Sentyabrın 21-də Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan dövlət məmurlarının görüşü keçirildi. 65 ölkənin yüksək vəzifəlilərinin qatıldığı tədbirdə müzakirəyə çıxarılan məsələlər bunlar idi: təbii və texnogen fəlakətlər zamanı əməkdaşlıq, informasiya cəmiyyətinin formalaşması şəraitində beynəlxalq informasiya təhlükəsizliyi, transmilli cinayətkarlığa qarşı mübarizə.Azərbaycanı bu görüşdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, şöbə müdirləri Fuad Ələsgərov və Elnur Aslanov təmsil ediblər.Maraqlı heyətdir: Ramiz Mehdiyevin Prezident yanında Təhlükəsizlik Şurasının katibi olduğunu nəzərə alsaq, onun təmsilçiliyini izah etmək mümkün olar. Bəs, F.Ələsgərov və E.Aslanov “transmilli cinayətkarlığa qarşı mübarizə məsələlərində” hansı məsuliyyət daşıyırlar?Bu səfəri daha cəlbedici göstərən isə PA rəhbəri Ramiz Mehdiyevi Polşanın dövlət katibi, Milli Təhlükəsizlik Bürosunun rəhbəri Stanislav Kozeyin mükafatlandırmasıdır. S.Kozey “Polşanın Milli Təhlükəsizlik Bürosunun xatirə medalı”nı Ramiz Mehdiyevin sinəsinə taxmaq şərəfinə nail oldu.“Medaltaxma mərasimi”ni aktuallaşdıran səbəbin biri budur ki, Ramiz Mehdiyevin virtual tərcümeyi-halında yalnız iki təltiflə bağlı məlumat yerləşdirilib: “Istiqlal” ordeni (17 aprel 2008) və “Polşa Milli Təhlükəsizlik Bürosunun xatirə medalı” (21 sentyabr 2011).Operativlik alqışlanmalıdır – alınan medalla bağlı məlumat dərhal Ramiz Mehdiyevin avtobioqrafiyasına əlavə edilib. Ancaq niyə “mükafatlar” bölümündə yalnız bu ikisi göstərilir? “Medal”ın dəyəri “Istiqlal”a təkbaşına şahidlik etmək səviyyəsindədirmi?
Ikincisi, Polşa ilə Azərbaycan arasında milli təhlükəsizlik sahəsində əməkdaşlığın medal veriləcək səviyyədə yüksək olduğunu düşünmək üçün heç bir əsas yoxdur. Yalnız 2009-cu ildə Ilham Əliyev Azərbaycan Təhlükəsizlik Şurası ilə Polşa Milli Təhlükəsizlik Bürosu arasında “Əməkdaşlıq Cədvəli”ni təsdiqləyən sərəncam verib, vəssalam!
R.Mehdiyevlə S.Kozeyin tədbir çərçivəsində keçirdikləri görüşdə “əməkdaşlıq haqqında müqavilə hazırlanması” barədə razılıq əldə olunması informasiyası da əlaqələrin geniş olmamasından soraq verir. Iki ölkənin təhlükəsizlik rəhbərləri əməkdaşlıq müqaviləsinin hazırlanmasına hələ indi başlayırlar. Bəs, xeyir ola cənab Kozey cənab Mehdiyevi mükafatlandırır?
Azərbaycanın təhlükəsizlik sahəsində əməkdaşlıq etdiyi ölkələr sırasında Rusiya öndə gəlir. Bu ölkə ilə təhlükəsizlik və hüquqa aid imzalanan o qədər müqavilələr var ki, onları saymağa belə, adamın hövsələsi çatmır. Belədə niyə
Rusiya deyil, Polşa R.Mehdiyevə mükafat verməlidir?
Üçüncüsü də var: Polşa prezidenti Lex Kaçinski məhz Rusiyaya səfəri zamanı qəzaya uğramışdı və rəsmi Varşava öz prezidentinin ölümündə Rusiyanın təhlükəsizlik qüvvələrini suçlayırdı. Bununla bağlı istintaq komissiyasının gəldiyi yekun rəyi Polşa elə bugünlərdə bütün dünyaya bəyan etdi. Cinayətdə suçladığı ölkədə keçirilən təhlükəsizlik tədbirində həmən ölkənin strateji müttəfiqini mükafatlandırmaqla Polşanın jestini anlamaq çətin olmasa da, bu “mükafat-medalın” dərhal Ramiz Mehdiyevin tərcümeyi-halında “Istiqlal”ın yanına yerləşdirilməsi heç də asan anlaşılan deyil – milli təhlükəsizliklə bağlı toplantıya qatılan Azərbaycan nümayəndə heyətinin tərkibində MTN-çilər əvəzinə
Fuad Ələsgərovun olması qədər!
Görünür, iqtidardaxili qruplaşmalar arasındakı çəkişmələr artıq ölkə sərhədlərini aşır və hətta hansısa ölkənin “xatirə medal”ı da Eldar Mahmudova göndərilən mesaj üçün vasitəyə çevrilir.