
Zalın alqış sədaları hakimi yerindən elədi; hökmün oxunması təxirə salındı (VİDEO/FOTOLAR)
Liderləri zaldan kənarlaşdırmaq cəhdi baş tutmadı
Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs edilən Arif Hacılı, Fuad Qəhrəmanlı, Məhəmməd Məcidli və Tural Abbaslının işi üzdə Səbail Rayon Məhkəməsində proses davam etdirildi. Məhkəməyə IP liderləri Əli Kərimlinin, Isa Qəmbərin, IP Koordinasiya Şurasının üzvlərinin və fəallarının gəlməsi polisin ərazidə həddən çox cəmlənməsini şərtləndirmişdi. Güc orqanları azı 7 kamera ilə məhkəmə önündə çəkiliş aparırdılar.
Təqsirsizlik
Məhkəmə təqsirləndirilənlərin son sözlərini deməsi ilə davam etdi. Ilk çıxışçı Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı oldu (ÇIXIŞIN TAM MƏTNİ BURADA). O, bir saatdan artıq davam edən nitqinin əvvəlindən hakimdən təqsirləndirilənlərdən hər biri üçün bəraət istədi. Eyni zamanda o, vicdan məhbuslarının müdafiəsində fəallıq göstərən KIV-lərə, vəkillərə, Müsavat başqanı Isa Qəmbər, AXCP sədri Əli Kərimli başda olmaqla hər iki partiya üzvlərinə təşəkkürünü çatdırdı. Arif Hacılı dedi ki, insanların azadlığı uğrunda küçələrə çıxıblar, buna görə də özlərini təqsirli saymırlar.
Hakim alqışa əsəbiləşir

A.Hacılı çıxışının sonrakı hissəsində onunla bərabər həbs olunan şəxslərin günahsız olduqlarını diqqətə çatdırdı, hər birinin həbsi ilə bağlı fikirlərini dedi. O, çıxışını Azərbaycan dövlətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 28 mayda etdiyi tarixi çıxışından sitat gətirməklə yekunlaşdırdı. A.Hacılının çıxışı zaldakıların alqışları ilə qarşılandı. Hakim bununla bağlı zalda birinci cərgədə oturanların bayıra çıxarılmasını tələb etdi. Ancaq etirazlardan sonra bir daha alqış olmamaq şərti ilə sözünü geri götürdü.
Fuad Qəhrəmanlı fərqli alqış qazanır
Bundan sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlı çıxış etdi (ÇIXIŞIN TAM MƏTNİ BURADA). Onun çıxışından sonra Müsavat başqanı hakimə replika atdı ki, çıxış yaxşı olduğundan əl çalmağa izn versin. Hakimin imtinasından sonra Müsavat başqanı zala doğru dönərək dedi: “O zaman hamı əlini qaldırsın”. Bu zaman bütün zal sakitcə əlini qaldırdı.
“Gənclikdən qorxurlar”
Müsavat Gənclər təşkilatının sədri Tural Abbaslı son sözünə həbsinin əsas motivini açmaqla başladı. O dedi ki, ordusu-filan olmadığından düşünmür ki, hakimiyyət ondan şəxsən qorxsun və bu həbsi reallaşdırsın. Bu həbsdə əsas məqsəd “ərəb baharı”ndan ilhamlanan gəncliyi proseslərdən kənarda saxlamaq, qorxu yaratmaqdır. T.Abbaslının fikrincə, hakimiyyətin planı alınmayıb: “Məhbəsi xoş bir əyləncə saymasam da, bu da getdiyimiz yolun bir dayanacağıdır. Fəxr edirəm ki, biz saxlanılandan sonra gənclərin fəaliyyəti səngimədi. Gənclər bu gün də ayaqdadırlar. Elə mənimlə 2 aprel aksiyasına çıxan gənclik bu məhkəmə zalına gəlir, çöldə dəstək aksiyaları keçirir”.
Azərbaycandakı siyasi məhbusların tən yarısının gənclər olmasını təsadüfü saymayan Tural Abbaslı bildirdi ki, bu, hökumətin özü üçün təhlükə mənbələrini zərərsizləşdirmək taktikasıdır: “Onlar nə qədər darkafalı olsalar da ”BBC”, “CNN”-ə baxıb görürlər ki, bütün diktatorların nəfəsini gənclik kəsir”. Vicdan məhbusu dedi ki, hakimiyyət gəncləri həbsə salmaqla necə böyük səhv etdiyini hələ dərk etmir: “Bu həbslər artıq gənclər üçün yeni simvollar, nümunələr yaradıb. Azərbaycan gəncinə daha Pavlik Morozov nümunələri təqdim etməyə gərək yoxdur. Gəncliyin özünün dönməz nümunələri yarandı”.

