə məni həbs eləmək zalımlıqdı, zorbalıq əlamətidi. Qarabağ uğrunda vuruşmuş veteranların həbsi vətən sevgisinin üstünə kölgə salan, sabah olacaq savaşın məğlubiyyətlə sonuclanacağına doğru atılan riyakar bir addımdı. Bu cür məhkəmələr millətin taleyində qara ləkələrdi. Bu ləkələri yumaq çətin olacaq.

– Bu gün insanları üzə durmağa məcbur edirlər. Söhbət siyasi məhkəmələrdə alət kimi istifadə olunan adamlardan gedir. Bu cür insanlara sözünüz nə olardı və sizcə, cəmiyyətin bu cür adamlara münasibəti necə olmalıdır.
– Belə bir məşhur məsəl var ki, “Hər kəs cəhənnəmdə onu yandıracaq odu özü ilə bu dünyadan aparır”.
Mənə elə gəlir ki, bu cür adamları cəmiyyət özündən təcrid eləməli, elə adamlarla ünsiyyətə girməməlidi. Hətta elələrinin salamını almaq belə, küfr hesab olunmalıdır. Ictimai qınaq  olmayan cəmiyyət yarıtmaz, harınlaşmış, azmış, cəmiyyətdi. Isanın (p.s.) gözəl bir kəlamı var – “Nə ilə mühakimə eləmisinizsə, o cür də mühakimə olunacaqsınız”.

–  Ziyalılar bu məsələdə susqunluq göstərir və məhz bunun nəticəsidir ki, hakimiyyət nəinki bu prosesi durdurmur, əksinə, hətta az sayda olan cəsarətli vəkilləri də cəzalandırmağa başlayıb. Bu barədə fikirlərinizi bilmək istərdik…
– Ziyalı dediniz. Bu günkü Azərbaycan ziyalısı bu məmləkətin üz qarasıdır. Ziyalılıq şair-yazıçı, professor-akademik olmaq deyil, o titullardan, iqtidar, müxalifət ayrımından çox-çox yuxarıda dayanmaqdı. Fikir, düşüncə adamlarının çörəklə imtahana çəkildiyi məmləkətdə ziyalı olmur, məddahlar və yaltaqlar sürüsü olur.
Qaldı vəkillərin cəzalandırılmasına burda böyük Mirzə Cəlil yadıma düşür. “Danabaş kəndinin əhvalatları” əsərində o boyda ustad Xudayar bəyin harınlığına söz tapa bilmir.
Görün, nə yazır: “Xudayar bəyin qaşları o qədər qalın, gözləri o qədər çuxura düşmüşdü ki, elə bil çim altından qurbağa baxır”. Elə bilirəm şərhə ehtiyac yoxdu.

– Çox vaxt deyirlər ki, bizdə əhali mütidir. Amma bir neçə gün əvvəl Badamdar qəsəbəsində sakinlər ayağa qalxaraq əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən obyektlərə  hücum çəkdi. Sizcə, bu nəyin siqnalıdı?
– Məşhur filosof Artur Şopenhayer deyirdi ki, “mənim qulaqlarım qara camaatın hay-küyünə kardı”. Mən də o fikirdəyəm. Kütlə bir yerə yığışanda düşünmək qabiliyyətini itirir. Mütləq ona ağıllı bir adam rəhbərlik eləməlidi. Yəqin ki, orda da belə bir adam olub. Kim nə deyir desin. O əxlaqsızlıq yuvalarına kimsə dayılıq edib. Bu belə olmasaydı, onlar bir gün də fəaliyyət göstərə bilməzdilər. Xalqı, gücü qabaqlarında görən kimi aradan çıxıblar və əhali də istədiyini eləyib. Qanunlar işləmədiyindən güc strukturlarının görməli olduğu işi xalq görüb.
Bu, çox ciddi bir siqnaldı və hökumət burdan nəticə çıxarmalıdı.

