Kremldə əvəzlənmə və Ermənistan-Azərbaycan münaqişəsi

Rusiyanın ölkəmizə qarşı imperialist siyasətinin dəyişməsi üçün fürsət pəncərələri Medvedevin Kazandakı iflasından və ölkəmizə qarşı Soçi təhdidlərindən sonra bu ilin payızına yaxın tam qapanmış kimi görünürdü. Xəyalı qırılmış Ilham Əliyev hətta Düşənbəyə – MDB-nin ildönümü zirvəsinə getməkdən imtina etdi. Amma Kremldən gələn xəbərlərin Moskvaya son şans verdiyinə inanmaq istəyirəm.

Xarici siyasət tarixdən doğmalı

2003-dən bu yana Əliyev düşünürdü ki, Sovetin çöküşündən üzülmüş imperialistlərin ürəyini yumşaltmaqla Rusiyanın Güney Qafqazdakı 300 ildir üstünlük verdiyi axarın ətalətini sındıracaq. Amma bu üç əsr ərzində biz Rusiyadan idarə olunan savaşlar, etnik təmizləmələr, ayrı-seçkilik və zorla köçürülmələri yaşadıq; hərdən ara verib azacıq sakit tərzdə də bizi ruslaşdırırdılar. Bunların daim bircə nəticəsi olurdu – biz türklərin hesabına Rusiyanın sadiq vassalı qismində Ermənistanın yaradılması və ərazisinin genişləndirilməsi.

Elə Qarabağ münaqişəsi də 1987-ci ilin sonunda yüz minlərlə yurddaşımızın Zəngəzurdan zorla qovulmasıyla başladı. Qovulmanı “ruhlandıran” Qorbaçovun müşaviri Aqanbekyanın fransız qəzetinə qalmaqallı müsahibəsi idi. O, Sovet Azərbaycanının sərhədlərinin mərkəzdən dəyişdirilməsi planları haqda bəhs edirdi. Indi isə ortaq zəmin qurub xalqlarımızı sülh və işbirliyi yoluna çıxarmaq imkanını əngəlləyən başqa bir erməni, rəsmi Irəvanın konstruktivlikdən uzaq sifətini ildən-ilə xilas edən Rusiyanın xarici işlər naziri Lavrovdur.

Avro-Atlantik yola dönüş

Nə yaxşı ki, səkkiz ildən sonra Əliyev siyasətinin Rusiya istiqaməti bir az da olsa xalqımızın tarixi yolunu yansıtmağa başlayır. ÿBəli, tarixdə hər zaman olduğu kimi, torpaqlarımızın Ermənistanın əli ilə yürüdülən işğalına son qoyulması haqda Moskvaya ünvanlanmış son çağırışlar, təkliflər də eşidilmədi. Məntiqi nəticə: bu həftələrdə rəsmi Bakı Respublikaçı Alternativ hərəkatının çoxdandır israr etdiyi kimi, yeni uzunmüddətli seçim etməkdə, avro-atlantik birləşmə yoluna qayıtmaqdadır.

Əliyev, Xəzər ötəsi qaz kəməri haqqında müzakirələrin son mərhələsinə başlamaq üçün Avropa Birliyinə işarə verdi. Sonra istiqlalımızın ildönümünə həsr olunmuş nisbətən qısa nitqi də görünməmiş dərəcədə Avropameylli çıxdı: prezident otuz (!) dəfə yaxşı anlamda “Avropa” sözünü dilə gətirdi, Rusiyanın isə adını belə, çəkmədi. Xarici işlər nazirimizin müavini, Ermənistana hücum silahlarını böyük həcmdə havayı ixrac edən “qonşu ölkələri” yenidən sərt tənqidə məruz qoydu.ÿ Son olaraq, Prezident Administrasiyasından yönəldilən xəbər portalları Rus Imperatorluğunda azərbaycanlıların sistematik şəkildə məhv edilməsi haqda baş yazılar yaydı.

Azərbaycan və Rusiya arasında məsafənin artması yalnız təəssüflə baxılası hadisədir. Çünki ruslara qarşı heç bir iddiamız ola bilməz – təkcə Rusiya rəhbərliyindən ödənilməsini istəyəcəyimiz ədalətli tarixi hesabımız var.Tarix Rusiyaya daha bir, son şans verir. Dmitri Medvedev Vladimir Putini namizəd irəli sürən andan etibarən Rusiyada bir növ keçid dönəmi başlandı.ÿ Indi Moskvanın imkanı var ki, ən azı son onilliklərin yanlışlıqlarını düzəltsin. Yüzillərin tarixi ilə isə qoy tarixçilər məşğul olsunlar, siyasilərin orada heç bir işi yoxdur.

