«Şərəfsiz şahidi zaldan çıxarın!» tələbi
Hakim: «Bilmirsiniz mən bu 4 ayda nələr çəkirəm! Daha dözə bilmirəm!»
Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavinləri Əhəd Məmmədli, Rüfət Hacıbəyli, AXCP Gənclər Komitəsinin üzvü Elnur Məcidli və YAP üzvü Ülvi Quliyevin məhkəmə prosesi davam edir. Müttəhimlər Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs olunublar.
Tərbiyəsiz polis
Dünənki prosesdə ilkin olaraq Nəsimi Rayon Polis Idarəsinin Post-Patrul Xidmətinin polis nəfəri Emin Imanov şahid qismində ifadə verdi:
“Aprelin 2-də müxalifət əməkdaşları qeyri-qaydasız-qanunsuz mitinq keçirirdilər. Tıxac olurdu. Biz də qarşısını alırdıq. Iş yoldaşım Ilham Zamanov da orda idi. Rəşid Behbudovda piketi dağıtdıq. Sonra bizi efirlə idarəyə çağırdılar. Tağıyev Elmin də bizə qoşuldu. Səməd Vurğun küçəsində Zamanov Ilhamla müxalifətçi mübahisə edirdi. Orda Əhəd Məmmədli Tağıyev Elminə müqavimət göstərdi. Təhqiramiz ”Azadlıq”, “Istefa” sözlərini qışqırırdı. “Rədd olsun diktatura” deyirdi. Təhqir edirdi də”.
Şahid sərbəst ifadə verəndən sonra vəkil Yalçın Imanovun sullarını cavablandırdı:
– Qeyri-qaydasız-qanunsuz mitinq deyirsiniz, bunu kim müəyyən edir ki, mitinq qeyri-qanunidir?
– Icra hakimiyyətindən göstəriş vermədilər qanuni mitinq keçirmək üçün.
– Nə vaxt məlum oldu qeyri-qanunidir?
– Səhər komandir Əkbər Hacıyev dedi ki, mitinq qanunsuzdur.
– Dediniz ki, mitinqçiləri dağıtdıq. Necə yəni dağıtdıq?
– Yaxınlaşdıq, sakit oldular. Bizi görüb qaçdılar.
– Izah edin ki, dağıtmaq nə deməkdir?
– Dağıtmaq, dağıtmaq…
– Izah edin ki, dağıtmaq deyəndə nəyi nəzərdə tutursuz?
– …
– Zamanov Ilhamla Əhəd Məmmədli harda mübahisə edirdi?
– Füzuli küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində əlbayaxa idilər, yaxasından tutmuşdu, Ilhama tabe olmurdu.
– Siz nə etdiz?
– Köməklik etdik maşına saldıq.
– Dediniz ki, təhqir edirdi, nə deyirdi?
– “Rədd olsun belə yaşayış, diktatura”, bizə də deyirdi ki, “Rədd olsun canlı meyitlər”. Mitinqçilər zorakılıq edirdilər.
– Onu hara apardız?
– Idarəyə.
– Zor tətbiq etdiz?
– Yox, yox.
Bundan sonra vəkil Osman Kazımov şahidə bir neçə sual verdi:
– Vətəndaşlar mitinqdə nə edirdilər?
– Şüar deyirdilər.
– Bu zorakılıqdır?
– Qışqırırdılar da.
– Bu zorakılıqdır?
– Gələrsən, göstərərəm zorakılıq necə olur.
– Danışığına fikir ver.
– Sən özün danışma…
Hakim:
– Sizə xəbərdarlıq edirəm.
Şahid vəkilə:
– Kəs səsini, danışma.
O.Kazımov:
– Danışığına fikir ver.
Hakim:
– Sizə xəbərdarlıq edirəm.
– Sən kimsən e, gələrsən, baxarsan…
Bundan sonra O.Kazımov şahidin onu təhqir etməsini, məhkəməyə hörmətsizlik etməsini, özünü qaba və ləyaqətsiz aparmasını əsas gətirərək barəsində cinayət işi başlanması haqda qərar qəbul olunmasıyla bağlı vəsatətlə çıxış etdi. Bu barədə daxili işlər naziri Ramil Usubova da polis nəfərinin barəsində təqdimat göndərilməsini məhkəmədən tələb etdi.
