Məhkəmənin önündə aksiya keçirən müxalifətçilər polis zorakılığına məruz qaldı (VİDEO)
Ictimai Palatanın (IP) 2 aprel mitinqini təşkil etməklə idarə və müəssisələrin, nəqliyyatın normal iş rejimini pozmaqda ittiham olunan Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılının, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının, AXCP ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidlinin və Müsavat partiyası gənclər komitəsinin sədri Tural Abbaslının işi ilə bağlı ötən gün Səbail rayon məhkəməsində proses davam etdirildi.
Hakimiyyətin mirzələri səfərbərdi
Vicdan məhbuslarının ötən günkü prosesinə IP Koordinasiya Şurasının üzvləri Vidadi Mirkamal, AXCP sədri Əli Kərimli, Müsavat Başqanı Isa Qəmbərlə yanaşı çox sayda siyasi xadim və diplomatik korpusun nümayəndələri də qatılmışdı. Liderlərin məhkəməyə gəlişi Səbail rayon məhkəməsi önündə heç zaman olmadığı qədər polisin cəlb edilməsinə səbəb olmuşdu. Polis proses boyunca məhkəməyə gələnləri süni qarşıdurmaya çəkir, sanki dava salmaq üçün bəhanə axtarırdı. Bu dəfəki proses jurnalist kontingenti ilə də əvvəlkilərdən seçilirdi. “2 aprelçi”lərin heç bir məhkəmə prosesinə qatılmayan hakimiyyət agentlik və qəzetlərinin nümayəndələri də prosesə gəlmişdilər.
Bəraət verilməlidir
Hakim Famil Nəsibovun sədrlik etdiyi prosesdə ilk müdafiə çıxışını Arif Hacılının vəkili Nemət Kərimli etdi. Bir saatdan çox çəkən müdafiə nitqində o, təqsirləndirilən şəxslərə yönələn bütün ittihamların bir-bir şərhini verdi, onların heç birinin hüquqi gücə malik olmadığını göstərdi. Vəkil dedi ki, müdafiə etdiyi şəxs saxlandığı andan polisin qanunsuzluğu ilə üzləşiblər.
A.Hacılının heç bir ictimai qaydanın kobud surətdə pozulmasında iştirak etmədiyini vurğulayan vəkil bu faktın, hətta polis şahidlərinin ifadəsində də təsdiqini tapdığını bildirdi. Vəkil, ittihamda A.Hacılının təşkilatçı kimi göstərilsə də, məhkəmə zamanı onun aksiyaya necə rəhbərlik etdiyini, planlaşdırdığını, vəzifə bölgüsü apardığını, bu cinayət hadisəsi ilə əlaqəsinin müəyyən edilmədiyini söylədi. Vəkil bildirdi ki, məhkəmə prosesi zamanı onların müdafiə imkanı məhdudlaşdırılıb. Onların leyhinə ifadə verəcək şahidlər barədə verdikləri vəsatətlər təmin edilməyib. N.Kərimli insanların obyektlərinə dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən vurulmadığından və baş vermiş cinayət hadisəsinin onlara aidiyyəti olmadığından mülki iddianın təmin edilməsini absurd adlandırdı.
Yuxarıda qeyd edilənlərdən görünür ki, A.Hacılının əməlində cinayət tərkibinin əlamətləri yoxdur, onun Bakı şəhər Icra Hakimiyyətinin Konstitusiyaya zidd qadağası, polislərin qeyri-qanuni davranışı nəticəsində baş vermiş cinayətin törədilməsinə aidiyyəti yoxdur.
Çıxışının sonunda vəkil Arif Hacılıya bəraət verilməsini və bədən xəsarəti almış zərərçəkən kimi tanınan polis əməkdaşlarının ifadələri ilə ekspert rəyləri arasındakı ziddiyyətləri araşdırmaq, onlara hüquqi qiymət vermək üçün bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməyi tələb etdi.
