Hakimiyyətin hüquqi dövlət hesab etdiyi Azərbaycanda ana övladının həbsini mətbuatdan öyrənir
2007-ci ilin əvvəlindən Azərbaycan mətbuatında “Səidin dəstəsi” adı altında bir qrup gənci MTN-in necə zərərsizləşdirməsi (əgər buna hüquqi dillə zərərsizləşdirmə demək mümkündürsə) haqqında müxtəlif səpkili yazılar dərc olunur. Göstərilən ildə haqqında cinayət işi açılan və həbs olunan Səid Dadaşbəyli də dövlət başçısı Ilham Əliyevə ünvanladığı müraciətlərdə üzərində qurulan istintaq və məhkəmə prosesinin bir absurd teatrı olduğunu faktlar və məntiqlə təsvir edir.
Haşiyə: Dövlət çevrilişi ittihamı ilə təqsirləndirilən bu gənclərdən biri Rasim Kərimov 1981-ci ildə Bakıda, ziyalı ailəsində doğulub. 1998-ci ildə orta məktəbi rus dilində bitirib. Elə həmin il Bakı Islam Universitetinin əyani şöbəsinə daxil olub. Rasim istedadlı, fərqli tələbə olduğundan 1999-cu ildə Islam Universitetinin xətti ilə Misir Ərəb Respublikasının “Əl-Əzhər” universitetinə bir il müddətinə təhsil almağa göndərilir. O, universiteti uğurla bitirdikdən sonra vətənə qayıdır və özəl kurslarda ərəb və fars dilindən dərs keçir. Bir müddətdən sonra özəl kurslar bağlanır, işsiz qalanda ticarətlə məşğul olmağa başlayır. 2005-ci ildə isə Səid Dadaşbəyli ilə tanış olur və onun özəl firmasında ticarətinə davam edir. Bununla yanaşı bu gənclər öz qazanclarının müəyyən faizini kimsəsizlərə, qocalara, əlillərə, yetim uşaqlara sərf etməklə himayədarlıq edirlər.
Yaxınları ilə söhbətdən aydın olur ki, Rasim həbsindən bir ay əvvəl Həcc ziyarətinə gedibmiş. O, Həcc ziyarətində Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudovla rastlaşır. Ancaq bu tanışlığın sevinci çox çəkmir, 2007-ci il yanvarın 18-də Həcc ziyarətindən qayıdarkən Rasim Kərimovu MTN-in əməkdaşları təyyarə meydanında başına torba keçirib həbs edirlər. Rasimin valideynləri, dostları isə hava limanının gözləmə zalında onun yolunu gözləyirdilər. Ziyarətdən hamı qayıtdı, Rasim qayıtmadı. Rasimi tapmaq üçün axtarışa başladılar. Nə dürüst cavab verən oldu, nə gördüm deyən. Ananın əli qoynunda, gözü yaşlı qalmışdı, övladını tapa bilmirdi.
Bu həbsin səbəbi isə acı gülüş doğurur, yəni ittihamdan belə nəticə çıxır ki, Rasim Həcc ziyarətində olarkən, dövlət çevrilişi edibmiş. Hətta Azərbaycan Respublikasının Konstitusiyasını dəyişdirib. Absurda baxın ki, ona qarşı ittihamda bu maddə də yer alıb. Dəhşətlisi odur ki, Rasimin anası Iradə Kərimova oğlunun həbsini “Yeni Müsavat” qəzetinin 19.01.2007-ci il tarixində dərc olunan “Səidin dəstəsi” məqaləsindən sonra öyrənir: “Oğlum ziyarətdə olarkən mənə telefon açmışdı. Xəbər aldı ki, Bakıda nə baş verib? Səidi nə üçün həbs ediblər?”. Iradə xanım Səidi tanımadığından bu həbsdən məlumatsız idi. Azərbaycanda heç bir dəyişiklik olmadığını söyləyib: “Oğlumun zərrə qədər nədəsə günahı olsaydı, heç geri qayıtmazdı. Istədiyi ölkələrin birinə gedə bilərdi, çünki bir neçə dildə sərbəst danışırdı”.
MTN-in tapmadığı silahı Ənvər Seyidov tapdı
Rasim Rafiq oğlunun həbsindən bir gün sonra MTN-in əməkdaşları onun yaşadığı 15 kvadratlıq birotaqlı mənzildə axtarış aparırlar. Sanki bu kiçik mənzildə tank axtarırdılar, ancaq heç qaz yandıran alışqan belə, yox idi. Axtarış başa çatandan sonra evdə heç bir silah-sursat olmaması barədə imzalanmış sənəd Iradə xanıma təqdim olundu. Ancaq MTN-in axtarış zamanı verdiyi protokola baxmayaraq, hakim Ənvər Seyidov 10.12.2007-ci il tarixində imzalanmış hökmdə Rasim Kərimovun mənzilindən alışdırıcı ilə birlikdə bir ədəd “RQD-5″ tipli əl qumbarası və 63 ədəd 7,62 mm kalibrli patron tapıldığını elan etdi. Və onun CM-nin 218.2 (Cinayətkar birlikdə iştirak etmə), CM-nin 278 (hakimiyyəti zorla ələ keçirmək və zorla saxlama) maddələri ilə 13 il azadlıqdan məhrum olunması hökmünü verdi.
2008-ci ilin yanvarında Səid Dadaşbəyli ilə həbs olunan 10 gənci Bayıl cəzaçəkmə müəssisəsinə gətirirlər. Bu zaman Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu 10 gənci görmək üçün həbsxanaya yollanır. Bir il öncə Həcc ziyarətində tanış olduğu Rasimi bu dəfə Bayılda görür.
Azərbaycanda hər kəs bilir ki, bu gənclər günahsızdır, sifarişlə həbs ediliblər. Nədənsə hamı susur. Rasim Kərimov tərbiyəli, savadlı, alicənab, qətiyyətli bir gəncdir. Əqidəsi saf olan bu gənc şər qüvvələrin təsirindən heç evlənməyə belə, macal tapmadı. Görəsən, bu gəncin itirilmiş illərini kim qaytaracaq?
Natiq Cavadlı


