Əli Kərimli və İsa Qəmbərdən hakimiyyətə sərt xəbərdarlıq

İctimai Palatanın liderləri hakimiyyəti tərslikdən əl çəkməyə səslədilər

 

Ictimai Palatanın Koordinasiya Şurası ötən gün 2 aprel məhbuslarının məhkəmə prosesi ilə bağlı mətbuat konfransı keçirdilər. Mətbuat konfransının aparıcısı Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli vicdan məhbuslarına qarşı qurulan məhkəmələri Sovet Ittifaqında və teokratik Irandakı analoji məhkəmələrlə tutuşduraraq birincilərin daha biabırçı olduğunu bildirdi.

 

Mütəşəkkil cinayətkar dəstənin əlində qalmışıq

Bunun səbəbini Aqil Səmədbəyli Azərbaycan dövlət aparatının mütəşəkkil cinayətkar bir dəstə tərəfindən ələ keçirilməsi ilə əlaqələndirdi. “Azadlıq” qəzetində keçmiş MTN müstəntiqi Ramin Nağıyevin, biznesmen Nurəddin Zülfüqarlı və ABU-nun rektoru Elşad Abdullayevin müsahibə və məqalələrini fikirlərinə dəlil olaraq göstərən A.Səmədbəyli dedi: “Dövlətimiz, millətimiz bu cinayətkar dəstənin girovuna çevrilib. Azərbaycanda ədaləti müdafiə edən vəkillik institutu da sıradan çıxarılır. Hakimiyyət millətin əlində olan son müdafiə sistemini də almağa çalışır. Haqqı müdafiə edən vəkilləri bir-bir vəkillik hüququndan məhrum edirlər”.

“Azərbaycan dövləti biabır olacaq”

Növbəti çıxışçı IP KŞ üzvü, ədliyyə generalı Vidadi Mirkamal “2 aprel” işinin hüquqi yönləri barədə danışdı. O, saxtakarlığı ilə dünyada məşhur olan hakimiyyətin bu işi də bacarıqsızlıqla etdiyini söylədi. 2 aprel aksiyasının saat 14-dən 16-dək planlaşdırılmasına və keçirilməsinə baxmayaraq, aksiyadan əvvəl 30 nəfərdən ibarət istintaq qrupunun yaradılmasını Vidadi bəy hakimiyyətin öncədən süni “cinayət faktı” yaratması kimi dəyərləndirdi. O dedi ki, qanuna görə cinayət işi fakt üzrə başlamalı olduğu halda, Azərbaycanda tərsi baş verib. 2 aprel günü saat 16.05-də (mitinq qurtarandan cəmi 5 dəqiqə sonra) istintaq qrupunun “zərərçəkmişlər”dən izahat almasını da V.Mirkamal ifşaedici fakt kimi qeyd etdi: “Maraqlıdır ki, istintaq materiallarında eyni zamanda qeyd edilib ki, aksiya nəticəsində avtomobillərin hərəkəti dayanıb, bütün şəhər iflic olub, gediş-gəliş mümkünsüzləşib. Sual olunur, əgər belə vəziyyət var idisə, istintaq qrupu aksiya başa çatandan cəmi 5 dəqiqə sonra adamları necə tapdı, necə izahat ala bildi. Normal vəziyyətdə axı bu proses xeyli vaxt tələb edirdi. Həbs olunanların üzünə aksiya olan saatlarda Babək prospektində tıxacda olan sürücülər qoyulur. Aksiya keçirilən Fəvvarələr meydanı ilə Babək prospekti arasında 15 kilometr məsafə var. 15 kilometr aralıda tıxacda dayanan sürücülərin zərərçəkən kimi istintaqa cəlb olunduğu faktları ortaya çıxıb. Sabah 2 aprel məhbusları ilə bağlı məsələ Avropa Məhkəməsinə çıxsa, Azərbaycan dövləti biabır olacaq, məsuliyyət daşıyacaq”.

Var ümid gələcəyə…

V.Mirkamal: “Məhbusların əqidədaşlarının iradəsini qırmaq hakimiyyətə müyəssər olmadı. Hətta polislərin əksəriyyəti məhkəmədə yalan danışmağı bacarmadılar. Bu, bizdə ümid yaradır ki, cəmiyyətimiz sağlamdır, bu da ümid verir ki, biz daha böyük əzmlə mübarizə aparaq”.