Bu, azad seçki üzərində qurulan siyasi prosesdir
Milli Azadlıq Hərəkatında iştirak edənlərin artıq 90-cı il təvəllüdlülərinin timsalında layiqli varislərin yetişdiyini deyən Tural Abbaslı Azərbaycanın demokratikləşməsi yolunda atalar və oğullar arasında ciddi mübarizə getdiyini vurğuladı və buna misal olaraq Məhəmməd Məcidliyə mənfi xasiyyətnamə verən Cəbrayılın Böyük Mərcanlı kəndi üzrə icra nümayəndəsi Fəxrəddin Niftəliyevin 37-ci ildə atasının da üzəduran olduğunu dedi. Tural dedi ki, o və yoldaşları sırf siyasi fəaliyyətə görə tutulublar: “Əslində bu məhkəmə bizim yox, azad söz, azad seçki üzərində qurulan siyasi prosesdir”.
İttiham tərəfi rəzil və rüsvay oldu

Cinayət işinin də, məhkəmə prosesinin də müstəqillikdən uzaq olduğunu əminliklə söyləyən müsavatçı gənc dedi ki, bu həqiqəti istintaqı aparan 30 müstəntiqdən 29-u etiraf etməyə hazırdır: “Biz bu sifarişlə işləyib məhkəmədə hansısa həqiqətin üzə çıxması, ədalətli mövqe görmək üçün yox, Azərbaycan məhkəməsi adına, babalarımızın ucaltdığı üç rəngli bayrağa, gerbimizə ehtiram əlaməti olaraq iştirak etdik. Çoxları bu məhkəməyə tragikomediya desə də, mən bəsit komediya deyirəm. Məhkəmə primitiv yalanlar üzərində quruldu, nə şahidlər və nə də ”zərərçəkənlər” bizim iştirakımızla hər hansı cinayətin törədildiyini deyə bildilər”.
T.Abbaslı məhkəməni onlara qarşı qərəz nümayiş etdirməkdə də suçladı. O dedi ki, məhkəmə əlavə şahidlərin dindirilməsi, 2 aprel aksiyasında şüşə qıranların üzə çıxması üçün verilən əhəmiyyətli vəsatətləri təmin etməyib. Buna baxmayaraq, T.Abbaslının fikrincə, prosesdə saxtakar, cinayətkar polislərin ifadəsi ilə ittiham tərəfi rəzil və rüsvay olub.

