Qanlı-qadalı 80 illik tarix
XVIII əsrin ortalarında Azərbaycanın şimalında yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı olmuşdur. Xanlığın ərazisi Zəngəzur dağlarından Araz çayının vadisinə qədər olan torpaqları əhatə edirdi. Bu, Irəvan, Qarabağ və Maku xanlıqları ilə həmsərhəd idi. Nadir şah Əfşarın ölümündən sonra Kəngərli tayfasının başçısı Heydərqulu xan yerli feodalların köməyi ilə şahın naibi Ağahəsəni Naxçıvandan qovdu və özünü xan elan etdi (1747-1763). Heydərqulu xanın ölümündən sonra hakimiyyətə Hacı xan Kəngərli keçdi. Daha sonra Xanlığı sıra ilə Rəhim xan, Cəfərqulu xan, Kəlbəli xan və Abbasqulu xan Kəngərli idarə etmişdir.
Nadir şahın ölümü (1747) Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Iran dövlətinin ağalığına son qoyulmasını sürətləndirdi. Azərbaycanda şahın təyin etdiyi hakimlər hər yerdən qovuldular. Azərbaycanın yerli feodalları və elbəyiləri Iran zülmünə qarşı qalxan ümumxalq mübarizəsindən istifadə edərək, yerlərdə hakimiyyəti öz əllərinə keçirir, özlərini müstəqil xan elan edirdilər.
Yerli feodallara arxalanan kəngərli tayfasının başçısı Heydərqulu xan da özünü Naxçıvan xanlığının müstəqil hakimi elan etdi. Zəngəzur dağlarından başlamış Araz çayı vadisinə qədər ərazidə yerləşən Naxçıvan xanlığı iqtisadi və hərbi imkanlarına görə digər xanlıqlardan o qədər də fərqlənmirdi.
Heydərqulu xanın ölümündən sonra (1763/64) Naxçıvan xanlığı nisbətən zəiflədi. Onun sələfi Hacı xan Kəngərli Iran hakimi Kərim xan Zəndin (1763-1779) qarşısında zəiflik göstərib ona boyun əydi. Sonralar Kərim xan Zənd onu Şiraza dəvət etdi və kiçik günah üstündə əsir aldı. Naxçıvan taxtında Hacı xanı əvəz edən Heydərqulu xanın oğlu Rəhim xan da hakimiyyətdə uzun müddət qala bilmədi. 1770-ci ildə Kərim xan Zəndin köməyi ilə Naxçıvanda hakimiyyətə gəlmiş Əliqulu xan da öz növbəsində üç ildən sonra Vəliqulu xan Kəngərli tərəfindən devrildi.
XVIII əsrin 80-cı illərinin əvvəllərində Irəvan xanı Hüseynəli xanın, Qarabağ xanı Ibrahimxəlil xanın, Kartli-Kaxeti çarı II Iraklinin vasitəçiliyi ilə kəngərli tayfasının nümayəndəsi Abbasqulu xan Naxçıvan xanlığının hakimi oldu. Lakin Abbasqulu xanın Naxçıvan hakimi olması xoylu Əhməd xanın ürəyindən deyildi. O, Naxçıvanda Abbasqulu xanın əmisi oğlu Cəfərqulu xanı hakimiyyətə gətirmək istəyirdi.
Beləliklə, Əlimurad xan və Əhməd xan tərəfindən müdafiə edilən Cəfərqulu xan Naxçıvanda hakimiyyətə gəldi.
Hakimiyyətə keçdiyi ilk gündən Cəfərqulu xan xalqın hər cür etirazının qarşısını almaq üçün əhaliyə ciddi təzyiq göstərməyə başladı. Hətta iş o yerə çatdı ki, naxçıvanlıların əksəriyyəti öz doğma ocağını tərk edərək uzaq vilayətlərə getməyə məcbur oldu. Abbasqulu xanın tərəfdarları da Naxçıvanda qala bilməyəcəklərini yəqin edərək Gürcüstana gedir və Abbasqulu xanın ətrafında birləşirdilər.
Naxçıvan əyanlarının Gürcüstana – Abbasqulu xanın yanına getmələri Cəfərqulu xanı hədsiz dərəcədə qəzəbləndirirdi. O, Abbasqulu xanın yanına getmək istəyənləri cəzalandırmaq qərarına gəldi. Belə rəftarın ilk qurbanı feodallardan Məhəmməd bəy oldu. O, Gürcüstana gedərkən Cəfərqulu xanın qardaşı Kəlbəli xan tərəfindən həbs edilib öldürüdü.
Çəkişmələr və mövqe davası
Ayrı-ayrı adamların qətlə yetirilməsi ilə kifayətlənməyən Cəfərqulu xan əmr etdi ki, Abbasqulu xanın yanına getmək istəyənlərin evləri dağıdılsın, əmlakları müsadirə edilsin və irsi mülkiyyəti əlindən alınsın. Lakin bu tədbir də xalqı sakitləşdirə bilmədi. Naxçıvanda xalq çıxışları güclənirdi. “…Əhalinin öhdəsindən gələ bilmədiyindən…” Cəfərqulu xan öz yaxın adamlarından birini – Şirəlini xoylu Əhməd xanın yanına göndərdi ki, “…o, ya Naxçıvanda qayda-qanun yaradıb xalqı sakitləşdirsin, ya da kömək üçün qoşun göndərsin”. Əhməd xan Naxçıvanda hakimiyyəti ələ keçirən Cəfərqulu xana kömək etsə də, bu dəfə Naxçıvana qoşun göndərməyə tələsmədi.
