“Min tikana, bir gülə…”

Bu yazını yazdığım vaxt ağlımda ölkə gündəminin qarmaqarışıq hadisələri dolaşır. Amma mövzu seçimi üzərində düşünmək fikrim yox. Məmləkət gündəminin aydınlandığı var ki?.. Bu dəfə gözəl şairimiz Vaqif Bayatlıdan yazacağam. Vaqif bəyin dünyaya gəldiyi gün bu ölkənin tarixi üçün hansı önəmli günün kölgəsində qalır ki… Azərbaycan üçün Üzeyir bəy, Cavid Əfəndi, Mirzə Cəlil kimdirsə, Vaqif bəy də O deyilmi? Bu milləti, bu vətəni sevməkdən “canında can qalmayan”, içi göynəyə-göynəyə, qəlbi qanaya-qanaya sevgisindən, sevdasından bir an da vaz keçməyən neçə belə adam var ayaq basdığımız torpağın üstündə …Canımda can qalmayıbsa,

bəs ağrıyan bu can nədir?
Tanrım, dünyanı anlatdın,
nolar, xəlvəti de mənə:
– Bəs bu Azərbaycan nədir?!
Siz bu tarixin içində böyümüş şairsiniz. Siz 70-ci illərin dissident insanlarıyla oturub-durmuş şəxsiyyətsiniz. Yaxşı xatırlarsınız, bir vaxtlar Rusiyanı xalqlar həbsxanası adlandırırdılar. Indi də Azərbaycan təmsil etdiyi xalqın həbsxanasına çevrilib. Bu gün Azərbaycanı hər kəs bir məhkəmə salonuna bənzədir, Vaqif bəy. Elə bu yazını yazdığım anlarda da bir azdan hökm oxunacaq dörd nəfər 2 aprel məhbusunun taleyini düşünürəm. Bu ölkənin dörd istiqlal savaşçısı bir azdan dünyanın ən gülünc ittihamıyla bağlı qapılar arxasına göndəriləcək. Azərbaycanın indiki real  mənzərəsində bundan daha yaxşı xatırlanacaq bir şey tapmadım yazam, doğrusu…

Bu boz-bulanıqlığın içində yazılacaq ən gözəl şey sizin bir bənd sevgi şeiriniz ola bilər. Heç vaxt belə qaranlıq, kədərli, solğun ortamda bu qədər zərif sevgi şeirlərini necə yazdınız deyə heyrətlənmədim. Bunun ruh azadlığıyla bağlı bir şey olduğunu düşünürəm. Sizin şeirləriniz köləliyə üsyan bayrağı qaldırıb gülə-gülə zindana getməyi üstün tutan o məhbus dostlarımızın ruhu qədər azad olduğuna görə, sevgidən özgə nəyi anlada bilər ki…Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!
Bu misralar mənə nəyi xatırladır, bilirmisiniz? Başında min fikir, içində qəm yükü, gözlərin dolu-dolu dolaşdığın səssiz küçədə qəflətən qarşına çıxan kimsə sənə zərif bir çiçək uzadar sanki… Min kədərin, min dərdin, min tikanın acısını çıxarar o çiçək canından. Bir gül – bir könül min bəlanın sözçüsü, çarəsi, dərmanı olar bir anda. Siz 62 illik yolçuluğunuzda bir “sevgi formulu” yaratmış şairimizsiniz. Sizinlə qarşılaşanda, sizi oxuyanda içimizi bu qədər aydınladan şeyin sirri də o sevgi formulundadır, şübhəsiz. Bu, təmənnasız, qarşılıqsız, böyük eşqin sözlə və bəzən sözsüz rəsmini yaradan bir möcüzədir. Sizdə Füzulinin ruhundan mütləq bir şey olduğuna inanıram. Özünüzün də Füzuli dəlisi olduğunuzu bilirəm. Amma sizin insanlığa anlatdığınız gözəl şeylər üç böyük Türk nəhənginin – Mövlanə, Yunus və Füzulinin bəşəriyyətə anlatdıqlarının davamıdır. Sizi o qədər gözəl anlayıram ki…    Bütün insanlar da hər şeyin keçəri olduğunu, yeganə qalıcı şeyin sevgi olacağını anlasaydılar…

Bir az qarışıq oldu deyəsən. Bu yazını tam olaraq sizin doğum gününüzə ithaf etməyi palanlamışdım. Amma belə alındı. Yenə də alınmış hesab edin. Doğum gününüz mübarək! 
P.S. Hər gün Bakının dəli-dolu küləklərinə qarışıb təkbaşına dolaşdığınız küçələrin birində qəflətən qarşınıza çıxıb o çiçəyi sizə uzatmaq istərdim…