Ketrin Eşton: «Münasibətlər Bakının demokratiya sahəsində uğurlarından asılı olacaq»
Azərbaycanın dövlət başçısı İlham Əliyevin Brüsselə səfəri ərəfəsində Avropa Birliyinin xarici siyasət üzrə ali komissarı Ketrin Eştondan sərt mesaj gəlib. Eştonun açıqlamasından hiss olunur ki, AB Azərbaycanda demokratik islahatların aparılmasına dair tələblərini sərtləşdirib və iqtidardan seçim istəyir. Eşton bəyan edib ki, Azərbaycan da daxil olmaqla, «Şərq tərəfdaşlığı» təşəbbüsünə qoşulan ölkələrin Brüsselə münasibətləri onların demokratiya sahəsində uğurlarından asılı olacaq və heç kim bunun əksini düşünməməlidir. AB təmsilçisi bundan başqa bildirib ki, «Şərq tərəfdaşlığı» ölkələrinin üzərlərinə götürdüyü öhdəlikləri icra etmələrindən gələcək münasibətlərin səviyyəsi asılı olacaq: «Biz öz tərəfdaşlarımızda heç bir şübhə yeri qoymadan bildiririk ki, Avropa Birliyi tərəfindən onların Avropa seçiminin və avropalı olmaq səylərinin tanınması bizim dayanıqlı və dərin demokratiya yolunda yerinə yetirilməsini gözlədiyimiz öhdəliklərdən asılı olacaq. Bizim Şərq tərəfdaşlarımız bu yolun müxtəlif mərhələlərindədir. Avropa İttifaqının rolu bundan ibarətdir ki, onların Avropa məkanına yaxınlaşmaq istiqamətində islahatlar aparmaq səylərini dəstəkləsin” – deyə K.Eşton bildirib.
Rahim Hacıyev: “Hakimiyyət Avropa Birliyi ilə razılaşmasa ciddi sanksiyalarla üzləşəcək”
AB rəsmisinin bəyanatını şərh edən siyasi ekspert Rahim Hacıyev xatırladır ki, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldova Brüsselin genişlənmə siyahısındadır. AB-nın bu ölkələrlə müxtəlif proqramlar həyata keçirməsində də məqsəd onları Avropa standartlarına yaxınlaşdırmaqdır. R.Hacıyevə görə, “Azərbaycandakı anti-demokratik rejim” AB-nın ölkəmizə ünvanladığı təklifləri qəbul etmək istəmir: «Azərbaycan Avropa Birliyinin proqramlarına qoşulsa da, onlarda iştirak səviyyəsi olduqca aşağıdır. Azərbaycanın proqramlarda iştirakı yalnız imitasiya xarakteri daşıyır. Nəzərdə tutulan addımlar atılmır, tədbirlər həyata keçirilmir. Bu, bir daha sübut edir ki, hakimiyyət Azərbaycanda Avropa standartlarının tətbiqində maraqlı deyil».
R.Hacıyev xatırladır ki, AB Azərbaycan hakimiyyətindən ciddi islahatlar tələb edir, amma iqtidar ölkədə insan hüquqlarının qorunmasında, qanunun aliliyinin təminində hər hansı addım atmaq niyyətində deyil. Bütün bunların fonunda ekspert hesab edir ki, K.Eştonun açıqlaması Azərbaycan hakimiyyətinə ciddi xəbərdarlıq kimi qiymətləndirilməlidir: «Azərbaycan hakimiyyəti ondan tələb olunan addımları atmasa da, Avropa Birliyi Bakıdan imtina etmək niyyətində deyil. Son dövrlər dünyada gedən proseslər də göstərdi ki, Qərb Azərbaycan kimi ölkələrdə demokratiyanı dəstəkləmək istəyir. Avropa Birliyinin təklifləri Azərbaycan xalqının firavan və demokratik şəraitdə yaşamasına yol açır. Amma Azərbaycan hakimiyyəti ölkədə demokratikləşməyə maraqlı deyil və buna qarşı ciddi müqavimət göstərir. Amma AB-dan gələn açıqlamalar göstərir ki, götürülən öhdəliklərin icrası ilə bağlı Azərbaycan hakimiyyətinə ciddi təzyiqlər göstəriləcək. Avropa Birliyi özünün plan və proqramlarından imtina etmək niyyətində deyil. Azərbaycan hakimiyyəti razılaşmasa ciddi sanksiyalarla üzləşəcək».
Xəyal