Belə bir vaxtda Naxçıvan feodallarından Şükürəli xanın oğlu Qara bəy Naxçıvan xanlığında öz tərəfdarlarını ətrafına toplayaraq “…Hacı Dəmir və Cari qalalarını ələ keçirdi. Bu qalalar Naxçıvanın 20 verstliyində olan möhkəmləndirilmiş qalalardan ibarət idi”. Cəfərqulu xanın hakimiyyətindən narazı olan Qara bəy, Irəvanda məskunlaşmış Abbasqulu xanın yanına çapar göndərərək ona bu barədə xəbər verdi. Bu xəbərdən sevinən Abbasqulu xan Qara bəyin dəstəsilə birləşməyə tələsdi. Abbasqulu xan həmçinin irəvanlı Hüseynəli xandan xahiş etdi ki, o da təxirə salmadan öz qoşunları ilə onun köməyinə gəlsin.
Abbasqulu xanın yaxınlaşdığını eşidən Cəfərqulu xan Naxçıvanı tərk edərək Xoy xanlığına qaçmağa məcbur oldu. Nüfuzlu Naxçıvan feodallarından biri olan Şükürəli xan Naxçıvan taxtının sahibsiz qalmasından və hakim dairələrdəki qarışıqlıqdan istifadə edərək 1785-ci ildə hakimiyyəti öz əlinə keçirdi.
Cəsarətli və uzaqgörən dövlət xadimi Kəlbəli xanın 1787-ci ildən hakimiyyət dövrü (1787-1820) başlayır. Qardaşı oğlu Abbasqulu xanın iddiasından özünü qorumaq üçün Kəlbəli xan onu Naxçıvana dəvət etdi, ürəyində kin bəsləsə də, ona böyük imtiyazlar verdi.
Kəlbəli xan hakimiyyətə gəldiyi vaxt Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda daxili və xarici vəziyyət xeyli mürəkkəbləşmişdi. Azərbaycanın və Gürcüstanın Iran və Osmanlı imperiyası tərəfindən təcavüzkarlığa məruz qalmaları təhlükəsi yaranmışdı. Belə bir tarixi şəraitdə Cənubi Qafqaz xalqları öz daxili imkanları hesabına xarici təhlükəyə qarşı istiqlaliyyətlərini müdafiə edə bilməzdilər. Naxçıvan xanlığında hakimiyyətə gəldiyi gündən Kəlbəli xan Rusiya dövləti ilə həm siyasi, həm də iqtisadi münasibətlər yaratmağa səy göstərmişdi. Bu da səbəbsiz deyildi. Həmin dövrdə Iran təcavüzü qarşısında qalan Azərbaycan xanlarına rus dövləti özünü riyakarlıqla Şərq xalqlarının “dostu” kimi qələmə verir, Azərbaycan xanlıqlarına hər vasitə ilə kömək göstərəcəyini vəd edirdi. Məhz buna görə də Kəlbəli xan sadəlövhlüklə rus diplomatlarının fitnəkarlığına uymuşdu. O da bəzi Azərbaycan xanları kimi Georgiyevsk müqaviləsinin (1783) səmimiyyət naminə bağlanıldığına inanırdı. Kəlbəli xanın hakimiyyəti dövründə Naxçıvan xanlığı nisbətən canlandı. Olan məlumata görə Kəlbəli xan Irəvan xanı ilə birlikdə Xoy xanlığına yürüş edib Xoy şəhərini mühasirəyə almışdı. Bunun da əsas səbəbi vaxtilə Xoy hakiminin Bəyazid paşasına kömək etməsi və eyni zamanda Naxçıvan xanlığından, çox güman ki, Cəfərqulu xanın vaxtında, saxlanılmaq üçün verilmiş qiymətli şeylərin qaytarılması idi.
Xanlığın tarixində ən önəmli dönəm – Kəlbəli xan dönəmi
Birləşmiş Naxçıvan və Irəvan qoşunları yalnız Xoyda saxlanılan qiymətli şeyləri geri aldıqdan sonra Xoy xanlığını tərk etdilər. Bir qədər keçdikdən sonra isə Xoy hakimi Kəlbəli xanla barışmış və onlar birlikdə Irəvan xanlığına basqın etmişdilər. Irəvandan xərac aldıqdan sonra müttəfiq qoşunları geri çəkildilər.
Bütün bu tədbirlər Naxçıvan xanlığının müəyyən qədər möhkəmlənməsinə səbəb oldu. Kəlbəli xan Naxçıvan xanlığının möhkəmləndirilməsi ilə məşğul olduğu zaman onun Naxçıvandan kənarda yaşayan əmisi oğlu Cəfərqulu xan hakimiyyətə qayıtmaq fikrindən dönməmişdi. O bu məqsədlə də gah bu, gah da digər xana kömək üçün uğursuz müraciətlər etmişdi.