– Siz burada hamının gözü qarşısında vəkil Elçin Namazov barəsində Vəkillər Kollegiyasına təqdimatı dərhal göndərdiniz. Şahid barəsində də dərhal qərar qəbul edin.
Digər vəkillər də vəsatəti dəstəklədilər. Şahid sonrakı suallara qeyri-adekvat cavab verdi. Bu isə onun hadisədən xəbərsiz olması qənaətini formalaşdırdı. Əhəd Məmmədli isə hakimin diqqətinə çatdırdı ki, o, həbs edilərkən şahid orada olmayıb:
– Bu adam yalan danışır, onun barəsində yalan ifadə verdiyinə görə cinayət işi başlanmalıdır.
O.Kazımov cinayət işinə əlavə olunmuş materialların arasındakı Əhəd Məmmədlinin həbs olunması səhnələrinin əks edildiyi fotoların şahidə təqdim olunmasını və özünü həmin fotolarda göstərməsini məhkəmədən xahiş etdi. Şahid fotolara dəfələrlə baxsa da, özünü orada göstərə bilmədi. Vəkil şahidin Ə.Məmmədlinin həbsində iştirak etmədiyini bildirərək onun sadəcə iş materiallarının həcminin artırılması üçün şahid qismində işə cəlb edildiyini söylədi. Vəkil şahidə Ə.Məmmədlinin həbsindən sonra onu hara apardıqlarını soruşdu. Şahid bildirdi ki, Ə.Məmmədlini 5 dəqiqəyə Fəvvarələr meydanından Nəsimi Rayon Polis Idarəsinə aparıblar.
O.Kazımov:
– Bəs deyirdin ki, yollar bağlanmışdı, tıxac idi. Necə oldu ki, tıxac ola-ola şəhərin bir başından o biri başına 5 dəqiqəyə getdin.
– Getdik dəəə…
– Tıxac hara getdi?
– Dedim dəəə…
Bundan sonra şahid Y.Imanovun suallarına cavab verdi. Dedi ki, Bakı Şəhər Prokurorluğunda ifadə verib və ifadəsini özü yazıb. Lakin vəkil iş materialları içində olan ifadəsini göstərərək bildirdi ki, şahidin ifadəsi kompüterdə yığılıb. Yalan danışdığına görə şahid barəsində cinayət işi başlanmasını tələb etdi. Hakim verilən vəsatətlərə sonda müşavirə otağında baxacağını bildirdi. Y.Imanov isə israr etdi ki, vəsatətlərə dərhal baxılsın:
– Bizdə şübhə var ki, siz də Səbayel Rayon Məhkəməsinin hakimi Elnur Həsənov kimi sonda vəsatətlərə baxmayıb ittiham aktını hökmə köçürəcəksiniz. Ona görə də vəsatətlərə indi baxın.
Hakim dediyindən dönmədi.
Növbəti şahid Nəsimi RPI-nin polis nəfəri Məcid Yusifov oldu. Bu polis nəfəri vicdan məhbusları Arif Hacılı və digərlərinin işi üzrə Səbayel Məhkəməsində keçirilən prosesdə zərərçəkən qismində keçib. Onun Nəsimi bazarının müdirinin oğlu olması barədə məlumatlar var. Sərbəst ifadəsində şahid dedi ki, qanunsuz aksiya zamanı tıxac yaranıb, “Rədd olsun diktator” şüarları səslənib, kimsə başından ona xəsarət yetirib. Şahid həmin kimsəni görmədiyini desə də, həmin şəxslərin müttəhimlər arasında oturmasını da istisna etmədiyini söylədi. Onu kimin vurması ilə sonradan maraqlanmadığını da dedi. Bunun səbəbini izah etmədi. Vəkillərin suallarını cavablandırarkən isə DIN-in hospitalında müalicə olunarkən “Azərbaycan” qəzetində barəsində həqiqət olmayan məlumatların yayıldığını söylədi:
– O qəzetdə yazılanlar yalandır. Mən elə söz deməmişəm.
