Bir də görürsən ki, hansısa ağıllı “ərəb baharı”nın, dünyadakı yeni inqilablar dalğasının Qərbin və ABŞ-ın planı olduğunu sübut etməyə çalışır. Tutaq ki, onların işidir bu olaylar, bəyəm o inqilablar Qərbdən gəlir deyə, sən öz xalqını zülmdə saxlamaqda davam etməlisən? Bu nə sicilləmədir, görəsən? Bəs niyə bu adamlar xalqların zülm altında olduğunu deyil, onların inqilablarının Qərbdən gəldiyini müzakirə edir?
Bilirsiniz bu, nəyə bənzəyir? Sən öz doğma valideynlərini döyürsən və kimsə buna müdaxilə edəndə isə deyirsən: məni sakitləşdirmək adı ilə evə girənlər oğru idi. Məgər, bu əsas verir ki, sən öz valideynlərini döyəsən?!
Tutaq ki, bizim hakimiyyətin dəyirmanına su daşıyan psevdo-politoloqların dediyi kimi, bu inqilablar doğrudan da Qərbin işidir. Bəs onda sən niyə xalqına zülm edirsən ki, o da, hətta Qərbin əlilə inqilaba qalxır?! Niyə?!
Sən niyə oğurluq villa alırsan ki, bunu yazırlar?!
Sən niyə rüşvətlə medal almaq istəyirsən ki, BBC-nin dilinə düşürük?!
Sən niyə insan haqlarını pozursan, adamların evini uçurursan, sahibkarın mülkünü, qazancını əlindən alırsan, jurnalisti həbs edirsən ki, ölkəmiz ən pis hesabatlara düşür?!
Niyə sənin vətəndaşın Iranın tilovuna düşür, cəmi 200 dollara missionerlərə qoşulur?! Niyə?!
Təbii ki, bütün bunlar cinayətlərə haqq qazandıranların bəhanələrinə ritorik cavablardır. Bütün bunlar xalqların dəyişiklik istəyinə kölgə salanların hiylələrinə cavablardır.
Əslində, Azərbaycan mətbuatını diqqətlə oxuduqda xalq üçün işləməyə sanki tövbə eləmiş hakimiyyətimizin necə səylə çalışdığı bir sahəni aydınca görə bilərik. Özləri üçün nələr etdiklərini bilməyən yoxdur. Əlləri yorulur, gözləri doymur. Bir də gecə-gündüz var gücləri ilə çalışırlar ki, ölkədə dəyişiklik olmasın, eyni hakimiyyət, eyni durum davam etsin. Bunun üçün çox böyük səylər göstərirlər…
Siyasi fəallar üzərində məhkəmələrdən tutmuş adi TV təbliğatına qədər hər şey bir məqsədə xidmət edir – vəziyyəti eyni ilə saxlamağa. Elə “ərəb baharı”na damğa vurmaq da buna xidmət edir. Dörd tərəfimiz düşməndir deyib, demokratik idarəçiliyə yolların qapanmasına haqq qazandırmaq dəlilləri də buna xidmət edir.
Bunun başqa adı – bizi mənən köhnəlmiş, istifadə müddəti bitmiş bir rejimdə saxlamaq cəhdidir. Həm də elə bir dövrdə ki, zaman belə rejimləri yerlə yeksan edə-edə gedir. Bəs bunu nə qədər gecikdirə bilərsən? Yəqin ki, bir qədər gecikdirmək mümkündür. Amma Mixail Qorbaçovun bir vaxtlar bütün dünyada məşhur olan bir sözünü də xatırlamaq yerinə düşər: “Gecikənləri tarix cəzalandırır!”.
Başqa sözlə, səylər puça gedir axırda. Deyilən bəhanə və dəlillər isə cinayətə çevrilir…
Budur, həmkarım Elnur Astanbəyli sosioloq, şair, dünyada yeni elmin banisi (sadəcə bu elmin nədən ibarət olduğunu biz bilmirik) Əhməd Qəşəmoğlu haqda, onun seçkiləri saxtalaşdırmağı vacib sayması barədə yazıb. Elnur bəy hər şeyi izah edib, o fikirlərin nəyə xidmət etdiyini də göstərib. Həmin gözəl yazıya əlavəm yoxdur. Lakin bu yazıdan bir nəticə çıxır. Əhməd Qəşəmoğlu seçkiləri saxtalaşdırmağın vacib olduğunu deməklə cinayət edir. Azərbaycan qanunlarına görə seçkiləri saxtalaşdırmaq ağır cinayətdir və cinayəti təbliğ etmək, insanları ona sövq etmək də cinayətdir.
Bəli, indi bizim ölkədə cinayətlə tarixi gecikdirmək istəyirlər…
Mixail Qorbaçovun bir sözünü xatırlayın…
•