“Azadlıq” da demişəm, “Istefa” da…
Gənc fəal vətəndaşların mitinqə çıxmasını konstitusion hüququ ilə əsaslandıraraq, nə Zakir Qaralovun, nə Ilham Əliyevin bu hüququ heç kimə qadağa edə bilməyəcəyini dedi: “Bəli, mitinqə çıxmışam, ”Azadlıq” da demişəm, “Istefa” da, əcəb də eləmişəm. Bu, uzaqbaşı inzibati xətadır, 15 manat cərimə yazın, iş bitsin”.
Nağıllarınıza inanmırıq
2 aprel aksiyasında guya vətəndaşların istirahət hüququnun pozulması, nəqliyyatın hərəkətində tıxac yaranması barədə ittihamları da Tural gülünc adlandıraraq rədd etdi. O dedi ki, hər il “Gül bayramı” onların evinin yaxınlığında keçirilir və 2-3 gün tıxac həmin ərazidə bütün nəqliyyatı iflic edir, ancaq buna görə hələ bir nəfər də məsuliyyətə cəlb olunmayıb.
Əliyevlərin sayəsində Azərbaycan məhkəmələrinin ədalətsizlik qalalarına çevrildiyini deyərək Tural bildirdi ki, indi cinayətkar aləmin avtoritetlərinə daha böyük inam var, nəinki hər hansı dövlət aparatına. Turalın fikrincə, bu, ölkədə hüququn böhranıdır. O, dövlət başçısının Avropaya inteqrasiya haqqında danışdıqlarını da nağıl adlandırdı.
Sizi bağışlamayacağıq

Tural Abbaslı çıxışında hakim və prokuroru məsuliyyətli olmağa çağırdı. O dedi ki, çox keçməyəcək Azərbaycanda haqq-ədalət bərqərar olacaq, ölkədə normal hüquqi mühit yaranacaq, o zaman qanunsuz hökmü ərsəyə gətirənlər cavab verməli olcaqlar: “Unutmayın ki, siz qanunsuz yerə insanları bir gün belə, həbsə atırsınızsa, cinayət edirsiniz. Bu hərəkəti çoxları bu vaxta qədər bağışlayıb, biz isə keçməyəcəyik. Bilin, sonra ”bizim uşağımız, ailəmiz var idi” kimi sözlər keçməyəcək”.
Tural hakimi Sovet dissidenti A.Soljenitsinin “Yalansız yaşamaq” adlı Nobel çıxışından ibrət götürməyə səslədi. Dedi ki, yalana qarşı mübarizə aparmaq çətindirsə, heç olmasa özləri şəxsən yalanda iştirak etməsin.
Gənc dostlar!!!
Tural Abbaslı çıxışında ölkə gəncliyinə də müraciət ünvanladı. O bildirdi ki, gəncliyin önündə üç yol var: anası seçki komissiyasının üzvü olsa da, polis qəddarlığı ilə öldürülən YAP-çı Elvin Əsgərovun, əbədi kölə xislətli “Irəli”çi olmaq, yaxud mübarizə meydanına atılıb, xalqın azadlığı üçün çalışmaq yolu. Üçüncü yolun daha şərəfli və qürurverici olduğunu vurğulayan vicdan məhbusu hər kəsi avtoritarizmlə mübarizəyə səslədi. Tural çıxışını Müsavatın himnindən bir parça oxumaqla bitirdi.
Zorən son sözə təhrik
Çıxış növbəsi Məhəmməd Məcidliyə çatanda o, başağrılarının şiddətləndiyi üçün hakimdən növbəti proses üçün vaxt istədi. Lakin hakim heç cür bu istəyi reallaşdırmaq istəmirdi, təkidlə son sözü deməyi tələb edirdi. Hakim çıxış olmayacağı təqdirdə müşavirə otağına gedəcəyini deyəndə vəkillər və vicdan məhbusları hakimin bu hərəkətinə etiraz etdilər. Onlar bildirdilər ki, hakimin təqsirləndirilən şəxsi son sözdən məhrum etməyə hüququ yoxdur. Gərgin duruma məhkəmə zalındakı liderlər də müdaxilə etdilər. Bundan sonra hakim müşavirə üçün 5 dəqiqəlik fasilə elan etdi. Müşavirədən qayıdandan sonra Məcidlinin xahişinin nəzərə alındığını, prosesin oktyabrın 3-də davam edəcəyini bildirdi.
Məhkəmə prosesindən sonra müxalifət fəalları vicdan məhbuslarını təcridxanaya “Azadlıq”, “İstefa” şüarları ilə yola saldı.
Natiq Güləhmədoğlu



