Zəfər Quliyevin kitabı çapdan çıxdı

“Azərbaycan Heydər Əliyevdən sonra” kitabında politoloqun son dövr məqalələri toplanıb

 

“Turan” agentliyinin şərhçisi, tanınmış politoloq Zəfər Quliyevin “Azərbaycan Heydər Əliyevdən sonra” kitabı çapdan çıxıb. Politoloji və siyasi məqalələrin yer aldığı kitab REGNUM nəşriyyatında (Moskva) işıq üzü görüb. Toplu “Nina” kitab qalereyasında və “Falanster” kitab mağazasında satışa buraxılıb.
Kitabda son illər müxtəlif nəşriyyatlarda çap olunmuş politoloji və publisistik məqalələrin bir hissəsi yer alıb. Məqalələr əsasən müasir Azərbaycanda siyasi proseslərin təhlilinə və tənqidi düşüncələrə həsr olunub.
“Çox təəssüf edirəm ki, təqdim olunan materialların çoxu mahiyyətcə öz aktuallığını uzun müddət saxlamağa məhkumdur. Çünki son illər Azərbaycanın siyasi simasında, siyasi ab-havasında keyfiyyətli yeniliklər və ya yaxşılığa doğru mühüm dəyişikliklər müşahidə olunmur”, – müəllif bildirir. 
“Azərbaycandakı müasir siyasi reallıqlara tənqidi yanaşmam ona əsaslanır ki, həm politoloq, həm də vətəndaş kimi mənəviyyat, hüquq normalarına və zamanın tələblərinə zidd olanlarla barışa bilmirəm”, – Zəfər Quliyev qeyd edir.