Elton Məmmədov bir müddət əvvəl satdığı avtovağzaldakı ticarət obyektlərini geri almaq istəyir
Zərərçəkənlər Bakı-Sumqayıt yolunu bağlayıb haqlarını tələb edəcəklər
Bakı Beynəlxalq Avtovağzalını tikən “Bakı XXI Əsr” MMC-nin baş mühəndisi Əli Əlimərdanov adlı şəxs şirkətin faktiki sahibi, deputat Elton Məmmədova 300 min manat ataraq qaçıb. Bu barədə “Yeni Müsavat” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, nəqliyyat naziri Ziya Məmmədovun qardaşına aid avtovağzaldakı ticarət obyektlərini tikərək saxta sənədlərlə ayrı-ayrı sahibkarlara satan bu şəxsin dələduzluğuna görə hazırda yüzlərlə sahibkar zərər çəkir: “Elton Məmmədov mağazaların sənədlərinin qanunsuz olduğunu bildirib və tələb edib ki, Əli Əlimardanovdan obyekt alan, yaxud icarəyə götürənlər avtovağzaldan çıxarılsın”.
Obyekt alan onlarla sahibkar Elton Məmmədovla görüşüb problemin çözülməsini istəyiblər. Ancaq nazirin qardaşı onlara bildirib ki, Əli Əlimərdanov adlı şəxs ona 300 min manat atıb.
Ötən gün avtovağzala gedib satıcılarla söhbət etdik. Söhbətləşdiyimiz bir neçə satıcı bu faktdan xəbərsiz olduğunu söylədi. Ancaq məlumatın həqiqəti əks etdirdiyini də söyləyənlər oldu. Adının çəkilməsini istəməyən sahibkar onlara xəbərdarlığın olduğunu bildirdi: “Bizə oktyabr ayının ortalarına qədər çıxmağı tapşırıblar. Ödədiyimiz pulların aqibətini soruşanda dedilər ki, biz də sizin kimi zərərçəkənik. Anlamaq olmur, özləri deyirlər ki, dükan almaq istəyənlər filan şəxsə yaxınlaşsınlar. Biz gedib onunla iş görürük, sonradan məlum olur ki, bizə atdığı kimi nazir qardaşına da atıb. Indi biz nə edək. Elton Məmmədov heç olmasa deputatdır, qardaşı nazirdir. Əlaqələrini işə salıb ziyandan qurtula bilər. Bəs biz biçarələr nə edək? Burada elə adam var ki, evini satıb avtovağzalda dükan alıb. Indi onun haqqını necə tapdamaq olar?”.
Heç bir kompromis əldə olunmayacağı təqdirdə bütün dövlət strukturlarına müraciət olunacağını, hətta gərək olarsa Prezident Administrasiyasına yürüş edəcəklərini deyən sahibkar qeyd edir ki, müdafiə olunmaq üçün bütün lazımi işləri görəcəklər.
Obyektlərindən çıxmaq tapşırığını alan sahibkarlar artıq bir araya gəliblər. Onlar yaxın günlərdə fəaliyyətə başlayacaqlar. Ilkin olaraq hüquqlarının tapdanmaması üçün bir neçə quruma müraciət ediblər. Müsbət reaksiya gəlməyəcəyi təqdirdə Bakı-Sumqayıt yolunu bağlayıb hüquqlarının bərpası üçün etiraz edəcəklər.
Ramin DEKO