Cənubi Azərbaycan xanlıqlarının bəzilərini özünə tabe edən Ağa Məhəmməd xan 1791-ci ildən başlayaraq öz qoşunlarını Şimali Azərbaycana yürüş üçün hazırlamağa başladı. Qəribədir ki, hətta bu xəbəri eşidən bəzi Azərbaycan xanları yenə də bir-birinə ədavətdən əl çəkmirdilər. Belə ki, 1792-ci ildə qarabağlı Ibrahimxəlil xan Naxçıvan xanlığına əl uzatmaq fikrində idi. O, Dağıstandakı qohumu Ömər xanla ittifaqa girərək Naxçıvan qalasına yürüş etdi. Müttəfiq qoşunlarının sayı 11 minə çatırdı. Lakin qalanın mühasirəsi uzun çəkmədi. Tezliklə Xoy və Irəvan xanlarının köməyi ilə Kəlbəli xan döyüşdə qəti qələbə çaldı. Bu döyüşdə Ibrahimxəlil xan 1000 nəfər, Ömər xan 700 nəfər, Kəlbəli xan isə müttəfiqləri ilə birlikdə cüzi canlı qüvvə itirdi.
Ağa Məhəmməd xan geri çəkilərkən Şimali Azərbaycan xanlarının ona tabe olmaması və ya formal olaraq sözdə sədaqətli qalacaqları ilə qətiyyən razılaşa bilmirdi. Belə hakimlərdən biri də Naxçıvan xanı Kəlbəli xan idi ki, Ağa Məhəmməd xan onunla haqq-hesab çəkməyi unutmurdu. Kəlbəli xan sonralar Ağa Məhəmməd xanın qəzəbinin qurbanı oldu. Ağa Məhəmməd xanın əmrilə onun gözləri çıxarıldı və Naxçıvandan uzaqlaşdırıldı.
Kəlbəli xan Tehran həbsxanasında çox qalmadı. Ağa Məhəmməd xanın ölümündən (1797) sonra iran taxtında onu əvəz etmiş Fətəli şah Kəlbəli xana “azadlıq” bağışlasa da, ona Naxçıvanda deyil, Irəvan xanlığında yaşamaq üçün icazə verdi. Çünki bu zaman Naxçıvan xanlığını Abbasqulu xan idarə edirdi.
Gözlərini itirsə də ruhdan düşməyən Kəlbəli xan siyasətdən kənarda qala bilmədi. Irəvanlı Məhəmməd xanın qətiyyətsiz və həm də çox cavan olmasından istifadə edən Kəlbəli xan tezliklə “…onun etimadını qazandı və xanlığın etibarlı adamına çevrildi”.
Kəlbəli xanın naxçıvanlılar arasında böyük hörməti var idi. Ona görə Kəlbəli xanın Irəvanda olması xəbərini eşidən saray əyanlarının əksəriyyəti öz ailəsi ilə birlikdə ora köçürdülər. Abbasqulu xan belə axının qarşısını ala bilmədi və nəticədə bu hadisə onun hakimiyyətdən uzaqlaşdırılmasına səbəb oldu. Iran hakimiyyətinin himayəsindən məhrum olan Abbasqulu xan da Irəvana getməyi qərara aldı. Burada Kəlbəli xan onu qəbul edərək Naxçıvandan gələn digər feodallarla danışıqlar apardı.
Naxçıvanlıların və Abbasqulu xanın Irəvana gəlmələri Kəlbəli xanın siyasi aləmdə mövqeyini daha da möhkəmləndirdi. Tezliklə Kəlbəli xan Irəvan xanın qoşunu ilə… Naxçıvandan əli çıxan Abbasqulu xanla birlikdə Qars üzərinə hərbi yürüş etdi. Kəlbəli xanı bu yürüşdə gürcü şahzadəsi Aleksandr da müşayiət edirdi. Onun əsl məqsədi hakimiyyəti ələ keçirmək üçün Gürcüstandan kənarda özünə müttəfiq axtarmaqdan ibarət idi.
Sisianov Qafqazdakı rus qoşunlarının ali baş komandanı təyin edildikdən sonra Fətəli şah Pirqulu xanı geri çağırdı. Yerli əhalinin rəğbətini qazanmaq məqsədi ilə Fətəli şah Kəlbəli xanı Naxçıvanın hakimi kimi tanıdı və ildə Iran xəzinəsinə müəyyən məbləğdə xərac vermək şərti ilə onun Naxçıvana xan kimi getməsinə razılıq verdi.
Çar I Nikolayın 1828-ci il 21 mart tarixli fərmanı ilə ləğv edilmiş Naxçıvan və Irəvan xanlıqları əsasında “erməni vilayəti” yaradılmışdı.
Naxçıvan xanlığının rəsmən ləğv edilməsinə baxmayaraq, muxtariyyəti saxlanmış və bu, 1840-cı ilə qədər davam etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir