Həkimeldostu Mehdiyevlə bağlı qərardan apellyasiya şikayəti verilib
Hüquq müdafiəçisi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Həkimeldostu Mehdiyevlə bağlı Şərur Rayon Məhkəməsinin çıxardığı cərimə qərarından apellyasiya şikayəti veriləcək. Bu barədə “Turan”a H.Mehdiyevin vəkili Əsabəli Mustafayev bildirib.
Onun sözlərinə görə, məhkəmə N.Mehdiyevi elektrik enerjisinin oğurlanmasında (CM-in 189-1.1 maddəsi) ittiham edərək 1000 manat cəzalandırıb. Vəkil istintaq zamanı ciddi qanun pozuntularına yol verildiyini və H. Mehdiyevin işlətdiyi enerjinin düzgün hesablanmadığını bildirib. O qeyd edib ki, bu iş üzrə rayon Elektrik Enerjisi İdarəsinin mülki iddiası olmasa da, idarə onun 1050 manat məbləğındə borcu olduğunu təsdiqləyib.
“Məhkəmə istintaqı zamanı şahid ifadələrinin söylədiklərindən sonra bir daha sübut olundu ki, bu iş qondarmadır. Belə ki, kənd icra nümayəndəsi də öz ifadəsində Həkimeldostu Mehdiyevin peşə fəaliyyətinə görə cəzalandırıldığını etiraf edib”, – vəkil vurğulayıb.
Xatırladaq ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək, ona təzyiq edib və onun kiçik avtoyuma sexinə, habelə evinə gələn elektrik xəttini kəsdirib.
İyulun 15-də məsələ ilə bağlı yenidən onun üzərinə hücum edilib. Bu zaman ievinə və sexə gedən elektrik xətləri elektrik dirəkləri ilə birlikdə çıxarılaraq müsadirə olunub. Jurnalistin şəxsi mülkiyyətinə aid olan yardımçı tikililəri, qarajı sökməyə, yuyucu aparatını isə müsadirə etməyə cəhd ediblər.


