“Trabzonun” növbəti oyunu

Sentyabrın 27-də keçiriləcək 8 qarşılaşma ilə futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində ikinci tura start veriləcək. Lent.az-ın məlumatına görə, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” Fransa “Lill”ini qəbul edəcək. 

Bununla da “Avnı Aker” stadionunda tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin oyunu baş tutacaq. Qarşılaşmanı hollandiyalı referi Byorn Kuypers idarə edəcək. 
İlk turda “Trabzonspor” səfərdə “İnter”ə qalib gəlib – 1:0. “Lill” isə öz meydançasında Rusiya MOİK-ini yenə bilməyib – 2:2. Trabzon komandasının baş məşqçisi Şenol Günəş “Lill”lə qarşılaşmanın “İnter”lə görüşə nəzərən daha çətin keçəcəyini bildirib. Onun sözlərinə görə, İtaliya təmsilçisindən fərqli olaraq, Fransa komandasında heç bir problem yoxdur. “Lill”in oturuşmuş heyətə malik olduğunu deyən Günəş yenə qələbə qazanaraq liderliklərini möhkəmlətmək istədiklərini vurğulayıb. 

A qrupu

“Bavariya” (Almaniya) – “Mançester Siti” (İngiltərə)

“Napoli” (İtaliya) – “Vilyarreal” (İspaniya)

B qrupu

MOİK (Moskva, Rusiya) – “İnter” (İtaliya)

“Trabzonspor” (Türkiyə) – “Lill” (Fransa)

C qrupu

“Mançester Yunayted” (İngiltərə) – “Bazel” (İsveçrə)

“Otselul” (Rumıniya) – “Benfika” (Portuqaliya)

D qrupu

“Real Madrid” (İspaniya) – “Ayaks” (Hollandiya)
“Lion” (Fransa) – “Dinamo” (Zaqreb, Xorvatiya)

Bakı vaxtı ilə saat 21:00-da startı veriləcək MOİK – “İnter” matçından başqa bütün oyunlar saat 23:45-də başlanacaq.