VƏKİLİN ÇIXIŞININ TAM MƏTNİ BURADA
Yəqin ki, bunları snayperlə güllələyərdiniz…
Tural Abbaslının vəkili Səyyarə Heydərova da məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin heç birinə qarşı verilən ittihamın təsdiqini tapmadığını söylədi. O, bildirdi ki, müdafiə etdiyi şəxs və o biriləri ancaq azad fikirlərinə görə həbs olunub, bu isə yolverilməzdir: “Yəqin ki, bu şəxslər Amerikadakı kimi kütləvi aksiya keçirib çıxışlar etsəydi, indi burada oturmamışdılar, snayperlə vurub onların axırına çıxmışdılar”. Vəkil hakimi müşavirə otağına gedərkən dərindən düşünməyə və haqsızlığa son qoyacaq qərar verməyə çağırdı.
Bu ittiham deyildi, böhtan-şər idi…
Məhəmməd Məcidlinin vəkili Ilqar Musayev də vicdan məhbuslarının məhkəmə prosesini məntiqsiz, mənasız, əsassız ittiham üzrə ekskursiya adlandıraraq çıxışa başladı. O dedi ki, dövlət ittihamından söz gedə bilməz, ittiham adlandırılan sənəd böhtan və yalan yığınıdır. Azərbaycan xalqının 6 ildir sərbəst toplaşmaq azadlığının qanunsuzluqla məhdudlaşdırıldığına diqqət çəkən vəkil bildirdi ki, təqsirləndirilən şəxslər heç bir cinayət törətməyib, onlar sadəcə konstitusion hüquqlarından istifadə ediblər. Dövlət ittihamçısının vicdan məhbuslarına maksimal cəza istəməsini onlardan olan qorxu ilə əlaqələndirdi.
Məhkəmə zamanı bir çox şahidlərin, yalan danışsalar da, böhtan, şər atmaqdan imtina etməsini vəkil cəmiyyətin mənəvi keyfiyyətlərinin tükənməməsi kimi şərh edərək, prosesdə onun diqqətini çəkən başqa bir məqama da toxundu: “37-ci ildə ziyalı türk oğullarının üzünə duran Niftəliyev Abbasqulu Şəmil oğlunun övladı Fəxrəddinin bizə qarşı verdiyi xasiyyətnaməni görüb, dəhşətə gəldik. Dəhşətə ona görə gəlmədik ki, ”ot kökü üstə bitər” məsələsinin şahid olduq, dəhşətə ona görə gəldik ki, sumbatyanların, markaryanların, “donosşiklərin” gənc türk alimi Məhəmməd Məcidlinin üzünə durmasına şahid olduq”.
Vəkil hakimin hüquqi savadının yüksək olduğuna inamını ifadə edərək, dedi ki, onun öz adını tarixə qızıl hərflərlə yazmaq şansı var: “Kaş, sizdə olan bu şans məndə olardı. Ədalətli qərar verin, bu insanlara bəraət hökmü oxuyaraq, tarixə qızıl hərflərlə düşün”.
Dərhal bəraət verilməlidir
M.Məcidlinin digər vəkili Azər Nağıyev də müdafiə etdiyi şəxsə bəraət istədi. O, bildirdi ki, ümumiyyətlə bu günə qədər Məcidlinin həbsdə saxlanılması qanunsuzluqdur. M.Məcidli 2 aprel aksiyası zamanı heç bir hüquq pozuntusu etməyib, əksinə, o, polislərin vəhşi rəftarı ilə üzləşib, xəsarətlər alıb.
Prokurorun başını bəlaya salan replika
Vəkillərin çıxışı yekunlaşdıqda prokuror Ceyhun Kazımov replika hüququndan istifadə edərək, vəkil Nemət Kərimliyə sərbəst toplaşmaq azadlığına düzgün istinad etmədiyini, vəkil Yavər Hüseynlinin isə prosesdə tədqiq olunmayan dəlillərə istinad etməyini irad tutdu. Bu replikadan sonra vəkillər və vicdan məhbusları dövlət ittihamçısı Kazımovu, necə deyərlər, quru yuyub-yaş sərdilər.
