Putinin yenidən prezidentliyi Rusiyanı uçuruma aparacaq

Vəfa Quluzadə: «Rusiyada kor-təbii və dağıdıcı inqilabın olması mümkündür»

Rusiyanın baş naziri Vladimir Putinin sentyabrın 24-də hakim Vahid Rusiya Partiyasının qurultayından prezidentliyə namizədliyinin təsdiq olunması qonşu ölkədə siyasi gərginliyi artırıb. Vladimir Putinin prezident seçiləcəyi təqdirdə indiki dövlət başçısı Dmitri Medvedevin baş nazir kürsüsünü tutacağı istisna olunmur. Onu da qeyd edək ki, Vahid Rusiya Partiyasının Moskvada keçirilən qurultayında daha əvvəl çıxış edən Dmitri Medvedev Vladimir Putini növbəti prezident seçkisində namizəd olmağa çağırmışdı. Putinin yenidən dövlət başçısı seçilmək perspektivinin olması Rusiya müxalifətini hərəkətə keçirib. Artıq 11 müxalifət partiyası bir araya gələrək Vahid Rusiyanın planlarının gerçəkləşməsinə mane olmaq istəyirlər.
Qərbin Rusiyada cərəyan edən hadisələrə hələ ki, elə bir reaksiyası olmasa da, “Reuters” agentliyinin məlumatına görə, Obama Administrasiyasından bildiriblər ki, onlar yeni prezident dövründə də ABŞ-Rusiya münasibətlərində əldə olunmuş nailiyyətlərin davam etdiriləcəyinə inanırlar.
Ümumiyyətlə, beynəlxalq medianın aparıcı nəşrləri də baş verənləri fars kimi qiymətləndirib. “El Pais”, “Spigel Online”, “Foreign Policy”, “The Observer”, “The Times” kimi mətbu orqanları baş verənlərin Rusiya üçün ciddi fəsadlarının olacağını düşünür. Italiyanın “Corriere Della Sera” qəzeti Putini çılğınlıqda Ivan Qroznı ilə müqayisə edərək rus xalqının üsyana qalxacağını yazıb. “The Guardian”a görə, Qərbin Rusiya hakimiyyətinin bu addımına reaksiyası sərt olacaq.
Politoloq Vəfa Quluzadənin fikrincə, Medvedev dövlət başçısı postuna gəldiyi ilk gündən onun gələcəkdə yerini Putinə verəcəyi bəlli idi. Putinin yenidən hakimiyyətə qayıtmasının əvvəlcədən düşünülmüş plan üzrə həyata keçirildiyini söyləyən V.Quluzadə vurğuladı ki, baş verən olaylar dünya səviyyəsində Rusiyanın imicinə neqativ təsir edəcək: “Rusiya hakimiyyəti nə qədər çalışsa da, özünə dünya səviyyəsində demokratik imic əldə edə bilmir. Ona görə hakimiyyət əvvəlcədən nəzərdə tutduğu yolla davam edir. Hələ Medvedev bir müddət əvvəl ölkə Konstitusiyasını dəyişərək, dövlət başçının səlahiyyət müddətini altı il edəndə artıq bu addımın Putin üçün edildiyi proqnozlaşdırılırdı”.
Putinin yenidən hakimiyyətə qayıtmasının Rusiya üçün faciə olduğunu deyən V.Quluzadə vurğuladı ki, Putin hakimiyyətdən gedə də bilmir. Çünki Rusiya hakimiyyəti mahiyyətcə mafioz xarakterli olduğundan iqtidarın itirilməsi bu insanların məsuliyyətə cəlb olunması ilə nəticələnəcək. Qərbin baş verənlərə reaksiyasının sərt olacağını düşünən politoloq onu da qeyd etdi ki, Qərb Medvedevin hakimiyyətə gəlməsindən sonra ölkədə bir sıra demokratik dəyişikliklərin olacağına ümid edirdi. Amma son qəbul olunan qərar bu ümidləri puça çıxardı: “Putinin bu addımı Rusiya xalqını aşağılayan qərardır və xalqın qisası ciddi ola bilər”.

Elxan Şahinoğlu: «Putin Medvedevə göstərdi ki, ölkədə əsas fiqur odur»

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə “Media forum” saytına müsahibəsində Medvedevin son anda geri çəkilməsini iki amil ilə izah edib: “Putini üstələmək üçün ona ciddi siyasi dayaq lazımdır. Çünki Putin hakim Vahid Rusiya  Partiyasına başçılıq edir və tərəfdarları kifayət qədərdir. Bu səbəbdən Medvedev axtarışa baş vurdu və sağ partiyaların timsalında özünə dayaq axtarmağa çalışdı. Medvedevin ətrafındakı ideoloqlar bu məqsədlə sağların partiyası olan ”Pravoye delo”ya yeni nəfəs vermək istədilər, məşhur oliqarx Proxorovu bu işə cəlb etdilər. Ancaq Kremlin planı çox keçmədi ki, fiaskoya uğradı”.
Medvedevi geri çəkilməyə vadar edən digər səbəbə gəlincə, E.Şahinoğlu vurğuladı ki, bu, dekabrda keçiriləcək parlament seçkisi oldu: “Müşahidəçilər bu seçkidə Vahid Rusiya Partiyasının qələbəsinə şübhə etmir. Putin bir az daha irəli gedərək hakim partiyanın ətrafında Xalq Cəbhəsi də formalaşdırdı. Bu yolla partiya mənsubiyyəti olmayan tanınmış insanları ətrafına topladı. Yəni Putin dolayısı ilə Medvedevə göstərdi ki, ölkədə əsas fiqur odur. Bununla da Medvedevin geri çəkilməkdən başqa alternativi qalmadı”.

Xəyal