Beşikdən məzara kimi işləmək alnımıza yazılıb!

Analoqu olmayan ölkədə yaşamağımız haqqında daha bir sübut: yay aylarında kurort şəhərlərə ən ucuz qiymətə hər çeşiddə bilet tapmaq mümkündür, amma Sibirə getməyə ən baha qiymətə bilet tapılmır. Iyunda Krasnoyarsk vilayətinin Norilsk şəhərindən gələn, lakin avqustda geriyə qayıtmağa bilet tapa bilməyən qonaqlarımın hesabına ölkəmin gözəllikləri və eybəcərlikləri ilə daha dərindən tanış oldum. Qəribədir, dünyanın ən çirkli şəhərlərindən biri olan, gecəsi-gündüzü bilinməyən, əhalisi il boyu boran-çovğunla üz-üzə qalan, bir vaxtlar Stalinin sürgün etdiyi Norilskə – “Dolina smerti” adlanan yerə yay aylarında bilet 3500 manata, amma kurort şəhərlərə qəpik-quruşa olur. Əlbəttə, şəxsi uçaqları, helikopterleri olanların mövzuya heç bir aidiyyəti yoxdur. Onlar istədikləri yerə, istədikləri vaxt gedib kef edib qayıdırlar. Sibirə kütləvi axın camaatın xizək sürməyə, qartopu oynamağa həvəsinin qalxdığına görə deyil. Sadə camaatın xizək-mizəklə nə işi? Xizəyi prezident sürər, qartopunu deputatlar oynayar, başı qarlı dağlara ekologiya naziri qalxar. Ölkə məmurlarının başı əyləncəyə, ev dağıtmağa, para saymağa elə qarışıb ki, işsiz, ev-eşiksiz camaat məcburiyyət qarşısında qalıb çöllərə düşüb, bir tikə çörək üçün cəhənnəmin dibinə kimi gedirlər. Turizm agentlikləri yayda zəhmətkeş xalqımızı kurort ölkələrə istirahətə yollamaq üçün dəridən-qabıqdan çıxırlar, yalvarıb-yaxarırlar, min cür şirin vədlər verirlər. Agentliklərin turistlərə 999 manata möhtəşəm istirahət vədi saytlardakı reklamlarından, divarlara vurulan elanlarından da hiss olunur. Üç doqquzu yanaşı yazmaqlarından anlaşılır ki, daxılında min manatdan bir manatı əskik olan azərbaycanlı da bir həftə xaricdə dincələ bilər. Bütün bunları bu yaya qədər mən də bilmirdim. Amma kimdir kurorta gedən? Kafir deyilik ki, işdən-gücdən ayrılıb istirahətə gedək. Müsəlmanların alnına “beşikdən məzara kimi işləmək, işləmək və yenə də işləmək” yazılıb. Bu ölkədə istirahət hüququndan danışan vətəndaşı zəhmətkeşlər daşqalaq edərlər. Hətta bizim məhəllədəki Əmək Qəhrəmanları bazar günü işləməyənlər üçün söyüş qoyub: “Bazar günü işləməyənin dədəsi-nənəsi babtistdir!”. Bu yay toz-torpaq içində vurnuxan camaatın heç mürəbbə bişirməyə, yorğan-döşək yumağa da vaxtı olmayıb. Qarışqa kimi çalışıb-vuruşub neçə dəfə ev tikiblər, hər dəfə də hökumətin qoçuları gəlib dağıdıb gedib. Əcnəbi qocalanda səyahətlərdə qurduğu çadırları, BIZlər isə neçə dəfə xaraba qalan ev-eşiyimizi sayırıq. Sevil Gültən demiş: “Qocaldım ev tikə-tikə”. 

Qonaqlarım Bakının və Gəncənin aviakassaları qarşısında günlərlə gözləsələr də, lazım olan tarixdə Norilskə bilet ala bilmədilər. Əlbəttə, onların həyəcanlarını başa düşmək olardı: üzrlü səbəb olmadan bir gün də geciksəydilər işlərini itirəcəkdilər. Və uzaq Sibirdə üzlərinə bağlanan “Nadejda” zavodunun qapıları təkcə iki nəfərin deyil, Azərbaycanda onların hesabına yaşayan bir nəslin də “nadejdasını” məhv edəcəkdi. Bilet axtarışı ilə bağlı həyəcan, gərginlik qonaqlarımın istirahət məzuniyyətlərini yerlə-yeksan etdi. Iki həftə ölkədə qeyri-qanuni qaldıqları üçün Dövlət Miqrasiya Xidməti onlardan iki yoldan birini seçməyi təklif etdi: 301 manat cərimə ödəmək, ya da 5 illik deportasiya. Qonaqlarımın cəriməni ödəməyə 1 manatları çatmadığına görə ölkəni deportasiya arayışı ilə tərk etdilər. Dövlət Miqrasiya Xidməti cərimələrin belinə yapışdırdığı 1 manat nəzir pullarını ləğv etməsə, biabırçılıq olacaq, hamı deportasiyanı seçəcək…

Sibirə çatan dostlar zəng edib dedilər ki, bizim həkimlərin yazdıqları saxta bülletendəki diaqnoza görə onları nəinki işdən, az qalıblar ölkədən çıxartsınlar. Hava limanında sənədlərini yoxlayan Dövlət Sərhəd Xidməti əməkdaşı isə Azərbaycan qanunlarını pozan “xuliqan”lara deyib ki, pasportun arasına rubldan, manatdan qoyub bizə şirinlik versəydiz heç bir probleminiz olmazdı. Hamı deportasiyanı seçsə, cəriməni ödəsə, bəs biz nə ilə dolanaq?P.S. Sərhədi alverçilərin, dilənçilərin əlində olan ölkənin daxilinin kimlərin əlində olduğunu şərh etməyə ehtiyac yoxdur…