Əsədin ordusu geri çəkildi

Suriya diktatorun əmrindəki əsgərlərin Rastan qəsəbəsinə girişinə imkan verilməyib

Altı aydan çoxdur hakimiyyət əleyhinə etirazların keçirildiyi Suriyada Rastan qəsəbəsinə girməyə çalışan ordu geri oturdulub. Türkiyə mətbuatının verdiyi məlumata görə, ordudan ayrılaraq müxalifətin tərəfinə keçən kapitan Yusif Hamud müxaliflərin ciddi müqavimət göstərdiyini və hərbçilərin qəsəbəyə girməsinə imkan verilmədiyini söyləyib.

Yusif Hamud toqquşmalar əsnasında qəsəbə mərkəzindəki Rəhman və Ulu məscidlərinin zərər gördüyünü bildirib. Hama, Humus və İdlib şəhərlərində isə hökumət qüvvələriylə müxaliflər arasında yaranmış qarşıdurma zamanı 9 əsgər ölüb. Hökumət qüvvələrinin Humus şəhərində keçirdiyi xüsusi əməliyyat zamanı 20 dinc sakin dünyasını dəyişib, 200 nəfər yaralanıb, 200-dən çox insan həbs edilib.

Bu arada Bəşər Əsəd əleyhdarlarının silahlanması ölkədə vətəndaş müharibəsinin şiddətlənəcəyinə və Liviya ssenarsinin təkrarlanacağıan dair ehtimallar artır. Bir çox Qərb rəsmilər və mediası suriyalı müxaliflərin silahlandığını təsdiqləyib. Bəziləri müxaliflərin silahlanmaqda haqlı olduğunu və bunun özlərini müdafiə hüququndan yararlandığını söyləyir.

Ekspertlərin fikrincə, Yaxın Şərqin ikinci ən böyük vətəndaş müharibəsi Suriyada başlana bilər. Bəşər Əsədin müxaliflərin istefa tələbinə məhəl qoymaması və hər ötən gün daha qanlı əməliyyatlara göstəriş verməsi ölkədəki gərginliyi daha da artırır.