Isa Qəmbər fədakarlıq nümunələri haqqında…

IP KŞ üzvü Müsavat başqanı Isa Qəmbər məsələnin siyasi tərəfləri ilə bağlı danışdı. Başqan vicdan məhbuslarının istintaq və məhkəməsində hakimiyyətin tam ifşa olunduğunu dedi: “Irəli sürülən ittihamnamə tam iflasa uğrayıb, sübut bazası yoxdur, şahidlər mətləbə dəxli olmayan şahidlərdir. Bu baxımdan sadəcə bir sual səslənə bilər ki, hakimiyyət bu cür saxtakarlığa niyə gedir. Hakimiyyət cəmiyyəti qorxutmağa çalışır. Amma məqsədinə nail ola bilirmi? Xeyr. Hakimiyyət həbs olunan dostlarımızı qorxutmağa çalışdı, tam iflasa uğradı. Həbsdə olan dostlarımızın hər biri ən yüksək səviyyədə mübarizəsini davam etdirdi. Arif Hacılı Azərbaycanın ən görkəmli siyasətçilərindən biridir və indi məhkəmə prosesində ölkədə aparıcı siyasi lider kimi çəkisi, nüfuzu, tanınması daha çox qəbul olundu. Vidadi Isgəndərli sona qədər cəngavər kimi döyüşdü. Fuad Qəhrəmanlı çox gözəl nümunə ortaya qoydu ki, onu həbs etməyib polis nəzarətində saxlasalar da məhkəmədə yüksək səviyyədə iştirakını davam etdirdi, həm də özünü bir daha cəmiyyətə təqdim etdi, hakimiyyətin həbsdə olan silahdaşlarımızın qəti-imkan tədbiri ilə bağlı bəhanəsini məhv elədi. Hakimiyyətin bəhanələrindən biri bu idi ki, guya, həmin şəxslər məhkəməyə qədər azadlıqda olsalar istintaqdan, məhkəmədən yayına bilərlər. Tural Abbaslı, Məhəmməd Məcidli, Əhəd Məmmədli, digər dostlarımız bir qəhrəmanlıq nümunəsi ortaya qoydular. YAP-çı kimi həbs olunan Ülvü Quliyev məhkəmə prosesinin gedişində YAP-dan çıxdığını və Müsavat Partiyasının sıralarına qoşulduğunu bəyan elədi. Bu, çox böyük bir fədakarlıqdır. Məhkəmənin ədalətsiz hökmünü gözləyən həbsdə olan bir gəncin YAP-dan çıxaraq Müsavata keçdiyini bəyan eləməsi çox böyük fədakarlıq nümunəsidir”.

Hakimiyyət iflas yaşayır

Hakimiyyətin IP-ə, vətəndaş cəmiyyətinə və vəkillik institutuna qarşı hücumunun nəticə vermədiyini bildirən Isa Qəmbər dedi ki, bunların əksinə olaraq, Ictimai Palata mübarizəsini davam etdirir, böyüyür, bölgə və dünya miqyasında tanınmasını sürdürür; qəzetlərdə fədakar jurnalistlər həqiqətləri yazmaqda davam edirlər, yeni-yeni qəzetlər ortaya çıxır: “Vətəndaş cəmiyyəti nümayəndələrinin Naxçıvana getməsi hakimiyyətə mesaj idi ki, biz sizin siyasətinizlə barışmayacağıq. Vəkilləri qorxutmağa çalışırlar. Bu da iflasa uğrayıb. Fədakar, yüksək səviyyəli vəkillər komandası yetişir.
Hakimiyyət beynəlxalq birliklə bazarlıq üçün əlavə arqumentlər əldə etmək istəyir. Bu da iflasa uğradı. Biz son günlərdə keçirdiyimiz görüşlərdə birbaşa mənbədən aldığımız məlumatlardan aydın olur ki, beynəlxalq birliyin mövqeyi kifayət qədər birmənalıdır. Əvvəlki illərdə enerji, təhlükəsizlik məsələləri prioritet təşkil edirdisə, indi deyirlər ki, artıq insan haqları, demokratiya, islahatlar məsələsi də prioritetə çevrilib. Bu, Avropa Birliyinin də, ABŞ-ın da, bir sıra digər beynəlxalq təşkilatların da açıq ortaya qoyduğu mesajdır. Toparlasaq, onu demək istəyirəm ki, hakimiyyətin bu saxta məhkəmə prosesi heç bir şəkildə hakimiyyətə üstünlük gətirmir”.

