Nigar Camalın üzü

Anındaca bildirirəm – mənim nə Nigar Camalın üzüylə, nə onun sığortalanması ilə işim var. Şəkillərdən gördüyüm üzlə nə işim ola bilər ki? Kim harasını sığortalayır, bu onun şəxsi işidi və kimsənin buna qarışmağa zərrəcə haqqı yoxdu. Sadəcə, bu məsələ mənə bu yazımda öz fikirlərimi çatdırmaq üçün yardımçı olacaq.
Hə, bədənin hansısa hissəsini sığortalamaq qayət normal bir şeydi, hətta həsəd aparılasıdı. Elə yazımda da onu çatdırmağa çalışacam. Həsəd dedim, elə çıxmasın ki, mənim də sığortalatdırmaq eşqinə düşdüyüm bir yerim var. Var a, özü də mənimdi, lap öz bədənimdi – ama adı Azərbaycandı.
Düşünürəm ki, Azərbaycanın da heç olmasa bir müğənninin üzü kimi üzü varmı ki, onu yaxşı bir məbləğə sığortalatdırasan? Dövlətin üzü nədi, ümumiyyətlə?
Təhsil
Hər şey buradan başlayır. Gələcəyin vətəndaşı insanlığı burada öyrənməyə başlayır. Burada isə nə öyrədildiyi kimsəyə sirr deyil – köləlik, şəxsiyyətə yalançı pərəstiş, boğazdan yuxarı “kalendar vətənpərvərliyi”, yaltaqlıq, alçaqlıq, riyakarlıq, rüşvət, korrupsiya və şiddət. Hətta bir dövlətin üzünün başı demək olar təhsilə. Nə durumdayıq, nə gündəyik təhsil sarıdan? Deyirlər, Misir (M) təhsilin anasını ağlar qoyub. Yəni bu sahə gözü yaşlıdı. Üz yerinə yalnız qan-yaş görünür. Ancaq mən Misir söhbəti ilə razı deyiləm. Bu gün Misirin yerində hətta Firon otursaydı da o sahə elə ağlar gündə olacaqdı. Çünki hər şeyin başında rejimin necəliyi, rejimin necəliyinin başında isə dövlət başçısı və onun komandası durur. Təhsilin gününə-ruzigarına baxın ki, WikiLeaks saytının yaydığı sənədin birində Cəlal Əliyevin Milli Məclisdə “Təhsil haqqında” qanunun qəbulunun qarşısını illərlə aldığı söylənilir. Məqsəd də nəymiş, aspiranturanın ləğvini əngəlləmək. Səbəb – əsas gəlir mənbəyinin mövcudluğunu qorumaq. Bir ümummilli əminin varlığı belə, ölkənin üzünü bu hala sala bilir. Indi hansı sığorta şirkəti, hətta ən böyük para qarşılığında bu üzə yaxın durar? Gündə bir ümummilli çıxacaq, bu üzə cilet atacaq, bu üzə doqquz yazacaq – dünyanın cəmi şirkətləri belə, bu yazıların qarşısında duruş gətirə bilməz.  
Iqtisadiyyat
Bu sahənin üzü neft rəngindədi. Hətta mazut. Ayrı rəng yoxdu. Beş-altı gül-çiçəyin, tərəvəzin rəngi bu rəngin içində elə itib-batıb ki, mikroskopla da sezmək mümkün deyil. Bacarsaydılar, bütün kənd təsərrüfatı sahələrinə də neft əkərdilər. Ona görə yox ki, kəndli daha çox bəhər götürsün, ona görə ki, onlar xalqa, zəhmətkeşə, əməkçiyə, kəndliyə neftin onların dədəsinin şəxsi malı olması fikrini kökünəcən aşılaya biliblər və ona görə ki, neftin bu ölkədə tək ağası var – Ailə. Uzağa getməyək, Zülfüqarlı qardaşlarının işi ilə tanış olun. Bir dostumun vasitəsilə tanıdığım bir milyoner vardı – zavodlar sahibiydi. Bir günün içində onu içəri atdılar. Hər şeyini əlindən aldılar və buraxdılar: “Get yerində sakit otur”. Görünür, onun zavodunda boks əlcəkləri istehsal eləmək istəyirmişlər və o əlcəklərdən ilk zərbə həmin zavodun ilk sahibinə dəydi, o cür bacarıqlı iş adamı durduğu yerdə dünyasını dəyişdi.
Ordu
Əsgəri bir telefon konturuna görə intihara məcbur olan ordunun nəyindən danışasan? O orduda istənilən silah ola bilər, ama dövlətə üz olmaz o ordudan – ruhsuz, pərişan, inamsız.
Ədliyyə
Bircə fakt yetər. Elşad Abdullayev qardaşı Mahiri oğurlayanlara milyonlar ödəməsini onlarla notarial qaydada müqavilə ilə həyata keçirib. Sanki adam oğurluğu və onun müqabilində pul ödəmək dövlət qanunudu. Yanasan fələk! Belə şey harda görünüb axı?!!
Ədəbiyyat
Burda Kərəmi ağlamaq tutur. Kür mənimdi (pir yox), kəramətinə yaxşı bələdəm. Ilhamı neftdən alan ədəbiyyat kəpənək tutmaqdan başqa nəyə yarar?
Hansını deyəsən? Ümumiyyətlə, bu dövlətin üzü varmı? Nigar Camal da “idiotskaya strana” dediyi bu ölkənin üzünü öz arenasında ağartmağa çalışdı. Ama nə etməli, görünür, o üzə çəkilmiş neftin ləkəsini aparmaq üçün bu, çox azdı…