– “Azadlıq” qəzetində son vaxtlar Ziya Bünyadov, Afiyəddin Cəlilov, Şəmsi Rəhimovun qətlləri ilə bağlı MTN-in sabiq müstəntiqi Ramin Nağıyevin açıqlamaları oldu. Amma nədənsə müvafiq qurumlar bu açıqlamalara heç bir münasibət bildirmədilər. Bu susqunluğun səbəbi nədir, sizcə?
– Mən Ramin Nağıyevin açıqlamalarını izləyirəm. Bu açıqlamalardan görünür ki, respublikada baş verən serial qətllərin təşkilatçıları da, qətli törədənlər də ona məlumdur. Bircə adların açıqlanması qalır. Məni maraqlandıran bir şey var. O, nəyi gözləyir görəsən? O, qətlin təşkilatçılarına mesaj göndərir, yoxsa qorxur? Mesaj göndərirsə bu pisdir. Qorxursa lap pisdir. Bu boyda açıqlama verib, qorxmaq düzgün hərəkət deyil.
Mən elə hesab edirəm ki, onun ittiham elədiyi qurumlar mütləq açıqlama verməlidirlər. Bu cür halda susmaq onun dediklərini təsdiqləməkdi.

– Düz 20 il bundan əvvəl elə bizim “Azadlıq” qəzetində yazmışdınız ki, “Azərbaycan ortada qalmış ana tabutudur”. Indi necə fikirləşirsiniz?
– O tabut indi çox şükür ki, ortadan qalxıb. Artıq çiyinlərdədi. Fərq eləməz kimin çiynindədi. Əsas odur ki, ortada deyil. Bir də hər şeyi qara rəngdə, hər yanı qaranlıq görmək ağıllı adama yaraşmaz. Bilmirəm bilirsən, ya yox. Bütün rənglərin anasıdı qara rəng, qaranlıq. Qara rəngdə də yaşılı, qırmızını, mavini, qaranlıqda közərən işığı, nuru görmək lazımdı.
Bakı gözəlliyinə görə Avropanın şəhərləri ilə yarışa bilər. Qax, Qəbələ, Naxçıvan Avropanın əyalət şəhərlərindən heç də  geridə deyil. Bircə qalır bu gözəlliyin insana xidmət eləməyi.

– Korrupsiyaya qarşı mübarizə elan edilib. Bir vətəndaş olaraq bunun nəticəsini görürsünüzmü?
– Vallah iş adamı olmadığımdan elə şeylərdən xəbərim yoxdu. Ancaq qəzetlərdən oxuduğum faktlar ətürpədicidi. Qəzetlərdə yazılanların yüzdə biri həqiqətdirsə belə, bu biabırçılıqdı.
Özümə gəldikdə isə kiçik bir yerim var. Özəlləşdirmək istəyirəm. 15-30 instansiyadan keçmişəm, rüşvət verməmişəm. Axırıncı mərhələdə Əmlak Komitəsində sənədlərimi geri qaytarıblar. Bir sənədin çatışmadığını deyiblər. O sənədi də almağa cəhd eləyirəm. Alandan sonra yenidən sənədləri Əmlak Komitəsinə təqdim edəcəyəm. Onda bu sualın cavabını verəcəyəm.