Xarici siyasət üfüqə doğru boylanmalı

Beynəlxalq konfransların birində erməni təmsilçisinin “Rusiya Ermənistanı itirə bilər!” kimi pafosuna bir rusiyalı ekspert ironik cavab vermişdi: “O Ermənistanınızı kim tapacaq ki?” Doğrudan da, rus imperializminin çoxdankı layihəsi olan Ermənistan iflas içindədir. Öz tərsliyi ilə coğrafiyasını dalana çevirmiş ölkənin əhalisi iyirmi ilə iki dəfəyədək azaldı. Dünyanın ən pis iqtisadiyyatları sırasında Ermənistana yer verən “Forbes” jurnalının dəyərləndirməsi hər kəsə məlumdur. Azərbaycan isə indi Güney Qafqaz iqtisadiyyatının 75 faizi deməkdir, halbuki 1996-da yalnız 40 faizi idi. Artım onilliklər uzunu davam edəcək, ancaq cəmi beş ildən sonra Gürcüstanla birgə Güney Qafqaz iqtisadiyyatının 91 faizini, əhalisinin isə 80 faizindən çoxunu təşkil edəcəyik.
Əvvəllər biz bölgədə sülh və tərəqqi yolunun Güney Qafqaz birliyindən keçdiyini deyirdiksə, indi Ermənistanın bu dərəcədə məhdud olan bazarı heç maraq da doğurmur. Azərbaycanda qaçılmaz demokratik inqilabla, NATO, Avropa Birliyinin Xəzər ötəsi layihələri ilə mökəmlənmiş Azərbaycan-Gürcüstan-Türkiyə ortaqlığı, özünə vurğun qonşunun sağalmasını, ya da onun sahibinin ayılmasını gözləməkdən qat-qat daha faydalı perspektivdir.

Əlbəttə, bölgədəki elə bu köklü dəyişikliklərin aydınlığı səbəbilə, Lavrov və dostları Ermənistanı bizə qarşı savaşa təşviq edə bilərlər. Fəqət bu, erməni millətçilərinin Rusiyanı itələdikləri son uçurum olacaq.Ruslardan istədiklərimiz

Yaxşı, bəs Qafqaz dağlarının bu tərəfində Rusiya siyasətinin 300 illik ətalətini üstələmək üçün Putin və Medvedev bu qısa əvəzlənmə dönəmində nə edə bilərlər? Onlar Azərbaycanın ərazi bütövlüyünün ən qısa zamanda bərpası şərtlərini Bakı ilə razılaşdırmağı bacarmalıdırlar. Yeri gəlmişkən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Gömrük Birliyi və bənzər birləşmələri unutmaları gərəkdir – oralara girməyəcəyik. Bu, Moskvanın son 25 ildə yol verdiyi faciəvi xətaların bir növ qiymətidir. Azərbaycan indi Moskvaya yalnız enerji sahəsində dərəcəli işbirliyi və Orta Asiyada siyasi nüfuz üçün qlobal rəqabətə tarazlı yanaşma təklif edə bilər. Qalan hər şey qarşılıqlı etibarın bərpası sürətinə bağlıdır.

Təbii, Moskvada kimsə 1980-lərin təminat vədlərinə görə ermənilər qarşısında cavab vermək zorunda qalacaq. Onda Zəngəzurun “təmizlənməsi”nə və Azərbaycana qarşı torpaq iddialarının irəli sürülməsinə Ermənistan fəal qaydada ruhlandırılırdı. Lakin söhbət 21-ci əsrdə Rusiyanın Güney Qafqazda yeri barədə gedərkən, bu kimi məsələlər üçüncü dərəcəli xırdalıqlar deyilmi?

Düzü, təcrübəm deyir ki, Rusiya bu imkanı da əldən verəcək. Yaxud daha da pis – Moskvadan yeni qorunma təminatlarını alaraq və ya qopararaq, yıxıcı milli düşkünlükdən ümidsiz hala gələn Ermənistan bizə qarşı yenidən müharibəyə başlayacaq. Ermənistan naminə, Pyotr vaxtlarından qalan kiflənmiş gündəm uğrunda Rusiya bütün Güney Qafqaza qarşı savaşmağı istərdimi?

Ilqar Məmmədov, REAL hərəkatının həmsədri