ARDNŞ texniki təhlükəsizlik qaydalarını pozduğuna görə bu il 21 neftçi dünyasını dəyişib
2011-ci ilin 9 ayına görə ARDNŞ-də 21 ölüm hadisəsi qeydə alınıb. Bu müddət ərzində xəsarət alan işçilərin sayı isə 23 nəfərdən çox olub. Bu məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı Ictimai Birliyi (NHMT IB) yayıb. Təşkilata görə, bu cür statistika ARDNŞ-də əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını işəgötürənlərin kobud şəkildə pozması nəticəsində yaranıb. Təşkilatın yaydığı bəyanatda vurğulanır ki, ARDNŞ-də işləyən neftçilərin sağlamlıqlarını və ya həyatlarını itirməsi barədə zaman-zaman əlaqədar qurumlar qarşısında daimi olaraq bu problemi qaldırsalar da, bir nəticə olmayıb: “Təşkilatımıza daxil olan məlumatlara əsasən 2009-cu ildə ARDNŞ-də 6 ölüm hadisəsi qeydə alınıb. Reallıqda isə bu rəqəmlərin daha çox olduğunu düşünürük. 2010-cu ildə 9 ölüm hadisəsi, 2011-ci ilin 9 ayına görə isə 21 ölüm hadisəsi olub. 2011-ci ilin 9 ayına görə ARDNŞ-də xəsarət alan işçilərin sayı isə 23 nəfərdən çox olub. Təəssüf ki, ARDNŞ tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində hər il ən azı 50-dən çox işçi sağlamlığını və ya həyatını itirir”.
Bəyanatda o da vurğulanır ki, baş verənlər ARDNŞ rəhbərliyi ilə yanaşı, ictimai nəzarəti həyata keçirən Neft və Qaz Sənayesi Işçiləri Həmkarlar Ittifaqını, Dövlət Əmək Müfəttişliyi Xidmətini və hüquq-mühafizə orqanlarını da narahat etmir. Elə təsadüfi deyil ki, son 10 ildə bu qaydaları pozan vəzifəli şəxslərin heç birinə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada intizam, inzibati və cinayət məsuliyyəti tətbiq olunmayıb.
Bəyanat müəllifləri onu da diqqətə çatdırırlar ki, bədbəxt hadisələr ya qeydə alınmır, ya da qeydə alındıqda, zərər çəkmiş, ya bədbəxt hadisə nəticəsində həlak olmuş işçilər günahkar kimi göstərilməklə rəsmiləşdirilir.Bütün bunları nəzərə alaraq NHMT IB ARDNŞ rəhbərliyindən və aidiyyəti orqanlardan tələb edir ki, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını pozan vəzifəli şəxslər qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalandırılsın.
Hikmət