İmişlidə İctimai Palata yaradıldı

Rayonun əsas siyasi qüvvələri bir araya gələrək, etimadlı komanda formalaşdırdı

Sentyabrın 25-də Imişlidə Ictimai Palatanın rayon şöbəsinin təsis yığıncağı keçirildi. Paytaxtdan fərqli olaraq, əyalətlərdə, hətta qapalı yerlərdə belə müstəqil və müxalif fikirli insanların yığıncaq keçirməsinə imkan verilmədiyindən, tədbirin baş tutacağı sual altında idi. Iştirakçıların gözlənildiyindən də çox olması səbəbindən AXCP rayon təşkilatının qərargahı yerləşən binanın geniş foyesi əsl ictimai auditoriyaya çevrildi. Aran bölgəsinin özünəməxsus isti və bürkülü havası, ayaq üstə dayanmaq həyatlarını milli azadlıq hərəkatına, demokratiyaya bağlamış insanların sıralarını seyrəltmədi, qızğın müzakirələr saatlarla davam etdi.
Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı çıxış edən Ictimai Palatanın üzvləri Gülağa Aslanlı, Seymur Həzi və Hüseyn Naibov hazırda həbsdə olan “2 aprel”çilərin də bundan da ağır şəraitdə saxlandıqlarını, lakin mübarizə əzmlərinin qırılmadığını vurğuladı. Qeyd olundu ki, Ictimai Palatanın yaranması tarixi zərurətdən irəli gəlib. Belə ki, son parlament seçkisinə elə Imişlidəki hər iki – 79 və 80 saylı seçki dairəsi üzrə “AXCP-Müsavat” blokunun təmsilçilərinin, yaxud müstəqil namizədlərin seçkiyə buraxılmaması, səsvermənin nəticələrinin saxtalaşdırılması yerli əhalini dövlət orqanına öz nümayəndəsini seçmək imkanından məhrum edib. Son vaxtlar artan qiymətlər, bahalıq, aclıq və səfalət, vətəndaşların mülkiyyət hüququnun total şəkildə pozulması, sərbəst toplaşmaq, ifadə azadlığının məhdudlaşdırılması, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmaması ictimai narazılığı daha da artırıb. Təbii ki, belə şəraitdə hazırkı hakimiyyətin qurbanlarını, yaxud aparılan siyasətdən narazı insanları mobilizə etmək, onları kütləvi tədbirlər üçün hazırlamaqdan ötrü bütün siyasi qüvvələrin, azad, demokratik düşüncəli insanların bir araya gəlməsi, vahid cəbhə yaratması labüddür.
Ictimai Palatanın Imişli rayon şöbəsinin yaradılması üçün AXCP və Müsavat partiyalarının üzvlərindən ibarət formalaşdırılan təşəbbüs qrupunun məlumatında, müraciət edənlər arasında digər partiya üzvlərinin və bitərəflərin olduğu da qeyd edildi. Geniş müzakirədən sonra yığıncaq iştirakçıları yekdilliklə AXCP-dən Əli Qasımlı, Ələmdar Mustafayev, Rasim Bağırov, Müsavatdan Iltizam Əkbərli, Mehman Şirinov, Səxavət Quliyev, bitərəflərdən Mirzeynal Fəttah, Akif Cavadov olmaqla 8 nəfərdən ibarət Əlaqələndirmə Şurası yaradılmasına qərar verdi.

Azər Əli