– Bu məmləkətdə sizi ən çox heyrətləndirən nədi?
– Bu məmləkətdə məni heyrətləndirəcək bir şey qalmadı. Hər şey adiliyə sığınıb, hər şey adiləşib. Nadanlıq, mütilik, ləyaqətsizlik, yaltaqlıq ilahi hesabladığımız dəyərlərin üstünə hopub. Ona görə də yazmışam ki, “Bu şəhərdə qalmaq üçün salam verməyə, çıxıb getmək üçün vidalaşmağa bir kimsə yoxdu”.
Məni heyrətləndirən bir şey hər gün təkrar-təkrar baş verir. Səhər, günorta, axşam məscidlərin minarələrindən bir səs gəlir: “La Ilahə Illallah” – yəni Allahdan başqa Allah yoxdur. Ancaq yerdəki bu “allahlar” allahlıqlarından əl çəkmirlər. Bu zavallı xalq bir yana, Allahla Allahlıq iddiası məni heyrətləndirir. Allahlar olan yerdə Allah olmur axı!
Bu boyda “allahların” içində Allah belə baş çıxara bilməz.
Bizim başımıza gələn fəlakətlərin əsl səbəbi niyə, nə üçün yaşadığımızı bilməməyimizdi. Insan niyə yaşadığını bilməyəndə nə cür yaşamaq uğrunda vuruşmağa başlayır. Bu mübarizə insanı insan eləyən bütün dəyərlərin üstünə kölgə salır.
Yer üzünün görüş yeri olduğunu unudan bu adamlar, bütün ömürlərini var-dövlət toplamağa hesablayan bu cahillər sürüsü anlamır ki, insan sosial varlıq olmaqdan daha çox, bioloji hadisədir, yəni, ölümlüdür. Mən Bakıda, hətta halal əməyi ilə imarətlər yapan Bakı milyonerlərinin belə, birinin övladının indi o imarətlərdə yaşamadığını bilirəm. Bu, çox uzaq keçmiş deyil, göz önündə olan bir tarixdi.
Bəs onda var-dövlət uğrunda savaşın bu zorakı əsgərlərinin hərəkətləri ağılsızlıq deyil bəs nədi?! Mənim o adamlara yazığım gəlir.
Məni heyrətləndirən başqa bir şey də var. Bu dövlətin müstəqilliyi uğrunda canını qoyan, Qarabağ savaşında hər şeyini itirən adamlara bu hökumətin münasibəti. Burada yenə Mirzə Cəlil yada düşür. Xudayar bəy Zeynəbi (daha doğrusu, Heydərdən qalan mal-mülkü) ələ keçirmək üçün görün onun oğluna nə deyir: “Vəliqulu heç rəvadırmı ki, atanla dostluğu mən eləyəm, anan başqasına getsin?” Çox pis qarşılaşdırma olsa da, həqiqət budu.   
Ruhumu bilə-bilə   
Yolladım şeytan ilə.
Bu yerdə Allah belə,
Allah olmaq istəmir.

– Türkiyə səfiri Israillə münasibətlər korlanandan sonra Azərbaycanı bu ölkə ilə münasibətlərə yenidən baxmağa çağırdı. Azərbaycanın mövqeyi necə olmalıdır?
– Mərhum prezident Heydər Əliyev Türkiyə və Azərbaycanı bir millət iki dövlət adlandırmışdı. Azərbaycan iqtidarının başqa cür hərəkətləri onun fikirlərinə hörmətsizlik olardı. Mərhum prezident və dostum Ə.Elçibəy özünü Atatürkün əsgəri adlandırırdı. Türkiyənin dostu dostumuz, düşməni düşmənimiz olmalıdı. Azərbaycan bu günkü varlığı üçün belə, Türkiyəyə minnətdar olmalıdı. Türkiyə bizim bu günümüzün, gələcəyimizin dostu, qardaşı, müstəqilliyimizin qarantıdı. Türkiyə Azərbaycanın düşmənləri qarşısındakı “Çin səddi”di. Biz bu səddin daşına belə, toz qonmasına imkan verməməliyik. Bir də iqtidarlar gəldi-gedərdi. Əsas olan millətdi. Iqtidarların bir-birinə olan münasibəti millətlərin bir-birinə olan münasibəti deyil ki. Biz bunu Türkiyənin istiqlal savaşında, 18-ci ildə Bakıda, 90-cı  illərdə Qarabağda gördük. Bu əslində genetik yaddaşını itirməmiş türkün böyüklüyüdü. Türklük bir dindi. Xalqlar iqtidarı dindən, imandan çıxmağa qoymaz.
Türkiyə – ruhu sözlərimdə çırpınan bir ölkədi. Ölkə olmaqdan daha çox atamdı, anamdı, qardaşımdı, bacımdı, sevgilimdi.
Türkiyə ilə bağlı başqa nə cür düşünmək olar ki?