“Hakimiyyət tərslikdən əl çəkmək məcburiyyətində qalacaq”

Isa Qəmbər bəyan etdi ki, haqq-ədalət, azadlıq uğrunda mübarizə davam edəcək: “Biz həbsdə olan silahdaşlarımıza hərtərəfli dəstək verəcəyik. Qərarları ümumi şəkildə verəcəyik. Oktyabrın 1-də Ictimai Palatanın sessiyasında geniş müzakirələr olacaq. Hakimiyyət bilməlidir ki, atdığı addımlar yaxın zamanlarda onun özünə qarşı çevriləcək. Əminəm ki, çox yaxın zamanlarda hakimiyyət bu mənasız tərsliyinə son qoyub silahdaşlarımızı həbsdən azad etməli olacaq, Ictimai Palatanın, beynəlxalq birliyin təklif etdiyi, gözlədiyi istiqamətlərdə addımlar atmağa məcbur olacaq”.

Vəkil hakimiyyətin başını bəlaya soxduğunu deyir

Fəaliyyətdən bir illiyə uzaqlaşdırılan vəkil Elçin Namazov da tədbirdə çıxış etdi. Ədalətsizliklə üzləşdiyi zaman onu müdafiə edən şəxslərin kütləviliyindən məmnunluqla danışan vəkil dedi ki, hakimiyyətin müstəqil vəkillərə qarşı davranışı onun avtoritar mahiyyətindən xəbər verir. Onun sözlərinə görə, vəkillərə qarşı təzyiqlərin məqsədi ifşanın miqyasını azaltmaqdır. Vəkil dedi ki, hakimiyyət onlara qarşı qanunsuz qərar verməklə, əslində, özünə problem yaradıb: “Avropa Məhkəməsi biz vəkillərin şikayətini dərhal yerinə yetirəcək. Biz hüquq müstəvisində mübarizəni davam etdiririk. Bizə qarşı atdığı addımlar hakimiyyətin özünə qarşı işləməkdədir. Hakimiyyəti beynəlxalq səviyyədə ciddi proseslər gözləyir”.

IP üzvlərindən təkliflər var

IP üzvü olan AMIP katibi Əli Orucov da hakimiyyəti və məhkəmələri sərt tənqid etdi. AMIP-in 2 aprel məhbuslarının azadlığa buraxılmasını tələb etdiyini bildirdi.
IP üzvü Pənah Hüseyn çıxışında təklif etdi ki, IP-in 1 oktyabr sessiyasında ölkənin ən azı 30 rayonunda, eyni zamanda Bakı şəhərində eyni vaxtda kütləvi etiraz aksiyalarına başlamaq barədə məsələ müzakirəyə çıxarılsın: “Siyasi məhbusların azad olunması tələbi ilə ümumrespublika miqyasında kütləvi etiraz aksiyaları keçirilməlidir. Oktyabrın 18-dək bu aksiyaların keçirilməsinə nail olmalıyıq”.  
Siyasi məhbus ailələri adından Arzuman Məcidli də çıxış etdi. O bildirdi ki, siyasi məhbus ailələrinin də tədbirlər planı var: “Səfirliklərlə görüş, etiraz aksiyaları kimi planlarımız var”.
IP üzvü Mustafa Hacıbəyli də kütləvi aksiyalarla bağlı Pənah Hüseynin təklifini müdafiə etdiyini bildirdi.

“Hakimiyyət nə strateji, nə də taktiki baxımdan qələbə qazanıb”

