“Əlixan Məlikov Əli Insanovun yanına getmək istəmədiyini söylədi”

Mülkləri əlindən alınmış iş adamı yeni faktlar açıqladı

«Borunu 800 dollara bizdən almır, 2500 dollara xaricdən gətirdirlər»

Son günlər mətbuat silahlı adamların özəl mülk olan “Xəzər Boru” Zavoduna basqın etməsi və oranı tutması haqda məlumatlar yaydı. Bəlli oldu ki, müasir texnologiya ilə qurulan bu yeni zavod Zülfüqarlı qardaşları kimi tanınan iş adamlarına məxsusdur, nədənsə fəaliyyəti dayandırılıb və kimlərsə onu sahiblərinin əlindən almaq istəyir. Zülfüqarlı qardaşları ilə bu cür problemlər yeni deyil. Hələ 2005-ci ildə onlar həbs edilmiş, sahibi olduqları iki zavodun səhmlərinin böyük hissəsi əllərindən alınmışdı. Bütün bunlara aydınlıq gətirmək üçün hazırda Azərbaycanı tərk etməyə məcbur olan qardaşların biznesinə ümumi rəhbərlik edən Nurəddin Zülfüqarlıya müraciət etdik və ondan çox böyük maraq doğura biləcək açıqlamalardan ibarət müsahibə ala bildik.

başlanğıcı ötən saylarımızda

– Dediniz ki, Rasim Məmmədov əmlaklarımızı tələb edirdi, bəs kimin istəməsi ilə bağlı konkret ad çəkirdimi?
– Əlbəttə. O, Ramiz Mehdiyevlə onun oğlu Teymur Mehdiyevin adını çəkirdi. Bilirsiniz, vəziyyət belədir: Teymur Mehdiyev hara zəng etsə, onun qulluğunda dayanırlar və bütün biznesi də Rasim Məmmədova həvalə edib. Rasim Məmmədov da qarşısına keçən iş adamlarının əmlaklarını əllərindən alır.

– Qayıdaq Buta qəsəbəsindəki “Xəzər-Boru” müəssisəsinə. Məsələ ondadır ki, bu müəssisəyə SOCAR-ın mühafizəçiləri gəlmişdi. Bu, necə izah oluna bilər?
– Görünür, SOCAR da bunlarındır və şirkətin mühafizəçilərini istədikləri yerə yönləndirə bilirlər. Ancaq biz bu özbaşınalıqların qarşısında sakit dayanmadıq, davamlı olaraq ali orqanlara müraciətlər etdik və vəkilimiz Aslan Ismayılov da müraciətlər edirdi. Ancaq reaksiyanın olmadığını görüb prezidentə, baş prokurora, vergilər, daxili işlər, milli təhlükəsizlik nazirlərinə, Milli Məclis sədrinə, hətta Teymur Mehdiyevə belə video müraciətlərimi göndərdim.

– Siz “Xəzər-Boru”da kiminləsə şərik olmuşdunuzmu?
– Tərif kimi qəbul etməyin, biz bacarıqlı iş adamlarıyıq, təkmil mühəndis qrupumuz var, müasir texnologiyalar qurmağı bacarırıq, işi necə aparmağı bilirik. 2008-ci ildə bizə təklif olundu ki, bacarıqlı iş adamısınız, iri diametrli borular istehsal edən zavod qura bilərsinizmi?

– Kim təklif etdi?
– “Azəriqaz”ın sabiq prezidenti Əlixan Məlikov. Təklif işgüzar idi, çünki bu standartlı borulara Azərbaycanda çox böyük ehtiyac var. Bu boruları 2 min, ya da 2500 manata gətirirdilər və nəqliyyat xərcləri də yüksək olur. Biz sərmayə və yerin olacağı təqdirdə iş qura biləcəyimizi bildirdik. Amma onu da əlavə etdik ki, satış işinə baxmayacağıq, ona görə ki, mal dövlət müəssisələrinə satılacaq. Dövlət müəssisələri isə Zülfüqarlı qardaşlarından bu malları almayacaq. Əlixan Məlikov dedi ki, gəlin siz sərmayə qoyun, satış işini özüm təşkil edəcəm. Biz də bir iş adamı kimi razılaşdıq, o zaman Buta qəsəbəsində boş ərazidə torpaq sahəmiz var idi. Beləliklə, iş başladı, qarşı tərəf sərmayə qoydu, biz də bir qədər sərmayə ayırdıq, daha sonra kommersiya banklarından 18 faizlə kreditlər aldıq. Bunlar yetmədikdə Türkiyədəki tərəfdaşlarımız kömək etdi və zavodu qurduq. Əgər zavod işləsəydi qısa müddətdə borcları qaytarıb gəlirə gedəcəkdi. Amma zavod qurulandan sonra Məlikovu işdən çıxartdılar, belə olanda biz “Azəriqaz”a, “Azərsu”ya, SOCAR-a, meliorasiya, kanalizasiya idarələrinə müraciət etdik ki, artıq ucuz və müasir standartlara cavab verən mal var, başqa yerdən almaya bilərsiniz.