– Rüstəm müəllim, hal-hazırda nə işlə məşğul olursunuz? Yaradıcılığınız nə yerdədi?
– Artıq payızdı. Sən bilməmiş deyilsən. Axı mənim bir ədəbi təxəllüsüm də “Payız adamı”dı. Payız gələndə dəli oluram. Mən əksər yazılarımı, şeirlərimi payızda yazmışam bu uzun illər boyu.
Bu yaxınlarda uzun illər boyu yazdığım bir dram əsərini tamamladım. Yeni şeir kitabı hazırlayıram.
Bu son vaxtlar Ziqmund Freydin seçilmiş əsərlərini, Erkün Poyrazın “Qanla abdəst alanlar” kitablarını oxudum. Hazırda dostum Kamal Abdullanın son romanını oxuyuram. Sən demə, Kamal təkcə böyük alim, gözəl şair deyilmiş. Həm də böyük, çox böyük yazıçıymış.
Artıq balıq mövsümü də başlayıb. Demək hər şey yaxşılığa doğrudu.

– Maddi vəziyyət Sizi sıxmır ki?
– Mənim bir ifadəm var:  Halım məmləkətin halı.
Maddi cəhətdən zəngin adam deyiləm. Kasıbçılıq da utanılacaq bir şey deyil. Azərbaycan əhalisinin əksəriyyəti nə cür yaşayırsa, mən də eləcə. Doğmalarım, bir də dərin minnətdarlıq duyduğum bir dostum həyatımın ən ağır məqamında həmişə  yanımda olublar. Mən həmin dostumdan da, doğmalarımdan da yerdən göyədək razıyam.

– Son olaraq nəsə demək istəyirsinizmi?
– Qoy deyim:
Yol gedirəm mən dəli,
Bu yol dəli, mən dəli.
Bu nə yoldu əvvəli
Və sonrası içində.
Əvvəl və son yoxdu. Onların əvəzində yol var. Və ən acınacaqlı odur ki, biz yolun kənarındakı çiçəklərə uyub, yolun özünü, yəni insanı unutmuşuq. Bu ölkədə nə varsa insanın xoşbəxtliyinə hesablanmalıdı.
Bizim qəzəbi gülüşə, atəşi nura və işığa, ehtirası sevgiyə, haqq və ədaləti görüntüyə, riyakarlığı xeyirxahlığa, qorxunu Allaha çevirmək cəhdimiz bizim zəkamıza deyil, bizə verilmiş ömrü, qısa zaman ölçüsünü öz həyatımız ilə doldurmaq istəyinə hesablanıb. Vay halımıza, yazıq bizə!
Bir də üzümü Azərbaycan ziyalısına tutub demək istəyirəm ki:
Ölür, söz ölür, qoymayın,
Onun da adam tək canı var.
Hamının tək bir Allahı,
Hər kəsin öz şeytanı var.
Son olaraq bu günlərdə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adını almış əziz dostumu – Vaqif Gərayzadəni və Aygün xanım Səmədzadəni təbrik edirəm. Insan aldığı mükafata layiq olanda dünya da gözəlləşir, adamlar da, məmləkət də!
Və bir də sonda çox hörmət elədiyim əziz bir dostumun sevdiyim bir fikrini oxucularla bölüşmək istəyirəm: “Içindəki iblisi çətin də olsa qovmaq mümkündü. Ancaq gedib başqasının ürəyində oturacaq. Ən gözəli onu öz içində mələyə çevirməkdi”.
Iblisin də nə vaxtsa bir mələk olduğunu unutmadan, qiyaməti hazırlayandan sonra Allahın hüzuruna dönəcəyinə, əhv diləyəcəyinə, Allahın da onu bağışlayacağına inanıram.

Nigar