Əliyevçi banditizm dövlətçiliyi

Teleradio, hakimiyyətə bağlı qəzetlər, hakimiyyətdəkilər, hakimiyyətyanlı yaltaq yığını Heydər Əliyev dövlətçiliyindən danışdıqca danışır, bu yolla xalqı aldatmağa çalışırdılar. Bizlər gerçəkləri xalqa çatdırmaq üçün çox çalışır, ancaq bir elə də effektli iş görə bilmirdik – KQB generalı Heydər Əliyevin içdə xalqı, dışda dünyanı aldatmaq bacarığına görə. Ortada Heydər Əliyev dövlətçiliyi adına çox böyük yalan vardı. Adamlar gözləriylə gördüklərinə deyil, Heydər Əliyev yalanlarına inanırdılar. Onun – o daşlaşmış, gənclik çağlarından üzü bəri ŞƏR imperiyasına, ŞƏR qanunlarına qulluq eləmiş, totalitar rejim yolçusu olmuş KQB generalının demokratik dövlət qurmaq yalanlarına… inanırdılar.

H.Əliyev demokratiyası oğlunun qanunsuz yolla hakimiyyətə gətirilməyi ilə sonuclandı. Yalnız hakimiyyət deyil, eləcə də aşağıdan yuxarıya, demək olar, bütünlüklə KQB-yə bağlı komanda, totalitar yönətim metodları, rüşvət-korrupsiya ideologiyası necə var – eləcə, miras kimi atadan oğula ötürüldü. Ötürülməyən bircə atadakı bacarıq idi. Ancaq o bacarıq ötürülsəydi belə, oğulun sözü atanın sözü sayaq ötkün, keçərli olmayacaqdı: istər içdə, istər dışda. Hamını sonadək aldatmaq olmaz – buna görə! H.Əliyev hakimiyyəti yalan, xalqı aldatma üzərində qurulmuş hakimiyyət idi. Bircə bu faktı yada salmaq yetər: “Pencəyimi çiynimə atıb, gedib oturacam Xankəndində”. Yalnız aşağı qatdan deyil, elm-mədəniyyət, siyasət elitasından da bu sayaq yalanlara çoxlu sayda inananlar oldu. Beləliklə, 93-dən ölkədə KRIMINAL rejim quruldu: polis-məhkəmə-agentura sisteminin önə çıxdığı, aparıcı rol oynadığı INKVIZISIYA rejimi!Tarix baxımından çox az, praktik baxımdan olduqca böyük sürədə Azərbaycan cinayətlərlə dolu illər yaşadı. Xalqın çoxlu sayda dəyərli oğlu öldürüldü. Ölkə yağıcasına soyulub-yağmalandı, çapılıb-dağıdıldı. Bu illərdə faktiki olaraq Qarabağ ermənilərin, qalan Azərbaycan Əliyevlərin, əliyevçi hakimiyyət adamlarının IŞĞAL zonasına çevrildi. 1993-dən bu yana biz bütün insan hüquqlarının bir əldə toplandığı əliyevçi IŞĞAL rejimi altında yaşamışıq! Eləcə də biz bu illərdə polis-məhkəmə-gizli agentura ortamında yaşamalı olmuşuq!“Vaşinqton Post” qəzeti ilə başlayan, Vikiliks saytının yayımları ilə sürdürülən, MTN-in keçmiş polkovniki Ramin Nağıyevin, keçmiş Beynəlxalq Universitetin keçmiş rektorunun, Zülfüqarlı qardaşlarının tragikomik epopeyası ilə zirvəyə yüksələn əliyevçi KRIMINAL dövlət, dövlətçilik görsənişləri… bunlar hamısı Azərbaycanda qurulmuş faşist rejiminin bugünkü faktları, gələcək məhkəmə epizodlarıdır. Gələcək, sözsüz, o məhkəmə gələcək! Kimlərsə o məhkəməyə Mübarək kimi xərəkdə, kimlərsə Hacı Məmmədov kimi qolları qandallı gətiriləcək! Özünü “otuz ilin professoru” adlandıran Elşad Abdullayev kim idi, hansı cinayətlərin subyekti idi – bilirik. Sözün geniş anlamında KRIMINAL rejim ortağı olan bu adam bu gün Heydər Əliyev-Ramiz Mehdiyev dövlətçiliyi ilə bağlı elə faktlar açıqlayır, bizlər – bu hakimiyyətin çoxlu sayda cinayətlərini bilən kimsələr – belə, quruyub qalırıq. Bizlər bilgiliydik, bilirdik: R.Mehdiyev seçki saxtakarlıqları başda olmaqla, bu ölkədə uzun illərdən bəri KRIMINAL şəbəkənin başında duranlardandır. E.Abdullayev bir yandan, Zülfüqarlı epopeyası o biri yandan bu KRIMINAL şəbəkə başçısının kimliyini bütün çılpaqlığı ilə açıb ortaya qoyur. Sözsüz, bunlar illərlə törədilən, çoxu bizə bəlli olmayan (çağı çatdıqca bəlli olacaq), indiyədək üstü açılmayan cinayətlərin bir azıdır. Göründüyü kimi, bir sıra qəzet redaktorlarını satın almaqla, prinsipial jurnalistləri öldürməklə, döyməklə, tutuqlamaqla bu cinayətlər ört-basdır ediləsi deyil. Çoxlarının güvənc personası saydığı Putinin prezidentliyə qayıdışı da kimlərinsə qurtuluşuna nədən ola bilməyəcək. Başqaları bir yana, Putinin qayıdışı Rusiyanın özü üçün də sonun başlanğıcı olacaq…