– Onların aldığı və Sizin təklif etdiyiniz qiymətlər müqayisədə hansı mənzərəni yaradır?
– Onlar 2 min, 2500 dollara alırlar və gətirmə xərci də 3 min dollara başa gəlir. Biz isə birbaşa 800-850 dollara təklif edirdik. Keyfiyyət baxımından da bizim borular yüksək idi, çünki son texnologiya əsasında hazırlanmışdı. Onlar gəlib mallarımızı test də etdilər, xoşlarına gəldi, amma açıq şəkildə dedilər ki, bizdən ala bilməyəcəklər.

– Deməli, heç nə sata bilmədiniz?
– Yalnız bir dəfə Türkmənistana satdıq, ondan sonra gömrükdə problem yaşandığından sata bilmədik. Gömrükdən elə bir rəqəm dedilər ki, onunla işləmək sərf etmirdi.

– Bu mənada itkiniz nə qədər oldu?
– Iki şərikə təxminən 20 milyon manata yaxın investisiya qoymuşduq. Əgər zavod işə düşsəydi, 150-200 nəfər vətəndaş işləyəcəkdi. Görəndə ki, müəssisəni işlədə bilməyəcəyik, xəbər göndərdilər ki, müəssisəni Ramiz Mehdiyevlə Bəylər Əyyubova verməlisiniz. Cavab verdik ki, heç nə verməyəcəyik, həmişəki kimi zorla ala bilirsinizsə, gedin alın.

– Yəni, verəcəksiniz deyəndə, heç satmağı da təklif etmirlər?
– Bir qədər qaba çıxsa da deməliyəm, onlar deyirlər ki, xiyardır, yeyirsən ye, yemirsən, özün bilərsən. Bu təzyiqdən sonra Əlixan Məlikov telefon açıb dedi ki, onun payını əlindən alırlar, gücü də çatmır, ona görə verməyə məcburdur. Biz ona ortaq olduğumuzu bildirəndə, o, Əli Insanovun yanına getmək istəmədiyini söylədi. Belə olanda bildirdik ki, artıq özün bilərsən, qərar sənindir, amma biz hissəmizi vermək istəmirik. Ondan aldılar, bizimlə alınmayanda bir rəqəm təklif etdilər və bildirdilər ki, alırsınızsa, alın, əks təqdirdə zora keçəcəklər.

– Nə qədər təklif etmişdilər?
– Təxminən bizim qoyduğumuz sərmayənin üçdə biri qədər. Bu məbləği də hələ verib-verməyəcəkləri bəlli deyil. Halallıq edəcəklərinə inanmırdım, çünki Poladtökmə Zavodunda aldatma ilə qarşılaşmışdıq. Biz razılaşmayanda sentyabrın 17-də SOCAR-ın silahlıları zavoda gəlib nəzarətçiləri çıxartdılar, məlum olub ki, müəssisənin möhürü və bir sıra sənədlərini də götürüblər. Hətta avadanlıqlardan və hazır məhsullardan da aparmışdılar. Vəkilimiz mətbuat vasitəsilə etiraz edəndə, bizimlə əlaqə saxlayıb dedilər ki, çox səs-küy edirsiniz, mətbuata ehtiyac yoxdur, gəlin dialoqla məsələni həll edək. Hazırda vəziyyət bu cürdür, amma müəssisəni ələ keçirtməkdə maraqlıdırlar.

– Qarşıdakı illərdə respublikada böyük layihələr həyata keçiriləcək, məsələn, kanalizasiya ilə bağlı Dünya Bankından milyardlıq layihə alınıb. Bu mənada həmin zavod onların işinə yarayarmı?
– Əlbəttə. Konkret olaraq, “Azərsu”ya, SOCAR-a, kanalizasiya idarəsinə, “Azərqaz”a bu zavod lazımdır. Biz Azərbaycan üçün strateji bir zavod qurmuşuq. Hətta biz zavoda gedən yolu da asfaltladıq, açılışa prezidenti dəvət etmək fikrimiz var idi. Təsəvvür edin ki, “Xəzər-Boru” işləməyə-işləməyə ilin müəssisəsi adını aldı. Zavod bütün standartlara cavab verirdi, fəhlələrə hər cür şərait yaradılmışdı, amma işləməyə qoymadılar.

– Ötən illərdə özbaşınalıqlarla rastlaşdınız və ölkəni tərk etdiniz. Belə olduqda Azərbaycanda sahibkarlığın gələcəyini necə görürsünüz?
– Sahibkarlıq dedikdə, bu, iki qrupa bölünür: birincilər mənim kimi öz zəhməti ilə iş quranlar, ikincilər də adını sahibkar qoyub dövlət tenderlərinin pulunu yeyənlər və arxasında dayanılanlar. Artıq mən Azərbaycanda həqiqi sahibkarların qaldığını görmürəm. 2005-ci ildən sonra çoxları Azərbaycanı tərk etdilər. Təkcə mən həbs olunan günü bir həftəyə 150 iş adamı ölkədən getdi. Bu barədə mətbuat da yazıb. Bilirsiniz, bizim kimi iş adamı bu cür aqibətlə rastlaşırdısa, onları da eyni aqibət gözləyirdi.