Sonda IP KŞ üzvü AXCP sədri Əli Kərimlinin çıxışı oldu. 2 aprelçilərin məhkəməsində iki fərqli komandanın qarşı-qarşıya dayandığını vurğulayan AXCP sədri bildirdi ki, bu məhkəmələrdə kimin hansı iradəyə, qabiliyyətə sahib olduğu ortaya çıxıb: “Bizim aramızdan 16-17 nəfəri seçib həbs ediblər. Onlara qarşı hakimiyyət ən güclü bildiyi müstəntiqləri, prokurorları, hakimləri qoydu. Iki ay ərzində xalq müşahidə edib gördü ki, IP təmsilçiləri bütün mənalarda üstündür. Həbsdə olan adamlar nəinki prokurora, hakimə, rejimə meydan oxuyurlar. Siyasi baxımdan gördü ki, Ictimai Palata fəalları siyasi cəhətdən nə qədər hazırlıqlıdır. Dostlarımız bütün mənalarda demokratik müxalifətin üstün olduğunu bu prosesdə nümayiş etdirdilər. Arif bəy, Sahib bəy, Şahin bəy, digər dostlarımız bir daha nümayiş etdirdilər ki, Azərbaycan müxalifətinin kadr bazası elə-belə formalaşmayıb. Prosesdə bir sıra fenomenlərlə rastlaşdıq. Hakimiyyətin belə bir ümidi var idi ki, Fuad Qəhrəmanlıya qarşı həbs-qətimkan tədbiri seçməmək onu bir qədər özünü senzuraya sövq edə bilər. Amma Fuad bəy rejimə meydan oxumaqda davam eləməklə göstərdi ki, Azərbaycan müxalifətinin funksionerləri çətinlikdən xilas olmaq üçün qapı axtarmırlar. Fenomenal hadisələrdən biri Vidadi Isgəndərlinin Göyçayda məhkəmədə təkbaşına apardığı mübarizə idi. Vidadi bəy bilirsiniz ki, prokuror işləyirdi, böyük vəzifə sahibiydi. Yəni, mənəviyyatı imkan versəydi bu gün bizim dostlarımıza qarşı ittihamı irəli sürən şəxslərdən biri ola bilərdi. Amma Vidadi bəy rejimə meydan oxudu və yeni bir fenomen ortaya qoydu. Bizim həbsdə olan dostlarımızdan ikisi Qarabağ qazisidir. Məhəmməd Məcidli bədənində iki qəlpə gəzdirir, Babək bəy də Qarabağ qazisidir. Onları həbs etməklə hakimiyyət öz-özünün psevdopatriotizmini də ifşa etmiş oldu. Məlum oldu ki, bu hakimiyyət Qarabağ qazilərinə heç bir hörmət qoymur. Qarabağ qazilərinin bizimlə birlikdə olması onu sübut etdi ki, torpaqlarımızı müdafiə etmiş insanlar bu gün də demokratik düşərgə ilə bir sıradadır. Azərbaycan siyasətinə yeni gənclər təbəqəsi gəlir. Hazırda mühakimə olunan gənclərin hər biri özlərini ləyaqətli şəkildə apardılar. Biz onları yenidən kəşf etdik. Bu müddət ərzində siyasi məhbusların ailə üzvləri də özlərini ləyaqətli apardılar. Azərbaycan hakimiyyətinə qarşı bu proses vəkillər cəbhəsini açmış oldu. Strateji baxımdan hakimiyyət istəyinə nail ola bilmədi bu prosesdə. Taktiki baxımdan qısa hədəflərinə nail olsalar da, şərəfsizlik bataqlığında bir az da batmış oldular. Bir gün bunların məsuliyyətini daşımalı olacaqlar”.

Əli Kərimlidən 3 müxtəlif çağırış

Əli Kərimli fürsətdən istifadə edib Azərbaycan hakimiyyətinə də müraciət etdi: “Ilham Əliyev və onun ətrafı bilsin ki, günün birində Azərbaycanın hər bir yaşayış məntəqəsi etiraz dalğasına bürünəcək. Bunu heç unutmasınlar. Düşünməsinlər ki, həbslər çarədir. Badamdar qəsəbəsində qəfildən əhalinin ayağa qalxması da göstərdi ki, bu xalq hakimiyyətin düşündüyü kimi deyil, xalq ayaqdadır və bir gün hərəkətə keçəcək”.
AXCP sədri beynəlxalq birliyə də çağırış edərək dedi ki, Barak Obamanın insan hüquqlarını pozan şəxslərin ABŞ-a buraxılmaması ilə əlaqədar fərmanı var. Bu fərman Azərbaycanda insan hüquqlarını pozan şəxslərə tətbiq olunmalıdır: “Hansısa ölkələr üçün istisna olmamalıdır. Belə istisnaları başa düşməyəcəyik”.
Əli Kərimli qanunsuz olaraq vicdan məhbuslarını həbsə atan hakimlərə də diqqətli olmağı tövsiyə etdi. O dedi ki, bu əməl təkcə mənəvi məsuliyyət yaratmır, bu, eyni zamanda ağır cinayətdir: “Heç kim düşünməməlidir ki, bu cinayətin hesabı sorulmayacaq. Bu yöndə heç kimə qarantiya verilməyib”.
Sonda dəyirmi masadakılar siyasi məhbusların azad edilməsi  və vəkillərə qarşı təzyiqlərə son qoyulması ilə bağlı bəyanat qəbul etdilər. Dəyirmi masa iştirakçıları adından Ictimai Palata üzvlərinə, vətəndaşlara bu gün saat 10.30-da Səbayel Rayon Məhkəməsinin qarşısına toplaşmaq çağırışı edildi. Bu gün 2 aprel məhbuslarına hökm oxunacaq.

Natiq Güləhmədoğlu