400 qram qızıla 10 milyon sayan iqtidar (I yazı)

“Dom proşyel MÇS” . Əmlak elanları verilən qəzetlərdə tez-tez bu “mühüm” və “sevindirici” əlavələrə rast gəlmək olar. Bu o deməkdir ki, yeni tikilən binanın hər bloku üçün təxminən 200 min “ödənilib” və rahat yaşamaq olar. Əgər  Rövnəq kimi xatakarın da “saqqızı oğurlanıb”, binaya qaz da çəkilibsə, bu binadakı evlər digərlərindən 15-20 min baha satılır. Göründüyü kimi, sonda sadə xalqdan qoparılan milyonlar tədricən daha böyük pullara çevrilir. Vergi, gömrük və hüquq-mühafizə orqanlarının “analoji” addımlarını da nəzərə alsaq, xalqımızın monqol-tatar üsul-idarəsi ilə,  ikinci dəfə, özü də 800 il sonra yenidən üzləşdiyini dilə gətirməliyik. Xalq və büdcə bu cür onların cibinə axır. Artıq bir nüansa da diqqət yetirməyin zamanıdır. Adı böyük məbləğlərdə rüşvətdə, fırıldaqlarda hallanan məmurlar “məndə bu qədər pul hardandır?” demirlər, sadəcə xəbəri ikibaşlı tərzdə təzkib edirlər. Sanki o biri tərəfə mesaj göndərirlər ki, “sən çaşma, mən bunları yola verirəm, sözümüz sözdür”. Keçək əsas mətləbə…

Azərbaycanda boks Kəmaləddin Heydərova, güləş Fazil Məmmədova, ən strateji və populyar idman növü olan futbol isə Rövnəq Abdullayevə verilib.
Tələsik nəticə əldə etmək üçün çıxış yolunu xaricdən idmançı gətirməkdə görən bəzi oliqarxlar hərdən “azərbaycansayağı” yollara da əl atırlar. Olimpiya, dünya və Avropa qızılını qazanmış idmançının qələbəsi həmin federasiya rəhbərinin vəzifədə qalma müddətini uzadır və yeni imtiyazlar qazanmasına səbəb olur. Elnur Məmmədlinin Pekin zəfərindən sonra nazir Füzuli Ələkbərovun nə qədər işçisi həbs olundu, amma ona “gözün üstə qaşın var” deyən olmadı. Təxminən 200 qram çəkisi olan bu qızıl medal, yenisini qazanınca bu nazirin ən tutarlı alibisinə çevrilir(!).

Beynəlxalq Boks Federasiyasına 2 olimpiya qızılına görə verilən 10 milyon dollara gəlincə, bu məsələ araşdırılacağından qəti nəsə söyləmək mümkün deyil, amma necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz. Məmləkətdə Kəmaləddin Heydərovun qazanmadığı yeganə “uğur” öz idmançısının Olimpiya çempionu olmamasıdır. Ədalət naminə deyək ki, 2016-da bəlkə də bu, mümkün ola bilər, amma hazırda bu cür sensasiyaya imza atacaq boksçumuz yoxdur. Boksda hazırkı zərbələrin hesablanma qaydası imkan verir ki, qələbəni hətta layiq olmayana da verəsən, nokauta düşməməyin yetərlidir. 10 milyon isə, bu böyük “zəfər” üçün qəpik-quruşdur. Ivan Xodabaxşın (Taxtabaş da demək olar – X.Ə) teleqramının deşifrə edilməsində nazirin isə, ölkədəki rəqiblərinin rolu olduğu inkaredilməzdir, daş bəlli yerdən atılır… Yəqin ki, futbolsevərlər bu yaxınlarda Qarabağ-Qəbələ oyununu seyr ediblər. Qəbələlilərin qələbəsini əngəlləmək üçün hakim Vüsal Əliyev bəlkə də futbol tarixinin ən ədalətsiz penaltilərindən birini verdi. Və indidən bu qənaətə gəlmək olar ki, siyasi rəqabət və şəxsi maraqlar bu gözəl komandanın çempionluğuna imkan verməyəcək.

…Azərbaycan güləşi də bu gün məhv olmaq ərəfəsindədir. Xaricdən gətirilən məşqçilər və bu sahəyə cavabdeh olan müvafiq nazirlik rəsmisi öz şəxsi maraqları naminə yerli güləşçilərimizə, sözün əsl mənasında, müharibə elan ediblər. Onların dünya arenasında doğulduqları ölkəni təmsil etmək hüququnu açıq-aşkar əlindən almaq üçün nələrə əl atmırlar… Güləşdə, bəlkə də Olimpiya oyunlarından sonra ən önəmli yarışlardan biri Rusiyada Ivan Yarıgin turniridir. Bütün dünyanın ən güclüləri oraya mütləq gedir. Əsas yığmaya namizəd olan yerli güləşçilərimizi o yarışa göndərirlər və təbii olaraq ciddi rəqabətə davam gətirməyənlər də olur. Daha sonra isə Türkiyədə əsas güləş ölkələrinin 2 və 3-cü yığmalarının göndərdikləri Yaşar Doğu turniri start götürür. Və planlı şəkildə oraya legioner güləşçilər göndərilir və medal “qazanan”lar Avropa və dünya çempionatlarında ölkəmizi “təmsil” edirlər. Bir neçə ildən sonra başqa ölkənin şərəfini qoruyan bir azərbaycanlı güləşçinin, Azərbaycan bayrağı altında güləşən əcnəbi ilə görüşünə (?) təəccüblənməməliyik.