Hökumət rəqəmsal yayımı biznesə çevirir

Osman Gündüz: «Birdən-birə rəqəmsal yayıma keçid yolverilməzdi»

Milli Tele-Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bu ilin noyabr ayından sonra ölkənin rəqəmsal yayıma keçəcəyini bildirib. MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanın analoq yayımdan imtina edəcəyini deyən N.Məhərrəmli əhaliyə müraciət etməyi də unutmayıb. MTRŞ sədri hamını bu prosesə indidən hazır olmağa və televizora dekoder almağa çağırıb.
Qeyd edək ki, Azərbaycanda Müdafiə Nazirliyinin Peyk və Kür zavodu dekoderlərin istehsalına başlayıb. Hazırda bu dekoderlərin qiymətinin 30-35 manat təşkil edir. N.Məhərrəmli ölkə ərazisində iki ay paralel şəkildə həm analoq, həm də rəqəmsal yayımın aparılacağını, bundan sonra isə analoq yayımın tamamilə dayandırılacağını da bildirib. Şübhəsiz ki, rəqəmsal yayım həm də keyfiyyət deməkdir. Ancaq MTRŞ sədrindən fərqli olaraq əhalinin böyük hissəsi məsələyə nikbin yanaşmır. Bunun əsas səbəbi rəqəmsal yayım üçün zəruri olan dekoderlərlərin qiymətidir. Minimum əmək haqqının 85 manat olan ölkədə 40 manata dekorder almaq əhalinin böyük hissəsi üçün problemdir. Iki aydan sonra analoq yayımın dayandırılması bu müddət ərzində lazım olan cihazı ala bilməyənlər üçün televiziyadan məhrum olmaq deməkdir. Dünya təcrübəsində də qısa müddətdə bütün ölkənin rəqəsmal yayıma keçməsi halları mövcud deyil. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 1 mln 900 min ailə var. Bu da ən azı bu qədər televizor deməkdir. Üstəlik idarə və müəssisələrdə də televizorlardan istifadə olunduğunu nəzərə alsaq, ölkədə ən azı 2 mln televizorun istifadə edildiyini demək olar. Bunun kiçik hissəsini çıxmaq şərti ilə əksəriyyətinin rəqəmsal yayıma keçmək üçün dekorderə ehtiyacı var. Bu da 80 mln manat deməkdir. Böyük ehtimalla xaricdə istehsal olunan dekorderlərin ölkəyə daxil olmasına maneələr yaradılacaq. Nəticədə onların qiyməti xeyli yüksələcək. Bu da əhalinin aztəminatlı hissəsi üçün ciddi problemlər yaradacaq.
Bəs belə olan halda rəqəmsal yayıma keçməklə bağlı tələskənliyə nə ehtiyac var idi?
Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüzün fikrincə, bu cür tələskənlik üçün heç bir əsas yoxdur. Avropa, MDB təcrübəsinə baxanda görmək olur ki, bu ölkələr 2015-2017-ci ilə qədər plan tərtib edib və addım-addım bu işə doğru gedirlər. Azərbaycanda bununla bağlı müəyyən təcrübə olsa da, birdən birə rəqəmsal yayıma keçid yolverilməzdir.
Ekspert Azərbaycanda dekoderlərin qiyməti ilə bağlı vəziyyətin də narahatçılıq doğurduğunu qeyd etdi: “Vətəndaşların evlərində olan televizorların 80-90 faizi rəqəmsal yayımı qəbul etmək iqtidarında deyil. Beynəlxalq təcrübədə dövlətlərin buna yanaşması müxtəlifdir. Bizə qonşu ölkələrdə köhnə televizorlarda rəqəmsal yayımı qəbul etməyə kömək edən qurğunu, dekoderi müəyyən təbəqəyə pulsuz veriblər. Müəyyən ölkələr var ki, orda güzəştli şərtlərlə verilib. Bəzi ölkələrdə yerli zavodlar onu istehsal edib aşağı qiymətlərlə satıb. Azərbaycanda bununla bağlı yanaşma məni narahat edir. ”Kür” və Müdafiə Nazirliyinin Peyk zavodu bunun istehsalını nəzərdə tutub. Amma qiymət bahadır, 35-40 manat. Baxmayaraq ki, qonşu ölkədən gətirəndə onun qiyməti 10-15 manata başa gəlir. Onda sual yaranır ki, yerli istehsala nə ehtiyac var idi. Ən azı əhalinin maddi imkanları aşağı olan təbəqəsi üçün dekoderlər pulsuz verilməlidir”.
Ekspertin sözlərinə görə, belə olmadığı halda uzun rəqəmsal yayımla yanaşı analoq yayım da qalmalıdır. Heç bir halda analoqu bağlayıb tamamilə rəqəmsala keçmək olmaz. Bu, vətəndaşların seçim imkanını əlində almaq deməkdir.
Ekspert hesab edir ki, hətta hökumətin aztəminatlı ailələrlə bağlı xüsusi proqramı olsa, əhalinin əksər hissəsi bu qurğularla təmin edilsə, yalnız 2014-2015-ci ildə ölkə tamamilə rəqəmsal yayıma keçə bilər.
O.Gündüz rəqəmsal yayımla bağlı müəyyən standartların olduğunu da qeyd etdi: “Dövlətin bununla bağlı standartı var. Bu səbəbdən də müvafiq qurumlara, Gömrük Komitəsinə məktub göndərilməlidir ki, bu standartı dəstəkləməyən televizorlar ölkə ərazisinə gətirilməsin. Çünki vətəndaş bilmir standart nədir. Gedib televizoru alıb gətirəcək. Sonra da məcbur olacaq yenidən kiminsə dekoderini alsın”.
Ekspert rəqəmsal yayım üçün xüsusi infrastrukturun qurulmasının vacibliyini də vurğuladı: “Teleqüllə Rabitə və Informasiya Texnologiyaları Nazirliyinə məxsus olan Teleradioistehsalat Birliyinin əlindədir. Yerlərdə də infrastruktur qurulmalıdır. Yerli infrastrukturu da hökumət quracaqsa, onda digər teleradio subyektləri ilə bu hökumət qurumu arasında münasibət necə olacaq, hansı tələblər olacaq, bu məlum deyil. Bilinmir kimin üçün yaşıl, kimin üçün qırmızı işıq olacaq. Bu məsələlərə aydınlıq gətirilməsi vacibdir. Hələlik bununla bağlı yayılan informasiya yetərli deyil”.

Fizzə