Nizami Cəfərov niyə Türkiyəyə gedə bilmədi?

Deputatın adının nümayəndə heyətinin tərkibindən çıxarılması ilə bağlı müxtəlif mülahizələr var

Milli Məclisin sədri Oqtay Əsədovun Türkiyəyə rəsmi səfəri zamanı bir məqam diqqətdən yayınmadı. Söhbət Milli Məclisdə  Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərovun nümayəndə heyətinin tərkibinə daxil edilməməsindən gedir.
Nəzərə alsaq ki, Nizami Cəfərov həm də Azərbaycanda Atatürk Mərkəzinin rəhbəridir, onda deputatın Oqtay Əsədovun Türkiyəyə səfəri zamanı spikerin yanında olmaması təəccüb doğurur. “Bizim Yol” qəzeti yazıb ki, Nizami Cəfərovun nümayəndə heyətinin tərkibinə daxil edilməməsi Prezident Administrasiyasının rəhbərliyində deputata qarşı münasibətin dəyişməsilə bağlıdır. Nizami Cəfərov artıq arzuolunmaz şəxsə çevrildiyindən doğum günündə təltif də edilməyib.
“Azadlıq”ın əldə etdiyi məlumatlarda isə bütün bunların səbəbi kimi Nizami Cəfərovun Paşayevlərin “qara siyahı”sına düşməsi göstərilir. Bu halda ehtimal etmək olar ki, deputat tanınmış dramaturq Rüstəm Ibrahimbəyovla bağlı qalmaqaldan sonra hədəfə gəlib. Həm Rüstəm Ibrahimbəyov, həm də Oqtay Əsədovun Paşayevlərin çevrəsinə daxil olduğu bildirilir.
Başqa bir mülahizəyə görə isə Nizami Cəfərov Türkiyə ilə bağlı mövqeyinə görə qardaş ölkəyə səfərdən kənarda saxlanılıb. Deputat Atatürk Mərkəzinin rəhbəri kimi daim Türkiyənin maraqlarından çıxış edib. Görünür, iqtidar ideoloqları düşünüb ki, Nizami Cəfərov bu dəfə də Türkiyənin mövqeyini dəstəkləcəyək. Bu baxımdan onun adı nümayəndə heyətinin tərkibindən çıxarılıb.

Informasiya şöbəsi