Arif Hacılı od püskürdü
Ilk olaraq, Arif Hacılı replika hüququndan istifadə etdi. O, vəkillərə təşəkkürünü çatdırıb kütləvi aksiyalar barədə danışaraq bildirdi ki, Azərbaycan qanunlarına görə sərbəst toplaşmaq üçün icazə alınmamalıdır, xəbərdarlıq edilməlidir. “Təəssüf ki, bu qaydadan istifadəyə hakimiyyət imkan vermir. Biz aprelin 2-də Azərbaycan Konstitusiyasının 49-cu maddəsi ilə təsbit olunan hüquqlarımızı gerçəkləşdirməyə cəhd etmişik və hakimiyyətin qanunsuz əməlləri ilə üzləşib heç bir əsas olmadan həbs olunmuşuq”. 2 aprel aksiyasından, guya, vətəndaşların istirahət hüququnun pozulmasını da Müsavat yetkilisi ifşa etdi. Həbsxanada 4 kitab – Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi, Inzibati Xətalara dair Məcəllə və Cinayət Məcəlləsinin kommentariyasını oxuduğunu bildirən A.Hacılı, onlardan yalnız Inzibati Xətalara Dair Məcəllədə istirahət hüququ sözünə rast gəlindiyini dedi: “Bu da məcəllənin 306-cı maddəsidir. Maddə belə adlanır – məişət səs-küyünə qarşı mübarizə qaydalarını pozma. Burada ictimai yerlərdə gecə vaxtı səs-küyün qarşısının alınmasından söhbət gedir. Bu maddənin tələblərini pozanlar 10-15 manat cərimə olunurlar”.
A.Hacılı prokuroru onların şəxsiyyətini səciyyələndirən halları nəzərə almamasını da siyasi sifarişlə əlaqələndirdi: “37-ci ildə ovanesyanlara, markaryanlara danos yazanın oğlunun Məhəmməd Məcidli barəsində verdiyi xasiyyətnaməni tələsik işə tikdilər. Baxmayaraq ki, Məhəmməd Məcidliyə BDU-da müsbət xasiyyətnamə verilmişdi. Necə olur, mənim 28 yaşımda millət vəkili seçilməyim, prezident Elçibəyin fərmanı ilə ərazi idarəetmə orqanlarına rəhbər təyin olunmağım məni səciyyələndirən hal deyil, amma danosçu oğlunun yazdığı xasiyyətmanə səciyyələndirən cəhətdir? Mənim 100 yaşı olan, bu dövlətin əsasını qoyan bir partiyanın rəhbərliyində təmsil olunmağım məni səciyyələndirən cəhət deyil? Tural Abbaslının Azərbaycanın siyasi gəncliyinin rəhbərlərindən biri olması, Fuad Qəhrəmanlının Azərbaycanda tanınan bir partiyanın rəhbərlərindən biri olması, Məhəmməd Məcidlinin müharibə veteranı olması şəxsiyyətlərini səciyyələndirən cəhət deyil? Ittiham tərəfinin bizə maksimum cəza istəməsi bir daha bu işin siyasi sifariş, diletantların quraması olmasını göstərir”.

“Cinayət işi siyasi sifarişdir”
Fuad Qəhrəmanlı replika çıxışında hakimiyyətin zülmlə quraşdırdığı ittihamnamənin iflas olduğunu bəyan etdi. AXCP funksioneri bildirdi ki, ittihamda onlara qarşı göstərilən faktların hamısı sonda təqsirləndirilənlərin xeyrinə olub: “Açıq şəkildə göründü ki, bizə qarşı ittiham siyasi sifarişdən doğub. Isa bəyə, Əli bəyə hələ aksiyadan əvvəl təqdim edilən xəbərdarlıqlarda bu gün bizə qarşı olan ittihamda yazılanları yazmışdılar. Bu o deməkdir ki, bu gün bizim ittiham edildiyimiz maddənin dispozisiyası əsasının yaradılması üçün əvvəlcədən hazırlanmış ssenari olub. Bu gün bütün dünyada gedən proseslər göstərir ki, diktaturaların sonu yoxdur. Siz burada istirahət hüququndan danışırsız, amma insanlarımızın ləyaqətli yaşamaq hüququnu dilinizə belə, gətirmirsiniz. Insanların həyatlarını məhv etmisiz. Prokurorun çıxışında əleyhimizə hər hansı bir sübut tapılmadı. Əksinə, təqdim etdiyi sübutları bizim sübutlar kimi işə əlavə olunmasını xahiş etdik. Bizim qəlbimizdə yaşatdığımız, uğrunda həbsə getdiyimiz dəyərlər – azadlıq, azad seçki, sərbəst toplaşmaq hüququ və bu kimi demokratik dəyərlərdir. Yaxşı ki, Azərbaycan cəmiyyətində bütün məhrumiyyətlərə baxmayaraq, bu dəyərlər uğrunda həbsə belə, hazır olan adamlar var. Bizlər bu cəmiyyətin haqq səsiyik”. F.Qəhrəmanlı hakimiyyəti, ölkədə hüquq faciəsi yaratdığına görə sərt ifadələrlə tənqid etdi. O, bildirdi ki, hüququn belə vəziyyətə gətirilməsi təkcə onların maraqlarını tapdalamır, bu daha ağır bir halı – cəmiyyətdə hüquqa inamın ölməsinə səbəb olur. Cinayət işinin siyasi sifarişlə quraşdırıldığını vurğulayan Fuad Qəhrəmanlı, onu özlərinə qarşı repressiya kimi dəyərləndirdi: “Bu repressiyalarda məqsəd cəmiyyət üçün qorxu örnəyi yaratmaq idi. Lakin biz əks örnəyin, şərin qabağından qaçmamağın, haqq-ədalət yolunda güzəştə getməməyin örnəyini yaratdıq”.
AXCP yetkilisi məhkəmədə mütərəqqi dəyərləri, demokratiya və azadlığın tərəfdaşı kimi çıxış etdiyindən və onlara qarşı mürtəce düşüncəlilərin dayanmasından qürur duyduğunu da söylədi. O, prokurorun replikasını və ümumiyyətlə, ittihamı gerçəklikdən uzaq sayaraq dedi ki, heç bir həbs cəzası onları doğru bildikləri yoldan daşındıra bilməyəcəkdir.
Bizi güllələmədiyiniz üçün sağ olun!
Tural Abbaslı da prokurorun çıxış və replikasını orta məktəb şagirdinin səviyyəsinə uyğun olması barədə replikası ilə çıxışa başladı. O, prokurorun rəzil durumunu savadsızlığından daha çox, haqsızlığından qaynaqlandığını bildirdi: “Bura bir məktəbli uşaq da çağırsaq, onu susduracaq. Çünki nə qədər savadlı olursansa ol, haqqı demirsənsə, haqqın yanında deyilsənsə balaca uşağın qarşısında da gülünc vəziyyətə qalacaqsan. Biz bu gün Ceyhun müəllimin obrazında prokurorluğu, hüquq-mühafizə orqanlarını belə rəzil, gülünc durumda gördük. Sabah-birigün məhkəmə də eyni vəziyyətə düşəcək. Arif Hacılının hakimin altında oturub qərar verdiyi, prokurorun and içdiyi dövlət atributlarının qəbul olunmasında rolu var. Arif Hacılını 500 manat cərimə edib buraxmaq əvəzinə ona maksimum cəza istənilməsi Azərbaycanın hansı duruma düşməsi, hətta Cibutidən də betər günə düşdüyünü göstərir. Bu gün bizi siyasi sifarişlə tutublar. Birbaşa Ilham Əliyevin sifarişi ilə tutublar”. Ilham Əliyevin adı çəkilən kimi prosesdə yarımyuxulu görünən hakim diksindi və Turala xəbərdarlıq etdi. T.Abbaslı isə “təşəkkür edirəm ki, heç olmasa bizə güllələnmə hökmü çıxarmamısız”, deyərək çıxışını tamamladı.
Bizi sındırmaq istəyənlər özləri sınıb
Məhəmməd Məcidli isə replikasında prokurorun yalançılığına irad tutdu. Dedi ki, yalanla hamını həmişə aldatmaq mümkün olmur: “Dəfələrlə qeyd edirsiniz ki, guya mən Fuad Qəhrəmanlı ilə mitinqdən 7-8 dəqiqə əvvəl təşkilat qurub mitinq təşkil etmişik. Balaca uşaq da bilir ki, mitinqi 7-8 dəqiqəyə təşkil etmək, sadəcə, mümkün deyil”.
Anadan olduğu kəndin sakinlərinin 37-ci ildə ən çox repressiyalara məruz qalanlardan olduğunu vurğulayan M.Məcidli maraqlı bir fakt söylədi: “Elələri olub ki, repressiyaya məruz qalmış dədə-babalarından imtina ediblər. Amma repressiyaya məruz qalanların adları qızıl hərflərlə bizim qəlblərimizə yazılırdı. Biz də repressiyalara məruz qalırıq. Siz heç düşünürsünüz ki, kimin davamçılarısız? Sumbatyanların, markaryanların, ovanesyanların davamçılarısız. Onlar da bu millətə qənim kəsilmişdilər, sizlər də bu millətə qənim kəsilmisiniz! Onlar da bu xalqın haqq sözünü deyənlərə qarşı mübarizə aparırdı, sizlər də. Əgər bu gün bizə güllələnmə hökmü verilməsi istənilsəydi sizlər həmin sifarişi də yerinə yetirəcəkdiniz. Burdan çıxıb evinizə gedəndən sonra özünüz haqda düşünün. Evdəkiləriniz bu proses haqda sizdən soruşanda nə deyəcəksiniz? Bizi həbsə atmaqla sındıra bilməyəcəklər, amma sizlər artıq sınmısınız. Nəyin xatirinə?
Siz burada telekanalların təqdim etdiyi videolardan çox cüzi hissəsini nümayiş etdirdiz. Orada polisin bizə qarşı qəddarlığı açıq-aşkar görünür. Bizlər millət uğrunda mübarizə aparırıq. Sabah bu insanlardan hər hansı biri hakimiyyətdə təmsil olunacaqsa, bu milləti düşünəcək. Bizlər Məhəmməd Əminin davamçılarıyıq. Amma Heydər Əliyev öləndən sonra onun imzası ilə Ilham Əliyevi baş nazir təyin etməsi barədə qərarı oldu. Siz onların davamçılarısız”.
Hakim tələsik prosesin yekunlaşdığını, növbəti iclasın isə sentyabrın 30-u 10:30-a təyin olunduğunu elan etdi.
***
Məhkəmə yekunlaşdıqdan sonra vicdan məhbusları aparılarkən ənənəvi olaraq müxalifət tərəfdarları “Azadlıq!”, “Istefa!” şüarları ilə aksiya keçirdilər. Bu dəfə əraziyə cəlb olunan Çevik Polis Alayının əməkdaşları aksiya iştirakçılarına qarşı zor tətbiq etdilər. Onlar aksiyaçılara hücum çəkərək əllərində olan şüarları alıb cırdılar, gənc fəallara qarşı dəyənək zərbələri yetirdilər.
Natiq