– Bəs hüquqi müstəvidə mübarizənizi davam etdirirsinizmi?
– Bizim yazılı və video müraciətlərimizə baxmadıqdan sonra bu məsələni məhkəmədə həll etməyi qərara aldıq. Vəkilimiz Aslan Ismayılov bütün sənədləri məhkəmələrə verib və quldurluq maddəsi ilə iddia qaldırmışıq. Çünki əmlakımızı qəsb edənlər quldurluq hadisəsi törədiblər, yəni şəxsin mülkiyyətini qəsb ediblər. Eyni zamanda, qanunsuz həbsimiz haqqında da iş qaldırmışıq. Hazırda məhkəmələr bu iddiaları bir-birinə ötürməkdədirlər, cinayət törətmiş adamları məhkəməyə gətirə bilmirlər. Bəllidir ki, yuxarıdan təzyiqlər var, məqsəd prosesi uzatmaqdır. Amma sonda ədalətin bərpa olunacağına və haqqımızı alacağımıza əminəm. Ona görə ki, əlimizdə dəlillərimiz yetərincədir.

– Avropa Məhkəməsinə qədər gedəcəksinizmi?
– Əlbəttə ki, problemin Azərbaycanda həllini istərdik. Istəyirik ki, ölkəmizin imicinə zərər dəyməsin, biz də Azərbaycan üçün zəhmət çəkmişik, təkcə mən 10 milyonlarla dollar dövlət büdcəsinə xeyir vermişəm. Zülfüqarlı qardaşlarının fəaliyyəti nəticəsində Azərbaycan malı Qazaxıstana, Rusiyaya, Gürcüstana, Irana, Türkmənistana satılıb və ölkəyə valyuta gəlib. Amma şikayətimizə baxılmazsa, həmin imkandan da istifadə edəcəyik. Düşünürük ki, hələ dövlətçilik var, əgər polis küçədə bir-birinə şillə vuranı cəzalandırırsa, bu özbaşınalığa son qoyulmasa, bir təzad yaranacaq.

– Əgər müstəntiq sizə deyirsə ki, o, işıq dirəyinə də “torba” tikə bilər, belə olduqda hansı amillər indiki hakimiyyətin dövlətçiliyinə inam yaradır?
– Heydər Əliyevin dövründə sahibkarlara dəstək var idi.  Əslində müqayisə baxımından biz o zaman cənnətdə yaşamışıq, bu gün dəyərini bilirik. Bu gün sahibkarların hüququnu müdafiə edən qurum yoxdur. Təsəvvür edin ki, heç bir dövlət şirkəti bizi tenderə buraxıb mallarımızı birbaşa almır, amma bizim malı bazardan iki qat baha qiymətə alırdılar. Bu cür oyunlar dövlətin pulunu oğurlamaqla yanaşı, azad sahibkarlığa da zərbədir. Amma mən ümidimi itirmirəm, inanıram ki, haqq-ədalət yerini tutacaq. Tarixin min illik cığırında bu cür özbaşınalıqlar olub, sonra isə ədalət öz yerini tutub. Atalar necə ki, deyib: haqq nazilər, amma üzülməz.

– Mətbuatda məhsullarınızı satan, hazırda həbsdə olan Əli adlı iş adamının adı çəkilir, bu barədə nə deyə bilərsiniz?
– O, təkcə bizim məhsulları satmırdı və onu da Rasim Məmmədov həbs etdirib. Çünki Əli onun şərtləri ilə razılaşmadı və belə olanda Rasim Məmmədov göstəriş verdi, bundan sonra vergilərdən yoxlama gəldi, sonra həbs olundu. Əli sadə bir vətəndaşdır, onunla əlaqəli olaraq bizə qarşı şər kampaniyası başlatmaq istədilər, yəni biz Əliyə mal vermişik, bəs sənədlər hanı? Obrazlı desək, Azərbaycanda belədir: dovşanın qulağını saymazdan öncə kəsirlər, sonra sayırlar ki, dovşanın neçə qulağı var. Yoxlama aparanda düşünmürlər ki, vergi yoxlaması 15 gün əvvəl bitib, akt da tərtib olunub.

– O arada Sizdə də vergi yoxlamaları oldu?

ardı var

Müsahibəni hazırladı: Şahvələd Çobanoğlu

HƏMÇİNİN BAX:

“Deyirdilər, səni həbs etdirən Ramiz Mehdiyevlə Bəylər Əyyubovdur”

“Başıma torba keçirib, «bandotdelə» apardılar”

“Ramiz Mehdiyevin adamı 15 silahlı ilə qardaşımın kabinetinə gəlib”