O.Kazımov:
– Bəs niyə məhkəməyə verməmisiniz?
– Vermədim də.
Bundan sonra S.Vurğun küçəsində açar təmiri ilə məşğul olan Aydın Əhmədov və ayaqqabı ustası Mirzəyev Ağarəhim ifadə verdilər. Bildirdilər ki, şüşəsi sındırılan aptek iş yerlərinin yaxınlığındadır. Onlar şüşə sındıranın özünü görməyiblər. Şüşəyə daş vurulsa da, şüşə çatlayıb, amma çilik-çilik olaraq yerə tökülməyib. Vəkil Mənsum Bayramov dövlət ittihamçısından xahiş etdi ki, bu şəxslərin istintaqa niyə cəlb olunmasını izah etsin. Dövlət itthamçısı isə dedi ki, bu şəxslər şüşə sındıranı görməsələr də, polisin həmin şəxsin ardınca qaçdığını görüblər deyə işə şahid qismində cəlb olunublar.
Ənvər Seyidovun “taksi sürücüsü” olan köməkçisi
Növbəti şahid Cəlal Cəbrayılov oldu.
Ondan yalan danışmamaq barədə iltizam alındıqdan sonra tribuna arxasına keçən şahidə hakim məhkəmədə düzgün ifadə verməsi barədə andın mətnini oxumasını xahiş etdi. Şahid latın qrafikası ilə oxumağı bacarmadığını söyləsə də, mətni əzbərdən dedi. Bu isə onun ifadə vermək üzrə professional olması barədə fikirlərin səslənməsinə səbəb oldu. Şahid sərbəst ifadəsində Heydər Əliyev adına sarayda süpürgəçi işləyən həyat yoldaşının köməkçisi olduğunu dedi. 1947-ci il təvəllüdlü olduğunu bildirən şahid yoldaşının 220 manat aldığı maaşla dolandıqlarını söylədi:
– Təqaüdçüyəm, partiyadan, dövlətdən razıyam. Bir də gördüm mitinqçilər gəlir. Polis də deyirdi dağılışın. Arvadla orda, bizim yerin altında, fontanın altında yerimiz var, girdik ora, qapını da bağladıq. Istintaqa verdiyim ifadəni təsdiqləyirəm.
– O.Kazımov:
– Nə baş verdi orda?
– Mitinqçilər gəldi, polis də onlara dedi dağılışın. Sonra polis onları dağıtdı.
– Sonra nə oldu?
– Elə bu oldu də.
– Istintaqda da belə demisiniz?
– Bəli.
– Mitinqçilərlə polis orada olanda maşınlar gəlib gedirdi?
– Maşınlardan dayanıb hay-küyə baxırdılar.
– Mitinqçilər saxlamışdı maşınları?
– Yox, özləri dayanıb baxırdılar.
– Başqa nəsə gördüz?
– Yox.
– Bəs ifadəndə niyə yazmısan ki, orada mitinqçilər polisi döyüblər, təpik, şillə vurublar?
– Mən elə söz deməmişəm. Müstəntiq yalan yazıb.
Dövlət ittihamçısı müdaxilə etdi:
– O, konkret kiminsə kimi döyməsini deməyib axı.
O.Kazımov:
– Burada kiminsə kimi döyməsini demir ki. Deyir ümumiyyətlə, orda kimsə kimisə döyməyib.
Şahid:
– Deməmişəm ki, polisi kimsə döyüb. Burada ifadə verirəm, xəcalət çəkirəm. Müstəntiq yazıb.
– Y.Imanovun suallarına cavab verərkən isə şahid bir qədər əvvəl dediklərini dandı. Bildirdi ki, orada naməlum polisə təpik vurulub. Ibtidai istintaqa verdiyi ifadəsini də təsdiqlədiyini söylədi. Mitinqçilərin “Xalqın malını yeyənlərə ar olsun” şüarlarının təhqir olduğunu hakimin diqqətinə çatdırdı.
