Arif Əsgərovun şübhəli “zərəri”

«Azərbaycan Dəmir Yolları» QSC 13,7 milyon manat ziyana düşüb

“Azərbaycan Dəmir Yolları” QSC bu ilin 1-ci yarısında 13,7 milyon manat ziyana düşüb. Bu, yük və sərnişin daşımalarındakı azalmalarla bağlıdır. Dövlət Statistika Komitəsindən “Turan”a bildirildiyinə görə, yük və sərnişin daşımalarında mədaxil artıb, amma xərclər gəlirlərdən 15,7 faiz çox olub.
Maraqlıdır, dəmir yol daşımalarının bütün dünyada kifayət qədər rentabelli sahə olmasına və bir çox dövlətlərin büdcə gəlirlərinin böyük qismini təşkil etməsinə baxmayaraq, Azərbaycanda nədənsə ziyanlı sahə kimi təqdim olunur.

«Dəmir yolu vasitəsilə Azərbaycana daşınan yüklərin uçotu düzgün aparılmır»

Bu gün dünyada sərnişin və yüklərin daşınmasının 4 yolunun olduğunu deyən iqtisadçı Samir Əliyev vurğuladı ki, onlar su, dəmir yol, hava və avtomobil daşımalarıdır. Dəmir yolunun su daşımalarından sonra 2-ci yerdə gəldiyini deyən S.Əliyev bildirdi ki, Azərbaycanda əsasən idxalda dəmir yol daşımaları üstünlük təşkil edir. Keçən illə müqayisədə idxalın əlli faiz artdığı bir halda, dəmir yol daşımalarında tənəzzülün yaşanması anlaşılmır: “Azərbaycanın ixracatında neft və neft məhsulları üstünlük təşkil edir. Və onlar da əsasən su və kəmərlər vasitəsilə daşınır. Ixracatın həcmində bu il neftin artmasının səbəbi ölkədə manatı baha olması ilə bağlıdır. Bu səbəbdən yerli sahibkar beynəlxalq bazarda rəqabətə davamlı məhsul yetişdirə bilmir. Elə bu üzdən ölkəyə idxalın həcmi ötən illə müqayisədə əlli faiz artıb. Amma bunun müqabilində dəmir yol daşımalarında artım müşahidə olunmur. Bu o deməkdir ki, dəmir yolu vasitəsilə Azərbaycana daşınan yüklərin uçotu düzgün aparılmır”.

«Məmurlar özlərinə məxsus yükləri aşağı tariflərlə daşıyır, yaratdıqları şirkətlər vasitəsilə vaqonları icarəyə verirlər»

Sabiq dəmiryolçu Rəhim Musayev bildirdi ki, mətbuatda dəfələrlə kassalardakı maxinasiyalardan yazılıb. Söhbət ondan gedir ki, çox hallarda kassalardan biletlərin 100 faiz satılmasına baxmayaraq, onların yalnız cüzi qismi qeydiyyata salınır. Nəticədə isə dövlət büdcəsinə getməli olan vəsaitlər şəxsi ciblərə axır. Bundan başqa, R.Musayevin sözlərinə görə, sərnişin və yük vaqonlarının təmirinə gərəkli olan vəsait büdcədən on qatına çıxılır. Və nəticədə saxtalaşdırma nəticəsində vaqonların təmiri 10 qat artığına rəsmiləşdirilir: “Ümumiyyətlə, Azərbaycanın vaqon parkı olduqca bərbad vəziyyətdədir. Azərbaycana məxsus olan yük vaqonları, demək olar, su qiymətinə Rusiyaya icarəyə verilir. Azərbaycan lokomotivləri Gürcüstandan icarəyə götürmək məcburiyyətindədir. Çünki bizim lokomotivlər su qiymətinə Iran və Türkiyəyə metallom kimi satılıb. Bundan  başqa, Azərbaycan Dəmir Yolları əldə etdiyi cüzi gəlirlərindən də məhrum edilib. Dəmir yolu xətlərinin tikilişi zamanı tətbiq olunan cüzi daşınma xərcinin tətbiqi, demək olar, adi qaydaya çevrilib. Bir sıra məmurlar özlərinə məxsus olan və dəmir yolu sisteminə aidiyyəti olmayan yükləri bu aşağı tariflərlə daşıyırlar”.
Bundan başqa, Azərbaycan Dəmir Yolları vaqonlarını özü icarəyə verə bilmir. Bu prosesi onun yerinə məmurlara məxsus müxtəlif şirkətlər həyata keçirirlər ki, bu şirkətlərin də payı əldə olunan icarə haqqının 75 faizini təşkil edir. R.Musayevin sözlərinə görə, nəticədə Azərbaycan Dəmir Yollarına heç nə qalmır. Ziddiyyətli bir məqama da toxunan R.Musayev bildirdi ki, əgər həqiqətən Azərbaycan Dəmir Yolları böhran içərisindədirsə, o zaman nəyə görə bu təşkilatın idarə rəislərinin avtomobillərinin qiyməti 60-100 min manatdır.

Hikmət