Iqtidar hər addımda sübut etməyə çalışır ki, ölkəmizdə bizə qədər idman olmayıb, bu sahədə bütün “nailiyyətlər” bizə məxsusdur. Hətta iş o yerə çatıb ki, qızılla tanış olduğumuz 1992-ci il Barselona olimpiadası bilərəkdən unudulur. Cüdoçumuz ikiqat Avropa çempionu, dünya kubokunun sahibi, Nazim Hüseynov 4 ippon fəndi ilə Azərbaycana ilk olimpiya qızılını gətirdi. Bundan başqa, onun 3 ippon fəndi dünyanın 101 ən gözəl fəndləri siyahısına salınmışdır, çətin ki, bundan sonra kimsə dünyada bu nəticəni təkrarlasın. Buna qədər isə hazırda Belarusda (?) yaşayan üçqat Avropa, ikiqat dünya çempionu Kamandar Məcidov 1988-ci ildə Seul Olimpiadasında Iqor Ponamoryovla birlikdə qızıl medal qazanan ilk azərbaycanlılar oldular. Kamandar Məcidov Bakıda ali məktəbə qəbul ola bilmədiyi (!) üçün Belarusa üz tutdu və hələ də orada yaşayır. Bu əfsanəvi idmançıların qələbələrinin indiki iqtidarın dövrünə təsadüf etməməsində “günahkar” zaman olsa da, xalqımız həmişə bu qəhrəman oğullarını bağrına basıb.
Təəssüf ki, bu gün idmanımız oliqarx məmurların sınaq meydanına çevrilib. Tikilən idman qurğularında təkcə saunalar aktiv işləyir (!), idman kompleksləri sadə xalqın üzünə qapalıdır. Dünya şöhrətli idmançıların kasıb ailələrdən çıxması danılmaz faktdır. Bizdə isə kasıb ailələrin övladları bu idman qurğularını yalnız seyr etməklə məşğuldurlar. Nəticə qazanmaq üçün oliqarx-məmurlar, Rusiyadan voleybolçu qızlar və avarçəkənlər, Koreyadan hokkeyçi, Bolqarıstandan gimnast qızlar, Qafqaz respublikaları, Iran və Kubadan güləşçilər, Efiopiyadan yüngül atletlər, Avstriyadan dağ xizəkçiləri, Fransadan fiqurlu konkisürənlər, Ukraynadan güləşçi qızlar və s. gətizdirməklə məşğuldurlar. Bu əcnəbi idmançıların hamısı öz ölkəsində 3-cü və 4-cü növ idmançılar sayılırlar. Iki gün əvvəl böyük pullar hesabına qurulan və əsasən legionerlərdən komplektləşdirilən qadın voleybol yığmamız Avropa çempionatında fiaskoya uğradı və ən yaxşı halda 1994-cü ildə Braziliyada keçirilən nəticəni təkrarlayacaq. O zaman yerli qızlarımızdan ibarət yığmamız dünya 9-su olmuşdur.
“Azərbaycan idmanı hazırda gəlmə idmançılara ödənilən pullardan alınan şapkaların əsiridir” fikrini söyləyənlərə haqq qazandırmamaq mümkün deyil. Azərbaycan həmişə güləş ölkəsi olaraq tanınıb. Hazırda güləşçilərimizi xarici ölkələrdən gəlmiş və öz ölkəsinin yığmasına düşə bilməyənlər sıxışdırırlar, özü də ədalətsiz rəqabət nəticəsində…
Futbolda isə hələlik kiçik hesablı məğlubiyyətlərə sevinirik. Keçən il bir hakimimizin özünü saxlaya bilməyərək çempion olmuş “Neftçi” komandasının prezidentini qucaqlayıb öpməsi, istənilən normal ölkədə federasiya rəhbərinin istefasına gətirib çıxara bilərdi…
Hazırda dünya gündəmində boks qalmaqalı var. Baş rolda bizim federasiyadır. Bu faktın üstünə dərindən gedilsə, boksun ümimiyyətlə, olimpiya proqramından çıxarılma ehtimalı var. Artıq bir olimpiya çempionu bununla əlaqədar, qazandığı olimpiya qızılından imtina edib. Başdan-ayağa korrupsiya burulğanında üzən Azərbaycanın isə bunu sübut etməsi, demək olar, mümkünsüzdür. AIBA prezidentinin bunu araşdıracağını deməsi, bu faktın mümkünlüyünü istisna etmir. Ən gülməlisi odur ki, buna cavab verməli insanlar və onlara züy tutanlar bu məsələdə də müxalifəti ittiham edirlər. BBC kimi nüfuzlu kanalın da verdiyi informasiya, az qala müxalifətin adına çıxarılır. Artıq Britaniya parlamenti və Beynəlxalq Olimpiya Komitəsi bu ciddi faktla əlaqədar hərəkətə keçib.
Biz müxalfət olaraq hər zaman qələbələrimizə sevinmişik, çünki bu qələbəni xalqımızın övladı qazanır.
Hazırda isə bizi ittiham edənlərə demək istəyirəm, ölkənin prestiji doğrudan da sizin üçün əzizdirsə, bu rüsvayçı faktın yalan oluğunu sübut edə bilməyəcəyiniz təqdirdə istefa verin. Idmanı peşəkarlara, bu xalqın nümayəndələrinə etibar edin və bizə də imkan verin ki, qələbələrimizə sevinək. Yalnız bu halda qazanacağımız qələbələr şübhə altına alınmayacaq.