Tomas Hammerberq insan haqlarının vəziyyətinə görə Bakını tənqid edən sənəd yayıb
Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq qeyd edir ki, Azərbaycanda hələ də jurnalistlərə və tənqidi fikirlərini ifadə edənlərə qarşı əsassız, xüsusi hazırlanmış cinayət təqibi təcrübəsinə son qoyulmayıb.
Bəxtiyar Hacıyevin həbsi…
Sentyabrın 29-da yayılan müşahidələrdə qeyd edilir: “2010-cu ildə keçirilən parlament seçkisində deputatlığa namizəd olmuş gənc fəal Bəxtiyar Hacıyevin cinayət məsuliyyətinə cəlb edilməsi ölkədə hələ də həmin təcrübədən istifadənin azalmadığını göstərir. Bu ittihamların meydana çıxması onun hökuməti tənqid edən fəaliyyətini dayandırmaq cəhdi kimi görünür.
Cabbar Savalanın işi narahatlıq doğurur
AXCP-nin gənc fəallarından olan Cabbar Savalanın işi ilə bağlı proses də narahatlıq doğurur. Cabbar Savalan internetdə sosial şəbəkələrdə hakimiyyəti tənqid edən şərhlərinin yayılmasından dərhal sonra tutulub. Bir neçə xarici hökumət və qeyri-hökumət təşkilatı ona qarşı ittihamları saxta adlandırıblar.
Bu yaxınlarda isə 2010-cu ilin parlament seçkisində namizəd olmuş daha bir fəal – Vidadi Isgəndərli üç il müddətinə azadlıqdan məhrum edilib. Vidadi Isgəndərli seçkinin saxtalaşdırıldığını deyirdi”.
Sənəddə daha sonra qeyd edilir ki, komissar jurnalistlərin Naxçıvanda həbsxanada həlak olan adamın işinin araşdırılmasından kənarlaşdırılması haqda çox sayda şikayətlər alıb.
Siyasi məhbuslar azadlığa buraxılmalıdır
Tomas Hammerberq vurğulayır ki, Azərbaycanda jurnalistlərin və ictimai fəal adamların müdafiəsi üçün təcili addımlar atılmalıdır. O, bir daha hakimiyyəti öz baxışlarını ifadə etdiyi üçün saxlanan bütün məhbusları dərhal azadlığa buraxmağa çağırır.
Tomas Hammerberq, həmçinin hökuməti Azərbaycanda fəaliyyət göstərmək istəyən qeyri-hökumət təşkilatlarına (QHT) yaradılan maneələri aradan qaldırmağa səsləyir. 2010-cu ilin martında Bakıya səfəri zamanı həmin qurumlardan birinin – Insan Haqları Evi Fondunun üzləşdiyi qeydiyyat problemlərini müzakirə etdiyini xatırladan komissar formal beynəlxalq razılaşmalar əsasında fəaliyyət göstərən QHT-lərə maneələrdən narahat olduğunu bildirir.
SDI-nin sökülməsi Leyla Yunusun fəaliyyətinə qarşı addımdır
Sənəddə daha sonra qeyd edilir: “Bir neçə insan haqları təşkilatının – o cümlədən, Sülh və Demokratiya Institutunun yerləşdiyi binanın avqustun 11-də sökülməsi narahatlıq doğurur. Gecə vaxtı həmin binanın sökülməsi onu deməyə əsas verir ki, bu, əslində Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunusun fəaliyyətinə qarşı bir addımdır. Leyla Yunus Azərbaycanda korrupsiya və zorakılığın ən sərt tənqidçilərindəndir. Komissar binanın sökülməsinə dair təcili araşdırma aparıb cavabdehlərin tapılmasına və zərər çəkənlərə uyğun kompensasiya verilməsinə çağırır”.
2 aprel aksiyasında iştirak edənlər…
Komissar bu ilin mart və aprel aylarında Bakıda keçirilən mitinqlər zamanı aparılan həbs dalğasına da toxunaraq qeyd edir ki, hökumət bəzi hallarda həmin mitinqlərə həddən artıq güc tətbiq edib, jurnalistlərin fəaliyyəti əngəllənib. Təşkilatçılara öz aksiyalarını şəhərin mərkəzi meydanlarında keçirməyə imkan verilməyib.
Komissar hökumətin həmin aksiyaların təsirini azaltmaq üçün onun vaxtını dəyişmək, aksiyaçıları mümkün qədər şəhərin mərkəzindən kənarlara göndərmək cəhdlərini tənqid edir. Qeyd edir ki, bu cür cəhdlər aksiyaların məqsədinin geniş ictimaiyyətə çatdırılmasına imkan vermir.
Komissar bir daha Azərbaycan hökumətini toplaşma azadlığını təminat altına almağa çağırır. Sənəddə, həmçinin məlumat verilir ki, Azərbaycanda ifadə azadlığının müdafiəsi üçün böhtan və təhqirə görə azadlıqdan məhrumetmə cəzasının ləğvini nəzərdə tutan qanun layihəsinin ilin sonuna qədər qəbulu gözlənilir.
“Azadlıq” radiosu