Bundan sonra vaxtilə polisdə işləmiş, hazırda taksi fəaliyyəti ilə məşğul olan Yadigar Şirinov ifadə verdi. Bu şəxs qanunsuz hökmlər çıxaran hakim Ənvər Seyidovun bir müddət qeyri-rəsmi köməkçisi olub. Dedi ki, Mərdanov qardaşları küçəsində səs-küy eşidib, maraqlandığı üçün ora gedib. Kimsə həmin vaxt polis maşınına təpik atıb. Həmin kimsə müttəhimlərdən heç biri olmayıb. Vəkillərin suallarına cavab verəndə şahid dedi ki, 2 ildən artıq taksi fəaliyyəti ilə məşğul olsa da, heç bir lisenziya almayıb, vergi də ödəməyib. Bundan sonra fasilə elan olundu.
Yalançı şahid
Fasilədən sonra isə dayanacaqlarda dayanıb avtobus sürücülərindən naməlum səbəbdən pul yığan Əvəz Ağayev sərbəst ifadə verdi:
– Mart və ya aprel ayları idi. 2 idi, ya da 3-ü idi, mən “astanovka”da dayanmışdım. Oturdum bir dənə siqaret çəkdim. Bundan sonra gördüm ki, “tolpa” gəldi. “Istefa”, “Azadlıq” “Rədd ol diktator” qışqırdılar. Polis gəldi, dedi dağılışın, polisə təzyiq etdilər. Onlardan bir nəfəri tutanda o polisə müqavimət göstərdi, söyürdü. Gördüm polislər bacarmır, onlara kömək elədim, maşına oturduq.
Dövlət ittihamçısı:
– Həmin adamı görsəz tanıyarsız?
– Hə.
– Baxın burada var?
– Hə, budey, odur.
Şahid əli ilə Ülvü Quliyevi göstərdi və müxalifətçilərin ünvanına nalayiq sözlər işlətdi. Hakimin buna heç bir reaksiya verməməsi müttəhimlərin, vəkillərin və zaldakıların etirazına səbəb oldu. Hakimin susqunluğu aranın qarışmasına səbəb oldu. Nəzarətçilər tərəfləri sakitləşdirə bilmirdilər. Şahid isə söyüş söyürdü. Bütün zal ayağa qalxıb “şərəfsiz şahidi zaldan çıxarın”, “öz əxlaqınıza uyğun adamları üzə saxlamayın”, “şərəfsiz yalan danışanın nəslidir, şər atanın anası, bacısıdır, nəsil-nəcabətidir” deyə şahidin zaldan çıxarılmasını hakimdən tələb edirdilər. Hakim də ayağa qalxaraq tələsik zalı tərk etdi. Qarşıdurma isə get-gedə artırdı. Səs-küyə digər zallarda olan nəzarətçilər də qaçaraq gəldilər. Hakim də zala qayıdaraq nəzarətçilərin üstünə çığıraraq zalda olan bütün şəxsləri çıxarmasını tələb etdi:
– Bəsdirin! Bilmirsiniz mən bu 4 ayda nələr çəkirəm! Çıxarın, hamısını çıxarın! Bəsdirin! Daha dözə bilmirəm! Bəsdirin! Bəsdirin! Çıxarın bunları bayıra, tez elə, niyə durub baxırsan?
Hakimin çığırması bayaqdan tərəfləri sakitləşdirməyə çalışan nəzarətçiləri aqressivləşdirdi. Zalda olan polislər şahidi hakimin zala daxil olduğu qapıdan çölə çıxardılar. Hakim də qaçaraq onların ardınca getdi. Nəzarətçilər qadın və qocalara məhəl qoymadan, jurnalistlərin vəsiqələrinə baxmadan zorla hər bir kəsi zaldan çıxardılar.
Sonradan xəbər gəldi ki, məhkəməyə etiraz edərək vicdan məhbusları da zalı tərk etmək istəyərkən zala gözyaşardıcı qaz buraxılıb. Ara sakitləşəndən sonra proses qapalı şəraitdə keçirilib. Lakin şahidin dindirilməsi baş tutmayıb. Proses sentyabrın 30-da 11:00-da davam etdiriləcək.
Natiq Gülhəmədoğlu



