Salehin qvardiyası müxalifətə qoşulur

Yəmən diktatorunun ölkəyə dönüşü vəziyyəti daha da pisləşdirib

Yəməndə minlərlə insan Əli Abdulla Salehin ölkəyə qayıtmasına etiraz etmək üçün küçələrə axışıb. Etirazlara əsgərlər də qoşulub. Prezident Qvardiyasının 100 əsgəri Əli Abdulla Salehi dinc vətəndaşlara qarşı soyqırımı törətməkdə ittiham edib və general Əli Möhsün Əl Əhmərə bağlı müxalif qüvvələrin tərəfinə keçib. Paytaxt Sənanın şimalında isə Yəmən ordusuna məxsus hərbi təyyarə bölgədəki müxalif qüvvələr tərəfindən vurulub, təyyarənin pilotu isə əsir alınıb.

Bundan başqa ölkənnin müxtəlif bölgələrində Salehə sadiq qüvvələrlə əleyhdarı arasında silahlı qarşıdurmalar şiddətlənib. Şahidlərin sözlərinə görə, ötən gün hökumət qüvvələri ilə qəbilə lideri Şeyx Sadiq Əl-Əhmarın tərəfdarları arasında güclü döyüşlərdən sonra ölkənin şimal şəhərində partlayış səsləri eşidilib. Ölən və yaralananlar barədə məlumat verilmir. Son iki həftədir devrilmək təhlükəsi ilə üzləşən Yəmən prezidentinə qarşı etiraz aksiyaları yenidən başlayıb. Rəqib qüvvələr arasında döyüşlərdə 100-dən çox insan həlak olub.

Yəmənin xarici işlər naziri iğtişaşları qınayaraq bildirib ki, müxalif hərəkat 2006-cı ildə keçirilmiş prezident seçkilərinin nəticələrini qəbul etməlidir. Əbu Bəkr Əl-Qirbinin sözlərinə görə, çıxılmaz vəziyyəti həll etmək üçün Salehə səlahiyyətlərinin bir hissəsinin müavininə ötürülməsiylə bağlı təzyiq göstərilir.