Hökumətin 20 milyardlıq layihəsinə ehtiyac varmı?

Məhəmməd Talıblı: «Neft sahəsinə investisiyaların cəlbini hökumətin uğuru kimi qəbul etmək düzgün deyil»

Sənaye və energetika naziri Natiq Əliyev “Azərbaycanın dövlət müstəqilliyi: Sənaye-energetika kompleksi yeni zirvələrə doğru” adlı tədbirdə ölkənin neftayırma sahəsinin inkişafına dair yeni proqram hazırlandığını və yaxın 2 ildə icrasına başlanacağını deyib. Nazir perspektivdə Azərbaycanda neftayırma sənayesinin inkişafına 20 milyard dollar məbləğində investisiya yatırılacağını da bildirib. Qeyd etmək lazımdır ki, Azərbaycanda neftayırma sənayesi kifayət qədər inkişaf edib. Bununla yanaşı ölkənin neft ehtiyatları da o qədər deyil ki, bundan sonra bu sahəyə bu qədər iri vəsait yatırılsın. Belə olan halda, bu qədər vəsaiti neftayırma sənayesinə yatırmağa ehtiyac varmı?
Iqtisadçı-ekspert Məhəmməd Talıblının fikrincə, ölkənin neft sektoruna xarici investisiyaların cəlb olunmasına ehtiyac yoxdur. Bu sahə kifayət qədər mənfəətlə çalışır. Bu səbəbdən də bu sahəyə investisiyaların cəlbini hökumətin uğuru kimi qəbul etmək düzgün deyil.
Ekspertin sözlərinə görə, hökumət daha çox qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinə, bu sahədə risklərin azaldılmasına çalışmalıdır. Eyni zamanda qanunvericilikdəki müəyyən boşluqlar aradan qaldırılmalıdır. Ölkə iqtisadiyyatının digər sektorlarına investisiyaların cəlb edilməməsi məhz bu problemlərlə bağlıdır.
Bununla yanaşı ekspert neft sektoruna investisiyaların artırılmasını da düzgün hesab etmir: “Neft sektoruna bu qədər vəsaitin cəlbi həmin sahədə mənfəət dərəcəsinin yüksək olması ilə bağlıdır. Bu sahədə infrastruktur hazırdır, gəlir əldə etmək imkanları da asanlaşıb. Ona görə də daha asan mühitdə özünü təsdiq etmək üçün  neftayırmaya daha çox vəsait ayırılır”.

Fizzə