Dünən keçinən əsgərin ölümünü Elçibəyin üzərinə atırlar?

Ölümü ictimaiyyəti sarsıdan və geniş müzakirələrə yol açan əsgər Eldar Novruzovun həkimləri dünən mətbuat konfransı keçirib. Müalicə üçün Türkiyənin Gülhanə xəstəxanasına göndərilərkən Binə aeroportunda keçinən əsgərin ölümü ilə bağlı onun yaxınlarında və ictimaiyyətdə bir çox fərziyyələr və şübhələr mövcuddur. Görünür, bu səbəbdən həkimlər öz fikirlərini cəmiyyətlə bölüşmək istəyiblər…

Və necə bölüşüblər?! Mən deyərdim ki, gül vurublar…

Mərkəzi Hərbi Klinik Hospitalın immunologiya şöbəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Fuad Zeynalov əsgərin ölümünə belə bir izah verib: “Bu xəstəlik bütün orqanları zədələyir. Novruzovun nümunəsində onu deyə bilərəm ki, bu xəstəlik çürüyə-çürüyə gedir, bütün orqanları zədələyir. Bu xəstəliyin qarşısını almaq çətindir. Bu xəstəlik onda tədricən yaranıb, immun sisteminin çatışmazlığı nəticəsində. Belə xəstəliyin yaranmasına 1992-1993-cü illər səbəb olub. O dövrdə doğulan uşaqlarda immun çatışmazlığı müşahidə olunur. Çünki o dövrdə ölkədə qida çatışmazlığı olub”.

Gördünüzmü?! Dünən keçinən əsgərin ölümünə görə məsuliyyəti atırlar, tutaq ki, Mütəllibov və Elçibəy dövrünün üzərinə. Yəni bunların heç bir günahı yoxdur. Əgər Əliyevlər hakimiyyətə 1990-cı ildə gəlsəydi, aclıq olmazdı və mərhum Eldar da xəstələnməzdi, xəstələnsəydi də onu müalicə edərdilər.

Belə bir biabırçı açıqlamaya ən savadsız adamın da gülməyi tutar. Bu heç həkim danışığıdırmı? Bunu eşidəndə mənim yadıma başqa bir açıqlama düşdü. Ötən il YAP-ın məşhur politoloq deputatı Aydın Mirzəzadə də eynən belə bir iddia ilə çıxış etmişdi: orta məktəb məzunları qəbul imtahanları zamanı ona görə aşağı bal toplayır ki, onlar ağır psixoloji dövr olan 1992-1993 illərdə anadan olublar, yaddaşları və ağılları yüksək deyil. Halbuki ondan qabaqkı illərdə və ondan sonrakı illərdə məzunlar heç yaxşı nəticə göstərməyiblər, əksinə, nəticələr hər il pisləşir.

Yalan danışmağa yer qalmadıqca, yalan da getdikcə absurd məna qazanmağa başlayır. Ona görə hələ çox dəhşətli açıqlamalar eşidə bilərik…Əsgərin həkimi 1992-1993-cü illərdə doğulanların immun çatışmazlığı ilə bağlı bircə əlavə nümunə gətirməyib. Onu da xatırladım ki, indiyədək ölkədə belə tendensiyanın olması haqda heç bir açıqlama və ya statistika səslənməyib. Ümumiyyətlə, yaxşı qidalanmamadan yaranan bu sağalmaz xəstəliyin adı nədir, niyə onun adı açıqlanmır?

Eldar Novruzovun müalicə həkimi tibb xidməti polkovnik-leytenantı Vasif Adıgözəlov da mətbuat konfransında xəstənin necə müalicə edilməsindən danışıb, amma o da bu xəstəliyin adını çəkməyib. O isə deyib ki, xəstənin üzərində radikal əməliyyat aparılmalı idi, lakin valideynləri razı olmadı. Bu necə olur? Əsgəri xilas etməyə valideynləri qoymadı?

Amma hər iki həkim sonda deyir ki, əsgərin xəstəliyi sağalmaz idi. Bəs onu Gülhanəyə niyə yollayırdınız? Onu niyə əməliyyat edirdiniz? Qısqanclıq mahnıları…

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədriÿ Əli Hüseynli ÿdeyib ki, Azərbaycan tərəfinin Beynəlxalq Boks Federasiyasına rüşvət verməsi kimi iddialar “xarici qüvvələr”in Azərbaycana qısqanclığından doğur: “Onlar Azərbaycana təzyiq etməyə çalışır, müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər. Ölkəmizə qarşı yönələn bu addımlar müəyyən beynəlxalq qeyri-hökumət təşkilatlarının vasitəsi ilə atılır. Bu mənada ölkəmizdə mülkiyyət hüququ ilə bağlı son vaxtlar səslənən fikirlər, eləcə də Azərbaycan tərəfinin, guya, Beynəlxalq Boks Federasiyasına rüşvət verməsi kimi iddialar bu siyasətin tərkib hissəsidir…”.

Bəs onda bizim “Eurovision-2011” qələbəmizi niyə qısqanmadılar?