Deputat Məleykə Abbaszadəyə meydan oxudu

Əhməd Vəliyev «rezidentura qalmaqalı»nda qalib gəldi

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sübut etdik ki, onların informasiyaları doğru deyil, səhvdir. Əsaslandırdıq ki, həmin informasiyalar qeyri-dəqiqdir, onlar haqsızdırlar”. APA-nın məlumatına görə, bunu Odlar Yurdu Universitetinin rektoru, deputat Əhməd Vəliyev deyib. O, yayılan məlumatların universitetə tələbə qəbuluna mənfi təsir göstərmədiyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl TQDK sədri ilə rektor arasında “rezidentura qalmaqalı” yaranmışdı. Məleykə Abbaszadə Odlar Yurdu Universitetinin tibb fakültəsinə tələbə qəbulunun şəffaf aparılmadığını bildirmişdi. TQDK sədri ad çəkmədən   özəl ali məktəblərdən birində fəaliyyət göstərən tibb fakültəsinin 24 tələbəsi ilə bağlı ona müraciət edildiyini demişdi. Onun sözlərinə görə, həmin tələbələrin rezidentura imtahanlarına buraxılmasına kömək edilməsi xahiş olunub. Ancaq araşdırmalar zamanı həmin tələbələrin yalnız 6-nın TQDK-nın 6 il əvvəl keçirdiyi imtahanın nəticəsinə uyğun olaraq həmin ali məktəbdəki tibb fakültəsinə qəbul edildiyi üzə çıxıb: “Digər 18 nəfərin həmin ali məktəbin tibb fakültəsinə necə qəbul olaraq, oxuduqları məlum deyil. Belə adamları nəinki xəstəxanaya buraxmaq olar, heç onların əlinə meyit də vermək olmaz. Sözsüz ki, mən bu xahişi qəbul etmədim”.

Sonradan məlum olmuşdu ki, həmin ali məktəb Odlar Yurdu Universitetidir. Sözügedən universitetin rektoru Əhməd Vəliyev “Odlar Yurdu Universitetinin tibb fakültəsinin məzunlarını rezidentura imtahanına buraxmayacaqsa, bu, həmin insanların hüquqlarını tapdalamaq deməkdir” deyə TQDK sədrinin fikirlərinə kəskin etiraz etmişdi.

Göründüyü kimi, artıq Əhməd Vəliyev “rezidentura” qalmaqalında Məleykə Abbaszadəyə qalib gəlib.

Informasiya şöbəsi